Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kolleci: 10 ilin təntənəsi

Mayın 19-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Mingəçevir Turizm Kollecinə gəlib. O, tədris ocağının maddi-texniki bazası  ilə tanış olub və tədris-təlim prosesi ilə maraqlanıb.

Turizm Kollecinin şöbə müdiri Aynurə Abbasova Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına diqqəti və bunun fonunda da turizm sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Ulu öndərin abidəsi önünə tər çıçəklər qoyduqdan  sonra qonaqlar Turizm Kollecinin tələbələrinin Mingəçevir Dövlət Dram Teatrında sərgilənən əl işlərinə baxıb, həmin məkanda da yubiley mərasimində iştirak ediblər.

Tədbiri açan Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov Ermənistanın növbəti təxribatına əsk zərbə vuran,  düşmənləri vahiməyə salan , şəhidlərimizin qisasını alan qüdrətli ordumuza  və ali baş komandana təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət, yaralanan döyüşçülərimizə şəfa diləyib.

Ə.Əyyubov idarə etdiyi təhsil ocağının yaranma zərurətindən danışıb. Onun dediyinə görə, 10 il əvvəl turizm sahəsi üçün fayda verə və mütəxəssis hazirlaya biləcək iki təhsil müəssisəsi-Azərbaycan Turizm və Menecment Universiteti və Mingəçevir Turizm Kolleci yaradılıb. Bu illər ərzində həmin tədris müəssisəsinin hazırladığı ixtisaslı kadrlar turizm sahəsinə öz töhfələrini verirlər. Hazırda kollecdə 6 şöbə, 11 fənn komissiyası, 168 nəfər pedaqoji-müəllim heyəti fəaliyyət göstərir. 13 ixtisas üzrə 1986 tələbənin təhsil aldığı Mingəçevir Turizm Kolleci tərəfindən davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir, kollecin müəllim və tələbələri beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər. Ötən 10 il ərzində kollecin 5 mindən çox məzunu olub ki, onlar da hazırda turizm sahəsində uğurla çalışırlar: “Bu mərhələdə biz onu da öyrəndik ki, təhsil müəssisələri işəgötürənlə vahid bu prosesi həyata keçirir. Bunların qarşılıqlı əməkdaşlığı yaxşı mütəxəssis yetişdirmək baxımından çox faydalıdır. Biz beynəlxalq təcrübədən də faydalanmağa çalışdıq,   Britaniya Şurasının sifarişi, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə “İşəgötürənlərlə təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı” adlı tövsiyyələr kitabı hazırladıq.  Kitabın təqdimatı Bakıda oldu. Bunun nəticəsi kimi bizim tələbələrimiz “River Side”, “Kur”, “Ağsaray” otellərində, Oğuz, Qəbələ, Şəki, Zaqatala, Bakı, Gəncə, Goranboy, Naftalan şəhərlərindəki otellərdə təcrübə keçirlər. Düşünürük ki, Azərbaycan iqtisadiyyatına bizim köməyimiz bu istiqamətdə ola bilər”.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxışında  xatırladıb ki, bir neçə il əvvəl Mingəçevirin Tarix Muzeyi və Dram Teatrının binaları çox da ürək açan vəziyyətdə deyildi: “Bu gün hər bir şəhərdə, rayonda həyat səviyyəsi yaxşılaşmağa doğru gedir. Artıq Mingəçevirdə güclü, qüdrətli və qabaqcıl teatrlardan biri olan Mingəçevir Dövlət Dram Teatrı fəaliyyət göstərir.  Bütün regionda barmaqla sayıla biləcək muzeylərin ən yaxşısı Mingəçevirdədir”.

