Mingəçevir Turizm Kollecinin rəngarəng həyatı
Beynəlxalq Qadınlar Günü MTK-da
8 Mart münasibətilə düzənlənən tədbirdə Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov qadın əməkdaşların kollecin tədris prosesində və ictimai həyatında fəal rol oynadıqlarını, naliyyətlərə böyük tohvə verdiklərini nəzərə çatdırıb. Zərif cinsin nümayəndələrini təbrik edən professor təbrik rəmzi olaraq xanımlara tər çiçək dəstələri təqdim edib, büdcədənkənar vəsait hesabına onların mükafatlandırılacağını elan edib. Həmkarlar Təşkilatının sədri, dosent İbrahim Əyubov, tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, şöbə müdirləri Əşrəf Əsgərov və Şıxməmməd Məmmədov da təbriklərə qoşularaq, səmimi və xoş arzularını çatdırıblar. Kollecin məsul əməkdaşları Xanım Məmmədova və Sevda Kərimova diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Mülki Müdafiə Günündə
Mingəçevir Turizm Kollecində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib. Video-çarxın nümayişindən sonra kollecin Mülki Müdafiə Qərargahının rəisi Ağa Alıyev “Mülki müdafiənin rolu, əhalinin xəbərdarlığı, rabitə və xəbərdarlıq” mövzusunda məruzə ilə çıxış edib. Tələbə Poliklinikasının həkimi Əminə Əhmədova mülki müdafiədə tibbi xidmətlər, “Qızıl Aypara” Cəmiyyətinin gənclər üzrə təlimatçısı Könül Ahəngarı Qızıl Aypara Cəmiyyətinin Mülki müdafiədə rolu mövzusunda çıxış ediblər. Kollecin bədii fəaliyyət və kütləvi tədbirlər üzrə məsləhətçisi Əşrəf Əsgərov, təlim-tərbiyə işləri üzrə direktor müavini Şahzadə Şükürova, təsviri sənət fənn komissiyasının sədri Sevda Kərimova və TMT-20 qrupun tələbəsi Hacımurad Bicilov da fikirlərini bildiriblər.
Kollecdə Xocalı soyqırımı unudulmur
Kollecdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. Şöbələrin və tələbə-gənclər təşkilatının, müəllim və tələbələrin iştirakı ilə debatlar, disıkussiyalar təşkil olunub, hadisənin canlı şahidləri ilə görüşlər keçirilib, kitab və rəsm sərgiləri düzənlənib, nümunəvi açıq dərslərdə Xocalı faciəsindən bəhs edən müzakirələr aparılıb. Kollecin əsas tədris korpusunda təşkil olunmuş stend və guşələrdə ayrı-ayrı qruplar tərəfindən tərtib olunmuş divar qəzetləri və plakatlar nümayiş etdirilib. Tələbələr arasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş inşa yazı, rəsm və əl işləri müsabiqələri də öz aktuallığı ilə diqqət mərkəzində olub. 25 fevral 2016-cı il tarixdə keçirilmiş dərslərin ilk saatları bütünlüklə Xocalı faciəsinə həsr edilib.
İ 25 qrupunda isə rus dili fənnindən “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım” mövzusunda açıq dərs keçirilib. Dərsdə erməni vandallarının torpaqlarımızın işğalı zamanı dinc əhaliyə qarşı törətdiyi qanlı qırğınlardan bəhs edilib. Açıq dərsi aparan rus dili müəllimi Jalə Məmmədova tələbələrə geniş məlumat verərək bildirib ki, erməni millətçiləri xalqımıza qarşı müntəzəm etnik təmizləmə və soyqırım siyasəti aparıblar. Soyqırıma hüquqi-siyasi qiymət verilməsi ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkün olub.Son zamanlar ölkəmizdə dövlət səviyyəsində Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması nəticəsində bir sıra ölkələrin parlamentində Xocalı soyqırım tanınıb. Açıq dərs zamanı Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə tələbələrə tarixi faktlarla da geniş məlumat verilib, “Xocalı soyqırımı” ilə baglı videoçarx nümayiş etdirilib. Tələbələr müzakirələrə qoşularaq mövzu barədə düşüncələrini bölüşüblər. Açıq dərsdə kollecin fransız dili müəllimi Günay İbrahimova və mədəniyyət və incəsənət müəllimi Sevda Kərimova iştirak ediblər.
