Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir turizmin inkişafına önəmli töhfə verə bilər

212

Ənənələrin bərpa edilməsi vacib şərtdir

Mingəçevir şəhərinin yerləşdiyi coğrafi şərait, bu qədim və müasir yaşayış məkəninin tarixi özəllikləri, əhatəsinə daxil olduğu flora və fauna zənginliyi və ən əsası beynəlmiləlçilik prinsipinə söykənən mədəni dəyərləri onu turizm həvəskarları üçün ən cəlbedici ünvanlardan birinə çevirib. Mingəçevir şəhəri və ona bitişik coğrafi ərazidə fəaliyyətdə olmuş  çimərlik və quş ovu turizmi keçmiş sosialist ölkələri düşərgəsinə daxil olan məmləkət insanları üçün vaxtilə böyük maraqla qarşılanıb. Xüsusilə də əlverişli  iqlim şəraiti, Bozdağın  yamacları arasında 70 kilometr məsafəyə uzanan süni şirin su hövzəsi zəngin şəfalı qumlu sahilləri ilə dünyanın dörd bir yanından turistləri özünə cəlb edib.Təsadüfi deyil ki, bu günün özündə belə çoxsayda yaşlı əcnəbi Mingəçevir Turist bazasında vaxtilə  keçirdiyi günləri ən əziz xatirələri olaraq yada salır. Doğrudur turistlər 4-5 ulduzlu  göydələn otellərdə deyil, klassik turist nömrələrində gecələyirdi, amma  hər axşam onlar üçün düzənlənən  rəqs saatları və digər maraqlı əyləncələr burada keçirdikləri günləri turistlərin hafizəsində unudlmaz edirdi. Bu əyləncələrə qatılmaq üçün hətta Azərbaycanın uzaq bölgələrindən gənclər axışır, burada yeni tanışlıqlar əldə edir və əksər hallarda fərdi qaydada hər bir azərbaycanlı əcnəbi qonaqlara servis xidmətlərindən kənar yüksək qonaqpərvərlik nümayiş etdirərək Azərbaycan insanına başucalığı gətirən davranışlara müəlliflik edərdi.

Yeri düşmüşkən, onu da qeyd edim ki, turistlər təkcə Mingəçevir çimərlikləri ilə kifayətlənmirdi. Onlara Azərbaycanın daha yaxından tanıdılması üçün maralı turlar da təşkil olunurdu.Yəni şəhərə yaxın ərazilərdə yerləşən tarixi abidələr, arxeoloji qazıntı ünvanları ilə tanışlıq fürsəti tanınırdı, lazımi şərait yaradılırdı..Beləcə saysız hesabsız əcnəbi turist Mingəçevir- Zaqatala-Oğuz-Şəki-Qəbələ-Şuşa marşurutu üzrə hərəkət edərək,  həm mənalı istirahət edir,həm də Azərbaycan coğrafiyası,Azərbaycan tarixi və Azərbaycan mədəniyyəti ilə sıx təmas halında olurdu.

Digər diqqət çəkən məsələ onunla bağlı idi ki, Mingəçevirdə turizm hərəkatı yalnızca yay mövsümünü əhatə etmirdi. Bu yaşıl, abad və müasir şəhərdə qış turizmi də  turizm həvəskarları arasında rəğbətlə qarşılanırdı. Mingəçevir-Varvara su hövzəsi arasında yerləşən qamışlıq ərazi milyonlarla köçəri quş üçün qışlaq xarakeri daşıdığı  və miqrasiya ünvanlarından biri kimi qəbul edildiyi üçün quş ovu turizmi xeyli dəbdə idi. Eyni zamanda Kür çayında  su idman növlərinin inkişafı üçün mövcud olan iqlimi özəllik və texniki imkanlar dünyanın ən məhşur avarçəkmə yığmalarını  və bu idman növü həvəskarlarını payız-qış mövsümündə daimi olaraq təlim məşq toplanışlarına və  fəal istirahətə cəlb edirdi.

