Bir neçə nəsli yola verəcək miras
Qızbəs xala dünyasını dəyişənə qədər
Bayram Xəlilovun ailəsi belə çətin duruma düşəcəyini ağlına da gətirmirdi. Onlar vaxtilə valideynlərinin əldə etdiyi beşotaqlı mənzilə sahib olduqlarını da düşünürdülər. Bayram Xəlilovun dediyinə görə, zavodda fəhlə işləmiş atasına bu mənzili növbəlilik qaydasında verilib: “Biz 4 qardaş və bir bacı idik. Valideynlərimizlə böyüyənə qədər birgə yaşadıq. Sonra bacımı Gülövşə kəndinə ərə verdik. İki qardaşım Rusiyaya getdi və uzun illərdir ki, orada yaşayır. Mingəçevirdə mənimlə birgə böyük qardaşım Məftun qaldı. O, Qarabağ əlili idi. Müharibədən sonra şəhərin Əliağa Vahid küçəsində aldığı iki otaqlı mənzildə həyat yoldaşı və 3 oğlu ilə yaşayırdı. Qeydiyyatda da həmin mənzildə idi. Mən isə evlənəndən sonra da valideynlərimlə birgə yaşayırdım. 1997-ci ildə atam vəfat etdi, bir müddət sonra mənzili anamın adına xüsusiləşdirdik. Fikirləşirdim ki, bu illər ərzində xəstə valideynlərimin qulluğunda daha çox mən və ailəm dayandığı üçün bu mənzildə axıradək qalmağa haqqım var”.
Bayramın həyat yoldaşı Rəbiyyə xanım isə deyir ki, 16 ildir bu evin gəlinidir: “Gəlin gələndən bu mənzildə yaşayıram. Son illər qayınanam tez-tez xəstələnirdi. Qonşumuz Elmira xala ona hər dəfə deyirdi ki, ay Qızbəs, evi ya sat, uşaqlarının payını ver, ya da oğlun Bayrama bağışla, hərə öz işinı bilsin. Rəhmətlik də deyirdi ki, iki otaq Bayramın, ikisi Şəmsinin (Rusiyada yaşayan kiçik qaynımdır), biri isə mənimdir. Bura ata yurdudur. Qonaqlı-qaralı evdir. Mən öləndən sonra özləri ayırarlar”.
Aldığımız məlumata görə, haqqında söhbət gedən mənzil 27 aprel 2000-ci ildə Mingəçevir Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin vəsiqəsi ilə Xəlilova Qızbəs Hüseyn qızının adına qeydiyyata alınıb. 15 fevral 2013-cü ildə Qızbəs Xəlilova vəfat edib. O, sağ ikən 5 övladından heç birinin adına nə mülkünü etibar edib, nə də vəsiyyətnamə qoyub.
Böyük qardaşın xeyrinə miraslarından imtina etsələr də…
Qızbəs xalanın ölümündən sonra böyük oğlu Məftun Xəlilov 15 aprel 2013-cü ildə Mingəçevir şəhərinin xüsusi notariusu Nidayət Rzayevə ünvanladığı ərizədə anasından qalmış mirası qəbul etdiyini qeyd edib. Qanuni vərəsələrdən Rusiya Federasiyasının Perm vilayətinin Solekamsk və Yekatirinburq şəhərlərində yaşayan Xəlilov Şəmsi Mürsəl oğlu və Xəlilov Ənvər Mürsəl oğlu və Yevlax rayonunun Gülövşə kəndində yaşayan Xəlilova Hökumə Mürsəl qızı notariat kontoruna ərizə ilə müraciət edərək, miras paylarından Məftunun xeyrinə imtina ediblər. Amma Bayram onlarla razılaşmayıb. Bundan sonra böyük qardaş kiçik qardaşı məhkəməyə verib.
11 dekabr 2013-cü ildə Mingəçevir şəhər Məhkəməsində hakim Hüseyn Mirzəyevin sədrliyi ilə məhkəmə iclası keçirilib. İddiaçı Məftun Xəlilov anasından miras qalmış mənzilin 4/5 hissəsinə özünün, 1/5 hissəsinə qardaşının mülkiyyət payının müəyyən edilməsini və həmin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş edib. Cavabdeh və Notariat Kontorunun notariusu məhkəmə iclasına gəlməsələr də Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə baxılıb və iddia təmin edilib. Lakin nə Məftunun sağlığında, nə də ölümündən sonra qərarın icrası mümkün olmayıb. Tərəflər bir mənzilin içərisində paylarına düşən hissəni nə könüllü şəkildə, nə də məhkəmə icraçılarını köməyi ilə bölə bilməyiblər.