Kollecdə pedaqoq və tələbələrin iştirakı ilə “Xocalı soyqırımı bəşər tarixində ən qanlı cinayətdir” mövzusunda elmi-nəzəri konfrans da keçirilib. Konfransda faciə ərəfəsində Qarabağ bölgəsində mövcud olmuş hərbi-siyasi vəziyyət qısaca təhlil olunub, Xocalı şəhərində ermənilər tərəfindən himayədarlarının köməyi ilə Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətin bəşəriyyət tarixində ən dəhşətli faciələrdən biri olduğu qeyd edilib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında pedaqoq və tələbələrin önəmli roluna diqqət yetirilib.
“Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir”
Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda keçirilən elmi-nəzəri konfransda açılış nitqi ilə iştirakçıları salamlayan iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov kollektivdə hökm sürən tolerant və multikultural münasibətlərin diqqət çəkən məqamlarından söhbət açıb. O, pedaqoq və tələbələr arasında çoxsayda etnik mənsubiyyətə, mədəni təfəkkür tərzinə və inanca sahib olan insanın yer alığını xatırladıb: “Biz 10 ildir ki, bu müxtəliflikdən xüsusi zövq alır, olanlarımız haqqında məlumatlarımızı paylaşır, biri-birimizi həvəslə tədqiq etməyə meyllənir, fərqli etnik danışıq tərzimizə, dini inanclarımıza və mədəni mirasımıza məhəbbət ruhunda köklənirik. Bütün bunları isə Azərbaycançılıq məfkurəsinə səmimi qəlbdən bağlılığımız sayəsində əsl gerçəkliyə çevirmək mümkün olur. O məfkurə ki, onun memarı həm də müasir dövlətçilik ənənələrini bizlərə bəxş etmiş bir tarixi şəxsiyyət – Ulu Öndər Heydər Əliyevdir. Böyük öndər tərəfindən başlanmış multikultural ənənələrin möhkəmlənməsinə xidmət edən geniş miqyaslı tədbirlər bu gün prezident İlham Əliyev tərəfindən məntiqi ardıcıllıqla davam etdirilir”.
Əyyub Əyyubov əsaslı şəkildə bərpa edilən və yeni inşa olunan məscid, məbəd, kilsə, sinaqoq və mədəniyyət mərkəzlərinin adlarını açıqlayaraq, bu kimi addımların dövlətin tolerant imicinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
Multikultural ənənələrin Azərbaycanda təşəkkül və inkişaf mərhələsini əks etdirən video çarxa baxışdan sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Multikulturalizm Azərbaycanda əsas həyat tərzidir” mövzusunda geniş və məzmunlu məruzə etdi. Sahib Əliyev multikulturalizmin Azərbaycan örnəyinin dünya ictimaiyyəti arasında geniş rezonans doğurduğunu və milli modelimizə olan marağın xeyli artdığını iştirakçıların diqqətinə çatdırıb. Məruzəçi ümumi uğurlarımıza kölgə salmaq niyyətində olanların da mövcudluğunu diqqətdə saxlamağın vacibliyindən danışıb. O, müxtəlif qanundan kənar yollarla aldadılıb digər ölkələrə gedən və münaqişələrə cəlb olunan soydaşlarımıza yönəlik ciddi hüquqi tədbirlər görüldüyünü xatırladaraq bu prosesdə ictimai fəallığın artırılmasının da mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Ardınca konfransda digər məruzələr də dinlənilib. İqtisad elmləri namizədi, dossent İbrahim Əyyubov, pedaqoqlar Sevda Kərimova, Zahidə Dursunova,Tünzalə Nuriyeva,Tural Kərimov, İradə Cəfərova, Cehun Abdullayev, Nazan İdrisova, Elşad Səmədov, Çingiz Nəbiyev və İqbal Xudiyev multikulturalizm və mənəvi özünüdərk, tolerantlıq, multikulturalizm siyasəti və vətəndaş cəmiyyəti, multikulturalizm və vətənpərvərlik, multikulturalizm və plüralizm, mədəni siyasət strategıyasında multikulturalizm ideyalarının dinamikası, Qafqazda multikulturalizm və Azərbaycan modeli, müasir dövrdə multikulturalizm anlayışında dəyərlərin transformasiyası, multikulturalizm şəraitində dinlərarası dialoq və digər mövzularda danışıblar.
Şərhlər bağlıdır.