Arzuolunan inkişafdan danışmaq hələ çox tezdir

Doğrudur ölkə əhalisi üçün turizmin inkişafını prioritet vəzifə elan etmiş  prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanda ötən müddət ərzində böyük miqyaslı yenilikər gerçəkləşdirilib. Ardıcıl qəbul edilmiş regionların sosial-iqtisadi inkişafını nəzrdə tutan dövlət proqramlarına müvafiq olaraq  yeni yollar çəkilib, müasir binalar ,otellər,mədəniyyət sarayları,idman qurğuları inşa olunub,tarixi abidələr,məscid,kilsə,məbədlər cəlbedici elementlərlə bərpa olunub  və turizmin inkişafına təkan verə biləcək müasir infrastrukturlar yardılıb.Turizm sahəsində inkişafa yol açmaq iqtidarında olan mütəxəssis hazırlığı prosesi  diqqətə layiqdir.Azrbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci, turizm yönlü peşə məktəbi son illər ərzində turizm təsisatlarında  xidmət mədəniyyətini nəzərəçarpacaq dərəcədə yüksəltməyə imkan verib.Əlbəttə ki, gənc peşəkar mütəxəssislərin səyləri nəticəsində. Bunu  son illər ərzində ölkəni ziyarət edən çoxsayda əcnəbi turistlər özləri də səmimiyyətlə etiraf edir. Əlbəttə ki ,bütün sadalanan yeniliklər diqqətə layiqdir və ümumi uğurlara təkan verən amillərdir.Amma razılaşın ki, bunlar da yetərli deyil. Məsələn, Mingəçevirdə bir neçə müasir otel istifadəyə verilib.Əksəriyyət də belə hesab edir ki,artıq biz turizm şəhərinə çevrildiyimizi bəyan edə bilərik.Məgər bu şəhərə üz tutmaq niyyətində olan bir turisti yalnız gecələyə biləcəyi dəbdəbəli otelin mövcudluğu faktımı düşündürür ?  Beynəlxalq Turizm Təşkilatlarının rəsmi araşdırma və monitorinqlərinin nəticələrinə göz gəzdirsək bəlli olacaq ki, yeni dünya insanını dəbdəbə deyil ,sadə, rahat, maraq doğura biləcək ucuz turlar və yüksək xidmət mədəniyyəti daha çox maraqlandırır.Göz qamaqşdıran göydələn otellərin və digər xidmət obyektlərinin mövcudluğu da vacib məsələlərdəndir.Amma, bu ünvanlar konkret zümrələrə aid edildiyi üçün yalnız elitar təbəqənin imkanlarından yararlanmaq istəyən biriləri kütləvi turizm hərəkatının şahidi olmayacaq.Bu cür mənzərə isə nə yazıq ki, real müşahidələrimizlə üst-üstə düşür. Belə nəticə hasil olur  ki, turizmin hərəkətvrici qüvvəsi olan ictimai audutoriyanın  istək ,maraq və tələbləri yetərincə nəzərə alınmır. Bu mənada Mədəniyyət və Turizm Nazirliyi strukturuna daxil olan Turizm İnformasiya Mərkəzlərinin üzərinə böyük vəzifələr düşdüyü ,amma böyük gözləntilərə rəğmən hələ arzuolunan nəticərin əldə olunmadığı bəlli olur. Bir sözlə Azərbaycanın turizm potensialı yetərincə öyrənilib təşviq olunmur.Təsadüfi deyil ki,cənab nazir Əbülfəs Qarayev  özü də dəfələrlə adı çəkilən Mərkəzlərin qeyd olunan istiqamətdə yerinə yetirdiyi fəaliyyətin gücləndirilməsinin vacibliyini bəyan edib.

Turizm potensialımızdan söhbət düşmükən, Avropanın birinci idman oyunlarına təsadüf edən fərdi yaradıcı müşahidələrimi paylaşmaq istərdim. Məlum olduğu kimi Mingəçevir də ölkə paytaxtı ilə yanaşı Avropa oyunlarına ev sahibliyi edirdi. Xatirimdədir yarışları işıqlandıran Belarus və Portuqaliya televiziya əməkdaşları ilə söhbət zamanı şəhərimizlə bağlı düşüncələrini öyrənməyə çalışdım. “Biz yalnız  qaldığımız məkan ilə yarışların keçirildiyi idman mərkəzi arasında hərəkət edirik, haranı göstərirlər ki?”-dedilər. Əlimi Kür çayı boyu dağın zirvəsinə uzadıb heç bilirsiniz necə  gözəl çimərliyimiz var?- söylədiyim zaman onlardan çoxmu uzaqdadır?- sorusunu eşitdim.Əlbəttə ki, çox məyus  oldum. Çünki,dövlət olaraq belə bir mötəbər  beynəlxalq tədbirə ev sahibliyi etməkdə məqsədimiz həm də ölkəmizi əcnəbilərə daha cəlbedici şəkildə təqdim edib turizmin inkişafına dəstək vermək idi. Bəs  nə səbəbdən belə alına bilərdi ki, şəhərin əsas turizm özəlliklərindən biri təşviq olunmurdu.Çimərlikmi qaydaya salınmamışdı,ora aparan yollarmı hazır deyildi ,yoxsa digər səbəblər anlaya bilmədim…