İndi Məftunun vərəsələri iddia qaldırıblar
7 yanvar 2014-cü ildə Məftun Xəlilov vəfat edib. MM-nin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra döğulmuş uşaqları ola bilər. Məcəllənin 1159.1 maddəsinə görə, ölənin uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılırlar. Bu uşaqların miras tələbini iddiaçı qismində atalarının ölümündən sonra anaları həyata keçirib. Zərif xanım mənzilin açıq hərracda satılması tələbi ilə Mingəçevir Məhkəməsinə müraciət edib. Lakin 27 may 2015-ci ildə keçirilən məhkəmə iclasında onun bu tələbi rədd olunub. Mingəçevir Məhkəməsinin hakimi Hüseyn Mirzəliyev bu tələbi başqa məzmunlu iddia hesab edib. Məhkəmənin Qətnaməsində yazılır: “MPM-nin Komentariyasında, 53-cü maddənin şərhində məlum olur ki, iddiaçı eyni zamanda iddianın həm əsasını, həm də predmetini dəyişə bilməz”.
Hüquq müdafiəçisi İnqilab Həsənovun dediyinə görə, AR Mülki Məcəlləsinin 220.3 maddəsinin tələbinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumən əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçiləri öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər: “Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir”.
Vəkil MM-nin 220.4-cü maddasində irəli gələn müddəanı da xatırlatdı: “Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin burada pul ayrılması əvəzinə mülkiyyətçisinə naturada pul ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər”.
Mingəçevir Məhkəməsinin qərarında deyilir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında bölüşdürülməsi qanunun 220.3 və 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiqindən sonra mümkündür.
Mübahisəli mənzildə son illərdə kimlər yaşayıb?
MVA İB-nın vitse prezidenti Əbülfət Babayevin fikrincə, mübahisəli mənzilin açıq hərraca çıxarılmaması ilə bağlı məhkəmənin qərarı ədalətlidir: “İş materiallarından da görünür ki, Bayram doğuldüğü gündən bu mənzildə yaşayır. Uşaqlığı, gəncliyi bu mənzildə keçib. Ata-anasının yasını da burda verib. Burda onun arzuları, xəyalları gerçəkləşib. Bugün onun yaşadıqlarının üstündən xətt çəkərək, tam fərqli məkanda yenidən yuva qurmasına çalışmaq ona zərbə vurmaq deməkdir”.
Ə.Babayev deyir ki, məhkəmə mənzilin açıq hərrac yoluyla satılmasını əngəlləsə də İcra məmurları Bayramdan mənzili boşaltmağı tələb edirlər: “Bu halda Bayram həyat yoldaşı və 10 yaşlı qızıyla kimin bucağına sığınmalı, kimdən imdad diləməlidir? Gözətçi əmək haqqısıyla kirayə verməli, ya ailə dolandırmalıdır? Bəlkə evində yaşayaraq digər paylı mülkiyyətçilərə ayda müəyyən məbləği ödəməklə vəziyyətdən qurtula bilər. Ən azından mərhum qardaşının 2 otaqlı mənzili var və onlar evsizlik problemi yaşamırlar. Baxmayaraq ki, qanun Məftunun ailəsini müdafiə edir, əslində isə uzun illər boyu xəstə valideynlərinin qayğısını çəkən, onların müalicəsinə pulunu xərcləyən oğulun mirasa sahib olmağa daha çox mənəvi haqqı çatır. Bu həm də bizim bir çox valideynlərimizin savadsızlığı üzündəndir ki, onlar özlərindən sonra övladlarına həlli mümkün olmayan problemləri qoyub gedirlər”.
Bayram Xəlilov deyir ki, həmin mənzildə anası və o qeydiyyatda olub. Mənzil İstismar Sahəsindən isə mərhum qardaşının həyat yoldaşı Zərif Xəlilovanın adına saxta arayış verilib: “Ə.Vahid küçəsi 2, mənzil 13-də qeydiyyatda olan və orda yaşayan Xəlilova Zərif Konsur qızı və onun övladları Anar, Qoşqar, Hüseyn və mən həmin arayışa görə bu mübahisəli mənzildə qeydiyyatdayıq. Hətta mənzilin Zərifə məxsus olduğu da göstərilib. Baxmayaraq ki, faktiki olaraq mənzildə onların nə qeydiyyatı, nə də faktiki yaşayışı olub. Bunu qonşularımız da təsdiq edə bilər. Əgər bu Zərifin mənzilidirsə, niyə gəlib burda yaşamır? Kommunal xidmətlərə görə qəbzlər hələ də rəhmətlik atamın və anamın adına gəlir, mən aparıb ödəyirəm”.