Əbülfəs Qarayev ölkəmizdə turizmin inkişafına Mingəçevir Turizm Kollecinin ixtisaslı kadrlar yetişdirməklə böyük tövhə verdiyini qeyd edib. Mingəçevir Turizm Kollecinin dünyanın 10-dan çox ölkəsinin turizm üzrə ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, beynəlxalq təhsil proqramlarından bəhrələndiyini deyən nazir kollecin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirib və təhsil ocağının müəllim və tələbələrini yubiley münasibətilə təbrik edib: “Bəlkə də 15 il bundan öncə dünya turizm xəritəsində Azərbaycan kimi ölkənin adı yox idi. Heç kim də düşünə bilməzdi ki, nə vaxtsa Azərbaycanın turizm sənayesi regionun aparıcı qüvvələrinin birinə çevriləcək, ölkəmiz təbiəti, qonaqpərvərliyi, xidmətiylə qapılarını xarici qonaqların üzünə açacaq.  Bugün rəqəmlər göstərir ki, MDB ölkələri arasında rəqabətə davamlı olan turizm sahəsi Azərbaycanda artıq mövcuddur. Gələn turistlər təkrar gəlməklə bərabər öz tanış-bilişlərini də bura gətirirlər. Bu tendensiyanı inkişaf etdirmək üçün beynəlxalq təcrübəyə yiyələnməli və bundan istifadə etməliyik. Keçən 10 il müddətində balaca bir kollecin keçdiyi yola nəzər salaraq, onu deyə bilərəm ki, bu kollec tək Azərbaycanda deyil, dünyanın 10 ölkəsində real fəaliyyət göstərən və turizm sahəsində çalışan təhsil ocağı kimi tanınmaqdadı. Çünki bu beynəlxalq mübadilə İngiltərə, Şotlandiyadan tutmuş Almaniya, Qazaxstana, Rumıniya və digər ölkələrə şamil olunur ”.

Kolleci gəzərkən sevindirici bir faktla rastlaşdığını deyən nazir onun texniki təchizatının müasir texnologiyalara əsaslanmasını burada yüksək maddi-texniki bazanın mövcudluğunu vurğulayıb: “Əsas məsələ odur ki, bugün biz tərəqqidən geri qalmırıq. Tərəqqi özü bizə diqtə edir ki, müasir texnologiyaya yiyələnək. Təhsil sistemini müasir və beynəlxalq tərzdə quran tədris ocağı istər-istəməz uğura qədəm qoyur. Kollecin 5 min məzununun 2 minindən çoxu turizm sənayesində çalışır. Bizim sənayedə çalışan 50 mindən artıq işçilərin 15 mini turizm sahəsindədir. Dünyada turizm sənayesi əmək qüvvəsinin 30 faizini təşkil edir”.  Nazirin fikrincə, turizm yalnız mehmanxana və  müzeydən ibarət deyil,  yüksək səviyyəli kənd təsərrüfatı, qida hazırlanması, nəqliyyat sistemi, aviasiya şirkətləri, bələdçilər, gömrükçülər, sərhədçilər və başqa sahələrin qonaqlara göstərdiyi xidmət və onların təəssüratlarından asılıdır: “Regionun ümumi inkişafı baxımından Mingəçevir və bu bölgə turizm ekoloji, məcara, səyahət, mədəni, mədəni-tarixi irs baxımından çox güclü potensiala malikdir. Düşünürəm ki, biz yaxın vaxtlarda Mingəçevir şəhərinin turizm imkanlarını araşdıraraq, perspektiv planları müəyyən edən bir qrupu müəyyənləşdirməliyik. Gələn mövsümə qədər turizmin inkişaf konsepsiyasını artıq şəhər səviyyəsində qəbul etməliyik.

Bugün Azərbaycanda turizm sənayesi üçün kadrları hazırlayan müəssisələrin şəbəkəsi kifayət qədər böyükdür. Bunların məqsədi və niyyəti mədəniyyətlə turizmin birləşməsi, bu xidmətlərin bir-birini tamamlaması, yardım etməsi, bununla da dünya miqyasında Azərbaycanın qonaqpərvərlik sisteminin təkmilləşdirilməsinə nail olmaqdır”.

Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Samux küçəsinin abadlaşdırılması, asfaltlanması və işıqlandırılması nəticəsində kollecdə təhsil alan tələbələrin rahat hərəkətinə şərait yaradıldığını deyib. O, Mingəçevirin turizm şəhərinə çevrilməsi üçün Prezident İlham Əliyevin sözlərini yada salıb: “Mingəçeviri turizm məkanına çevirmək üçün yaxşı imkanlar var və bu istiqamətdə müəyyən addımlar atılacaqdır”.

Başçı diqqətə çatdırıb ki, son illərdə şəhərdə gözəl otellər tikilib, park və xayabanlar müasir səviyyədə qurulub: “İlk Avropa oyunlarının avarçəkmə üzrə yarışları bizim şəhərdə keçirildi. Bu göstərdi ki, bizdə potensial imkanlar var və biz bu imkanları birlikdə genişləndirməliyik”.

Kollektivə nailiyyətlət arzulayan Niyazi Bayramov 10 illdə Turizm Kollecini bitirən gənclərin ixtisaslı kadrlar kimi şəhər həyatında fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov deyib ki, turizm olduqca gəlirli sahədir: “Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə səyahət və turizm rəqabətliyi hesabatlarında Azərbaycan insan resursları, əmək bazarı, təhlükəsizlik və əminamanlıq göstəricilərinə görə 141 ölkə arasında 36-cı, biznes mühitinə görə 65-ci yerdə durub. Turizm şirkətlərinin sayı artır, Azərbaycanın 35 mindən artıq yerləşdirmə obyektləri var. Bizim universitetlə Mingəçevir Turizm Kolleci yarandığı gündən bütün sferalarda əməkdaşlıq edib, inkişafa döğru birgə addımlayır”.

Cəfər Cəfərov Bakının rəmzlərindən biri olan butanın şəkli həkk olunmuş xalçanı professor Əyyub Əyyubova hədiyyə edib.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Turizm Kolleci və onun direktoru Əyyəb Əyyubova nazirliyinin fəxri fərmanını təqdim edib. O, həmçinin Əyyub Əyyubovu “Fəxri Turizm İşçısı” medalıyla təltif edib.

Turizm Kolleci və onun kollektivi-Qəhrəman Kərimov (tədris hissə müdiri), Ülviyyə İlyasova (şöbə müdiri), Elşad Hüseynov (fənn birliyi komissiyasının sədri), Fizuli Əsədov (fənn birliyi komissiyasının sədri) Mingəçevir İcra Hakimiyyətinin Fəxri Fərmanlarıyla təltif edilib.

Rəhbərlik etdiyi Zərdabi Mətbuat Mərkəzinin MTK ilə birgə turizmin təbliği ilə bağlı layihə gerçəkləşdirdiyini deyən  Azərbaycan Mətbuat Şürasının icraçı katibi Rəhim Hüseynzadə vurğulayıb ki, ölkədə kifayət qədər ali və orta ixtisas təhsil ocaqları olsa da, Turizm Kolleci yeganədir: “O da Mingəçevirin bəxtinə düşüb. Əyyub müəllimi də tanıyanda gördük ki, o, çox böyük enerji sahibidir və enerjisini ölkə üçün lazım olan kadrların hazırlanmasına sərf edir. Layihəmizi irəli sürəndə tək kollecin deyil, bütün şəhərin imkanlarını nəzərdən keçirdik. Mingəçevir məkəblərində təhsil alan yuxarı sinif şagirdləri və tələbələrini inşa yazı müsabiqəsinə dəvət etdik. Niyazi Bayramov bizə dəstək verdi. Biz belə layihələri Qarabağ azad olandan sonra Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qarabağda da  gerçəkləşdirmək niyyətindəyik”.

Bundan sonra Zərdabi Mətbuat Mərkəzinin Turizm Kolleci ilə birgə təşkil etdiyi  “Azərbaycan turizm diyarıdır” inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Turizm Kolleci də  fərqlənən tələbələrinə Fəxri Fərmanlar təltif edib.

Yubiley mərasimi konsert proqramı ilə başa çatıb. Kollec tələbələrinin ifasında rəqs nümunələri və mahnilar tədbir iştirakçılarına  zövq verib.

Şərhlər bağlıdır.