Əslində nələrə malik olmalıyıq

Sadə dildə desək, gecələmə üçün azdan-çoxdan nümunəvi otellərə sahibik,amma qonaqların istirahət saatlarının şux axarda təmin edilməsi üçün turizm şəhəri kimi təqdim etdyimiz Mingəçevirdə hazırda nə əyləncə klubu var, nə diskoteka, nə bir attraksion ,nə də kirayə avtomobil mərkəzi. Kirayə məsələsinə toxunmuşkən, bir daha xatırladım ki, Mingəçevir su idman növləri üçün əlverişli imkanlara sahibdir.Düzdür Kür oteldə gecələyən  peşəkar idmançılar üçün  qayıq problemi yaranmır. Çünki, təlim məşq toplantısına hər bir komanda öz qayıqları ilə qoşulur. O zaman fərdi qaydada bu sahəyə maraq göstərən həvəskarlar bu cür qayıqları hardan əldə etməlidir, məlum deyil.

Kür çayında və Mingəçevir su anbarında gəmi və yüngül motorlu qayıqlarla gəzinti bu gün də hər kəsə xüsusi zövq yaşadır.Amma diqqət yetirsək görərik ki, əcnəbi turistin tələbinə və zövqünə uyğun hər hansı qayıq və gəmi Mingəçevir sularında yer almır.

İctimai nəqliyyatın xidmətləri barədə isə nikbin danışmağa ümumiyyətlə əsas yoxdur.Köhnə yararsız avtobusların üstünlük təşkil etdiyi bir şəraitdə, normal taksi avtomobillərinin və xidmətinin yox dərəcəsində olduğu bir şəhərdə əcnəbi turisti hansı nümunəvi nəqliyyat xidməti ilə təəccübləndirmək olar. Etiraf edək ki, Birinci Avropa Oyunları zamanı paytaxtdan müvəqqəti ezam olunmuş avtobus və taksilər qismən qeyd olunan boşluğu aradan qaldırmağa imkan verdi. Məgər  istəklərimiz yalnız bu beynəlxalq tədbirlə məhdudlaşacaqdımı?

İaşə xidmətindən söhbət açarkən adətən ləziz  milli təamlarımızla öyünürük.Bu bir  gerçəklikdir.Bununla belə etiraf etməliyik ki, bu gün heç də bütün iaşə xidməti obyektlərində müasir menyularla xidmətlər təklif olunmur.Lap əski zamanlarda olduğu kimi ofisyantı dəvət edir,  nələrin təklif edilə biləcəyini sorur, cavabında qarşımızda yer alan xidmətçı barmaqlarını qatlayaraq təamların adlarını sadalayır və  onları tərif edir. Qiymətlərdən isə yalnız sonda xəbər tuturuq. Məgər  təsadüfən oxşar kafelərdən birinə daxil ola biləcək əcnəbiyə bunun nə demək olduğunu anlatmaq mümkündürmü? Nazir Əbülfəs Qarayevin təbirincə desək ,biz o zaman  tam ideal nəticələrdən söhbət aça biləcəyik ki, ölkənin bütün xidmət strukturları fəaliyyətini müasir tələblər səviyyəsində qurmağa nail olacaq.

İaşə xidmətindən söhbət düşmüşkən, bir beynəlxalq təcrübəyə diqqət yetirmək yerinə düşər.Məsələn Böyük Britaniyada,xüsusilə də Şotlandiya ərazisində müştərilərin diqqətini çəkən kafelər mövcuddur. Bu kafelər belə demək mümkünsə ayrı-ayrı sahələr üzrə ixtisaslaşıb desək yanılmarıq. Biri sırf kinoulduzların təblığatını nəzərdə tutan ideoloji element və suvenirlərlə tərtib olunub, digəri  tanınmış idmançıların uğurları, bioqrafik məlumatları ilə. Bir başqaları da eləcə. Məqsəd zövqlərə uyğun xidmət aurası yaradıb müştəriləri cəlb etməkdir. Nəticə etibarilə bu cür yanaşma özünü doğruldur, o cümlədən əcnəbi qonaqların marağına tuş gəlir.Yəni bu cür ideaları düşünüb tətbiq etmək fikrimcə elə də qəliz məsələ deyil.

