Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Bələdiyyəsinin hesabatı nə ilə yadda qaldı?

202

“Bu günkü dövrün tələbi belədir ki, konkret layihələrlə iş qurulmalıdır. Bələdiyyənin imkanları artdıqca, o, şəhərdə sosial-iqtisadi yönümlü layihələrin icrasını qarşısına məqsəd qoyub, həyata keçirə bilər. 3-5 il bundan əvvəl “Bir bələdiyyə-bir layihə” təşəbbüsləri vardı.

Hazırda bələdiyyənin ən  ciddi problemi torpaqlarının zəbt olunması ilə bağlıdır. Həmin torpaqlarda heç bir layihəyə uyğun gəlməyən tikililər inşa olunur.

Biz məhəllələrdə kölgəliklər yaradırıq. Amma onları normal vəziyyətdə saxlaya bilmirik. Təəssüf ki, qorunmasında, saxlanmasında vətəndaşlar aktiv iştirak etmirlər. Hər il bu şəhərdə 10 min ağac əkliir. Bəs onlara qulluq edə bilirikmi? Hələ ki, şəhərin suvarma sisteminin qurulmasında çətinliklər qalmaqdadır, bununla bağlı baş nazir səviyyəsində məsələ qaldırılıb”

Bu fikirləri Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov yanvarın 15-də Mingəçevir Bələdiyyəsinin hesabat toplantısında səsləndirib. O, deyib ki, “Asan həyat”kompleksi və mingəçevirlilərin çoxdan gözlədikləri  Sənaye Parkında iki müəssisə artıq açılış ərəfəsindədir. Gələcəkdə fabriklərin sayının 9-a çatdırılacağı  gözlənilir. Bu isı şəhərdə işsizliyin aradan qaldırılmasına böyük töhfə verəcək.

İ.İsmayılov əlavə edib ki,  keçən il 110-a qədər binanın dam örtüyü tamamilə dəyişdirilib,  xeyli binanın fasad hissəsi təzələnib, Dövlət Proqramına uyğun olaraq, şəhərin su-kanailizasiya təsərrüfatının yenidən qurulması davam etdirilir: “Çirkab suları təmizləyəcək qurğu yekunlaşmalıdır ki, tullantılar ümumi sistemə qoşulsun. Eyni zamanda mənzillərin mərkəzləşdirilmiş qaydada isidilməsi üçün növbəti ildə 4 qazanxananın  mərhələ-mərhələ qurulması, AzDRES qəsəbəsində 2 yeni qazanxananaın tikilməsi planlaşdırılır. Bu məqsədlə torpaq sahəsi də ayrılıb”.

Toplantıda Bələdiyyə sədri Coşqun Abdullayev 2017-ci ildə görülən işlər barədə illik hesabatını ictimaiyyət nümayəndələrinə təqdim edib. O, diqqətə çatdırıb ki, təşkilatın ötən ilki gəliri 429501,84manat  olub, xərcləri isə 396460,72 manat  təşkil edib. Gəlirin 170000 manatı  dövlət büdcəsindən verilən dotasiya,  131580,18 manatı torpaq sahələrindən icarə haqqı, 41895,5 manatı bələdiyyə əmlakının satışı, qalanı isə digər fəaliyyətlər hesabına formalaşıb. Əvvəlki illə müqayisədə gəlirlərdə 3,3% artım qeydə alınıb. Xərclərin 55%-i özünü saxlama, 38%-i abadlaşdırma, 7%-i isə social-təminat, mədəni-kütləvi tədbirlər, abunə, məişət təyinatlı obyekt və binaların təmirinə sərf olunub.

İH-nin nümayəndələri Rizvan Mikayıllı və Nəriman İsmayılov, DQİDK Yevlax bölgəsinin əməkdaşı Əlisa Fərəcov, məhəllə komitələrinin üzvlərindən  Nurəddin Həsənov,  Əbülfət Babayev,  İdris Fərruxov fikirlərini bölüşüblər. Hesabata toplaşanlar bələdiyyənin ötən ilki fəaliyyətini qənaətbəxş hesab ediblər.  Yerli özünüidarənin həyata keçirilməsində fəal iştirakına görə məhəllə komitələri üzvlərinin, QHT və KİV nümayəndələrinin bir qrupu  Bələdiyyənin Fəxri Fərmanı ilə təltif olunub.

Şərhlər bağlıdır.