“Binalarımızı təmir edib versinlər…”
“Mingəçevir Valideynlər Assosiasiyasi” (MVA) İctimai Birliyi “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” layihəsi çərçivəsində yaşayış məhəllələrində seminarları davam etdirir. 2016-cı il mayın 21-22-də növbəti tədbirlər şəhərin Y.Mənsurov küçəsindəki 13 və Naxçıvan küçəsindəki 40 saylı ünvanlarda baş tutub.
MVA İB-nın prezidenti, layihə rəhbəri Fərman Nəbiyev bildirib ki, Mingəçevir Bələdiyyəsi ilə birgə gerçəkləşdirilən layihənin məqsədi insanları yaşadıqları binaların idarəedilməsinə həvəsləndirməkdir. Layihənin eksperti, Mingəçevir Bələdiyyəsinin üzvü və “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı çoxmənzilli binaların sahə mülkiyyətçilərinin hüquq və vəzifələri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üstünlükləri və bu sahədə başqa ölkələrin təcrübəsindən, eyni zamanda bələdiyyə büdcəsinin formalaşmasında əmlak vergisinin əhəmiyyətindən danışıb.
Hər iki məhəllədə sakinlər binaların dam örtükləri və zirzəmilərinin əsaslı təmirə ehtiyacı olduğunu, yaşıllığın qorunması üçün suvarma suyunun, əhaliyə keyfiyyətli içməli suyun verilməsinin vacibliyinə diqqəti yönəldiblər. “Biz öz qüvvəmizlə bu mağarı tikmişik, həyətdə də səliqə-sahman yaratmışıq. Amma dam örtüyünü dəyişməyə, zirzəmidən suyu təmizləməyə bizim güçümüz çatmır. Dövlətdən kömək istəyirik. Binalarımızı bizə təmir edib versinlər. Bundan sonra onları özümüz asanlıqla idarə edərik”-məhəllə komitəsinin sədri Nurəddin Ağazadə belə deyib.
Şərhlər bağlıdır.