Elm və təhsilMDU

Mingəçevir Dövlət Universitetində bir ilkə imza atıldı

13 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ilk dəfə olaraq yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçirilib.

Dünyanın əksər universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitetlə tanış etməkdən və onlara tədris prosesi barədə ətraflı məlumat verməkdən ibarətdir.   

MDU-nun bütün tədris binalarında təşkil olunan “Oriyentasiya günü”ndə dekanlıqlar, gənc müəllimlər, tyutorlar, tələbə təşkilatlarının fəal üzvləri və könüllü tələbələr yaxından iştirak etdilər. Yeni qəbul olunan tələbələr yuxarı kurs tələbələrinin müşayətilə universitetin tədris infrastrukturu, tələbə təşkilatları, kitabxana resursları və idman qurğuları barədə geniş məlumat əldə etdilər.

Universitetin auditoriyaları, müvafiq struktur bölmələri, informasiya-kommunikasiya mərkəzi, karyera mərkəzi, idman kompleksi və akt zalları ilə tanışlıq tələbə adını yeni qazanmış gənclərin məmnunluğuna səbəb oldu. Tədbir çərçivəsində birinci kurs tələbələrinə MDU-nun əməkdaşlıq etdiyi yerli və xarici universitetlər, xaricdə təhsil imkanları, startap fəaliyyəti, layihələr, könüllülük və digər məsələlər barədə əyani şəkildə məlumat çatdırıldı.

MDU-da ilk dəfə təşkil olunan “Oriyentasiya günü” yalnız yeni qəbul olunan tələbələrdə deyil, eyni zamanda yuxarı kurs tələbələri və universitet əməkdaşlarında da xoş təəssüratlar yaratdı.

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası yaxından iştirak edib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close