Bayramın dediyinə görə, Notariat Kontorunun rəisi Nidayət Rzayevin tələbindən sonra MİS-dən yeni arayış gətirilib. Bu arayışda isə mərhum Qizbəs xalanın övladlarının adı göstərilib.
Vərəsəlik hüququyla bağlı hansı problemlər var?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Çingiz Məmmədovun dediyinə görə, vərəsəlik hüququ sahəsində problemlər çoxdur. Bunlardan ən çətini miras əmlakının müəyyənləşdirilməsidir: “Birincisi, mirasın qəbul edilmə vaxt ilə bağlıdır. Vətəndaşların bu barədə məlumatı çox azdır. Məsələn, övladlardan 2-si valideynlə, digər 2-si isə başqa şəhərdə yaşayır. 3-4 ildən sonra mənzili kiminsə adına rəsmiləşdirmək zamanı övladların hamisi pay istəyir. Bu zaman isə məlum olur ki, mirasın qəbul olunması üçün tələb olunan müddət ötüb. Nəticədə uzun-uzadı məhkəmə çəkişmələri başlanır”.
Ç.Məmmədovun dediyinə görə, mirası qoyanın qanun üzrə vərəsələri arasında əmlakın miqdarı üstündə mübahisələr həmişə olub: “Məsələn, vərəsələrdən hansısa valideynlə yaşadığı üçün digərlərinə nisbətən mirasın çox hissəsini istəyir. Qanun isə onların arasında digər hallar yoxdursa heç bir fərq qoymur. Qanuna görə, ər ölürsə, mirasın yarısı həyat yoldaşına çatır, qalan yarısı isə birinci növ vərəsələr arasında bölünür. Problem bundadır ki, bina evləri ailədə bir nəfərin, adətən atanın adına xüsusiləşdirilir. Sovetlər zamanında insanlara sadəcə yaşamaq üçün verilmiş mənzillər sonradan dövlət tərəfindən onlara şəxsi əmlak kimi bağışlandı. Xüsusiləşmə haqqında Qanunda göstərilir ki, həmin mənzildə yaşayan və istifadə hüququ olan hər bir şəxs mənzilin kiminsə adına xüsusiləşməsinə razılıq verməlidir. Halbuki xüsusiləşmə zamanı bütün mülkiyyətçilərin payı ayrılıqda göstərilsə, qalmaqallı miras davaları da azalır. Yəni qanun paylı mülkiyyət hüququnu da tanıyır”.
Vəkilin dediyinə görə, bir çox valideynlər məcburi pay anlayışından xəbərsizdirlər: “Valideyn notariusa gedərək əmlakını bir övladına vəsiyyət edir. Elə bilir ki, bununla digər övladlarını miras payından məhrum edir. Amma bilmir ki, vəsiyyətnamə olacağı halda mirasın yarısı həmin şəxsə, yarısı isə birinci dərəcəli vərəsələrə çatacaq”.
Ç.Məmmədov ləyaqətsiz vərəsəliyin sübut olunmasının çətinliyindən də danışdı: “2000-ci il sentyabrin 1-nə qədər olan məcəllədə ləyaqətsiz vərəsə anlayışı yox idi. Yeni məcəllədə bu anlayış var. Hansı halda ləyaqətsiz vərəsələr nəzərdə tutulur? MM-nin 1142, 1143, 1144-cü maddələri bu münasibətləri tənzimləyir. Ləyaqətsiz vərəsə miras qoyanın son iradəsinə qəsdən maneə törədən və bununla özünün və özünə yaxın adamların miras paylarını çoxaldan, qanuna zidd hərəkətlər edən və məhkəmə qaydasında sübut olunan şəxslərə aiddir. Əgər şəxs miras açıldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldığı bəhrə və gəlirləri qaytarmağa borcludur. Qanunvericiliyin bu müddəası mücərədlik yaradır. Əslində bunu sübut etmək o qədər də asan deyil”.
Bayram ümid edir ki, qardaşları ilə arasındakı soyuqluq aradan qalxacaq. Onlar dünyasını dəyişən ata-anasının, bacı-qardaşının ruhu gəzən bu mənzildə uşaqlıqda olduğu kimi yenə də qaynayıb-qarışacaqlar.
Şərhlər bağlıdır.