Mingəçevir coğrafiysına böyük turizm perspektivləri vəd edən  su anbarı sahillərində çimərlik turizminin inkişafı üçün təbiət belə demək mümkünsə heç nəyi əsirgəməyib.Təəssüf doğuran isə odur ki,hələ də bu sahillərdə  bu günədək normal turist,sanatoriya kompleksi inşa olunmayıb. Xatirimdədir  təxminən 5-6 il öncə Mingəçevirdə rəsmi səfərdə olan Türkiyəli iş adamları da nədən bu cür imkanlardan yararlanılmadığını təəssüflə diqqətimizə çatdırdılar.

Az öncə ov turizmi ənənələrindən danışdıq. İstər quş, istər heyvan ovu üçün bu şəhər və ətrafı əvəzedilməz məkandır. Xüsusilə də quş ovu turizmi zəngin təməllərə malikdir.Hətta, bir zamanlar Mingəçevir-Varvara su hövzəsi ərazisində ovçuluq təsərrüfatı mövcud olub.Təminatlı şəraitdə qunduz yetişdirilib, quşların qidalanması təmin edilib, ovçular üçün otaqlar inşa olunub. Həmin ov təsərrüfatında kifayət sayda əcnəbilər  günlərlə gecələyib, ov edib,zövq alıb. Hətta qamışlar Rumuniya, Bolqarıstan kimi ölkələrə mebel istehsalında istifadə olunması üçün  xammal kimi müqavilə əsasında ixrac olunub.Ovculuq sahəsində yetişdirilən  meyvə ağaclarından ,təsərrüfatda istifadə olunan  süpürgə kollarından külli miqdarda gəlir əldə edilib.Həmin kollar Mingəçevirlə yanaşı  daha bir neçə rayonun təsərrüfat ehtiyaclarını qarşılayıb.Təəssüf ki, məlum olmayan səbəblərdən ovçuluq təsərrüfatı dağıdılıb,quşların yemlənməsi və qunduzların yetişdirilməsi prosesi dayandırılıb. Ov turizminin inkişafı üçün  hazırlanmış  bərpa layihələri isə bu günədək lazımı dəstək qazanmayıb.

Mingəçevir qədimliyi və müasirliyi ilə seçilən ünvandır

Ötən əsrin 50-ci illərində görkəmli arxeoloqların rəhbərliyi ilə müasir Mingəçevir şəhəri ərazisində aparılmış  arxeoloji qazıntılar Qafqaz regionunun ən əski tarixinə dair çox qiymətli tarixi nümunələri gün üzünə çıxarmağa imkan verdi.Onlar ölkə paytaxtında və Mingəçevir Tarix Muzeyində dəyərli nümunələr olaraq sərgilənməkdədir.Bu araşdırmalar şəhərin qədim yaşayış məskəni olduğunu bir daha təsdiq etdi.Ən azından qazıntı nöqtələrindən boş qalmış sahələrə xüsusi məlumat löhvələrinin qurulması maraqlı turizm hədəflərinə yol aça bilər.Hətta, məhşur səyahətçi Evliya Çələbinin ”Səyatnəmə” əsərində qeyd etdiyi Səfirlər körpüsü – bərə keçidinin bəzi qalıqları günümüzədək özünü qorumaqdadır.

Şəhərin bir başqa diqqət çəkən üstünlüyü  müasir dönəmi ilə bağlıdır.Məlum olduğu kimi Mingəçevir Su Elektrik Stansiyasının tikintisinə !945-!950 –ci illərdə on mindən artıq alman ordusndan tərkisilah edilmiş əsir cəlb olunub.Onlar həyatı, zəhmətı və peşəkarlığı ilə Mingəçevirin müasir tarixində dərin iz buraxıb. Əsirlərin vaxtılə  yerləşdirildiyi islah əsir  düşərgələrinin cəlbedici məlumat  lövhələri ilə təmin edilməsi heç şübhəsiz əcnəbi turistlərin maraq dairəsinə tuş gələ bilər.Elə  burada yer alan alman qardaşlıq qəbristanlığı da eləcə.Dəfələrcə bu qəbirstanlıq avropalı qonaqların ziyarət ünvanına çevrilib.

Hələ bu sadalanan üstünlükləri də Mingəçevirdə turizm potensialını bütün çılpaqlığı ilə nümayiş etdirmir.Yararlanılması mümkün ola biləcək  yetərincə nədənlər var.Yetər ki ,bu şəhəri daha yaxından tanıdıb turistlərə sevdirmək və Mingəçevirdə turizmin arzuolunan inkişafına nail olmaq üçün məqsədlərimizdən iki əlli yapışaq.Xüsusilə də turizm sahəsinin inkişafında maraqlı olan sahibkarlara müxtəlif güzəştli şərtlərlə dəstək nümayiş etdirilməlidir.

Ehtiram MURADLI

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur

Şərhlər bağlıdır.