Bələdiyyə

Mingəçevir Bələdiyyəsinin 2015-ci ildəki fəaliyyəti barədə hesabat verdi

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2015-ci ildə gördüyü işlər haqqında illik hesabatını ictimaiyyətə təqdim edir.

Yanvarın 18-də Mingəçevir Bələdiyyəsi 2015-ci ildə gördüyü işlər haqqında illik hesabatını ictimaiyyətə təqdim edib. Mingəçevir şəhər Bələdiyyəsinin sədri Coşqun Abdullayev 2015-ci il üzrə bələdiyyənin fəaliyyəti və 2016-cı ildə qarşıda duran vəzifələri barədə danışıb. O, bildirib ki, 2015-ci ildə sakinlərin müraciətlərinə əsasən yolların cari təmiri  diqqət mərkəzində olub. Tərəvəzçilik sovxozunun, AzİES-də məişət tullantıları sahəsinin, yeni salınmış qəbiristanlığın,  “Havarlı” adlanan qəbirstanlığın, “Şəfəq”, “Şəfa”, “Günəşli” bağ massivlərinin yollarında təmir işləri aparılıb. İmkansız və kimsəsiz şəxslərə maddi yardımlar edilib. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənib. Hakimiyyət orqanları, kütləvi informasiya vasitələri , qeyri-hökümət təşkilatları, məhəllə komitələri ilə qarşılıqlı münasibətlər qurulub.

İsmət Qayıbov adına 10№li məktəbin direktoru Xumarə Mikayılova 2015-ci ildə Bələdiyyənin məktəbdə gördüyü işlərdən danışıb. Məhəllə komitəsinin sədrləri Əbülfət Babayev deyib ki, Azərbaycan DRES qəsəbəsində keçmiş  idman komitəsi tam yararsız haldadır:  “Orada 13 köçkün ailəsi yaşayır. Həmin köçkün ailələri evlə təmin olunsalar, kompleksi yenidən bərpa etmək olar. Bununla əlaqədar dəfələrlə Qaçqınların və Məcburi Kökünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər nümayəndəliyinə müraciətlər etmişik. Lakin heç bir nəticə olmayıb”.

Məhəllə Komitəsinin sədri Qurban Vahidov gənclərin yay tətili dövründə məktəbli və yeniyetmələr üçün istirahət düşərgələrinin yaradılmasının vacibliyindən danışıb: “Belə olarsa, uşaqlar nəzarətsiz qalmaz, pis təsirlərə düşməz”.

Mingəçevir İcra Hakimiyyəti başçısının 1 və 2 saylı sahə-inzibati ərazi dairəsi üzrə nümayəndələri Rizvan Mikayıllı və Nəriman İsmayılov, Mingəçevir Bələdiyyəsinin yerli-sosial məsələləri daimi komitəsinin sədri Zahid Qasımlı da məruzə ətrafında fikirlərini bildiriblər. Bələdiyyənin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

***

2015-ci ildə bələdiyyədə 17 iclas keçirib, iclasların gündəliyinə 112 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. Gündəliyə salınmış məsələlərdən 28-i icarəyə və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə, 33-ü tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 19-u maddi yardımlarla, 32-si təşkilati və digər məsələlərlə bağlı olub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib.

Ötən il bələdiyyəyə vətəndaşlardan 791 ədəd ərizə və məktub daxil olub. Müraciətlərdən 219-u maddi yardımla, 30-u sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 126-sı fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması ilə, 7-si tikinti və təmir işləri ilə, 409-u müxtəlif mövzularla əlaqədardır.

İl ərzində bələdiyyəyə rəsmi orqanlardan 569 ədəd sənəd və məktub daxil olub ki, bunlardan 30-u şəhər İcra Hakimiyyətindən, 48-i Nazirliklərdən, 2-si Milli Məclisdən, 489-u idarə və təşkilatlardan göndərilib. Sənədlərə operativ baxılaraq, müvafiq cavablar yazılıb. Tövsiyyə xarakterli və qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün müvafiq şöbə və komissiyalarda saxlanılır.

Müraciət edən şəxslərdən 15-i şəhid ailəsi, 24-ü Əfqanıstan və Qarabağ müharibəsi əlili, 10-u köçkün, 9-u Çernobıl və digər dərəcəli əlil, 1-i ehtiyyatda olan zabit, 2-si Qarabağ müharibəsi veteranıdır.

Maddi yardımla bağlı 118, fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla bağlı 43, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaqla bağlı 4 müraciət müsbət həllini tapıb, qalan ərizələrə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış yazılı cavablar göndərilib. 409 ərizə sorğu, şikayət və məlumat xarakterli olduğu üçün araşdırılaraq, vətəndaşlarla izahat işləri aparılıb.

Hesabat dövründə 1365 nəfər şəxs bələdiyyə sədri tərəfindən fərdi şəkildə qəbul edilib. Qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapıb. Həmçinin 807 nəfər hərbiçinin məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.

2015-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 348467,34 manat olub. Büdcə gəlirləri aşağıdakı mənbələrdən formalaşıb: icarəyə verilmiş torpaqlardan icarə haqqından 118381,10 manat (ötən ildəkindən 26% çox), yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən 24300 manat (ötən ildəkindən 17% az), fiziki şəxslərdən əmlak vergisindən 13969,20 manat (ötən ildəkindən 2,5 dəfə çox), fiziki şəxslərdən torpaq vergisindən 7277,04 manat (ötən ildəkindən 8% çox), stasionar və səyyar ticarət, ictimai-iaşə və digər xidmətlərə görə ödənişdən 3718 manat (ötən ildəkindən 3,5 dəfə çox), bələdiyyə əmlakının satışından 3360 manat (ən çox azalma bu mənbədə olub), müvəqqəti avtomobil dayanacaqları üçün ödənişdən 2335 manat (ötən ildəkindən 22% çox), mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişdən 1515 manat (ötən ildəkindən 40% çox), küçə reklamlarının yerləşdirilməsindən 625 manat (ötən ildəkindən 9 dəfə çox) və bələdiyyənin digər fəaliyyətindən daxilolmalardan 17987 manat (ötən ildəkindən 15% çox) vəsait toplanıb. Bunlardan əlavə, dövlət büdcəsindən Mingəçevir bələdiyyəsinə 155000 manat dotasiya ayrılıb.

Göründüyü kimi, iki mənbədən başqa, digər mənbələrdən daxiolmalarda artım olub. Ən çox irəliləyiş fiziki şəxslərdən toplanan əmlak vergisində, reklamların yerləşdirilməsi üçün ödənişdə, səyyari ticarət, ictimai-iaşə xidmətlərinə görə ödənişdə müşahidə edilir. Lakin bələdiyyənin əsas maliyyə mənbələrindən olan bələdiyyə əmlakının satışından və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən daxilolmalarda geriləmə olub. Bunların da obyektiv və subyektiv səbəbləri vardır. Ötən il torpaq sahələrinin ayrılması ilə əlaqədar struktur dəyişikliyi ilə bağlı olaraq, bələdiyyə tərəfindən torpaq sahəsi alqı-satqı predmeti olmayıb və bu səbəbdən büdcəyə vəsait köçürülməyib. Mədən vergisinin azalmasına səbəb isə qum-çınqıl karxanalarının bəzi sahibkarlarının vergidən yayınmaları və bir sıra karxanaların fəaliyyətlərinin dayanmasıdır.

2015-ci ildə bələdiyyə büdcəsindən 387720,52 manat vəsait xərclənib. Əmək haqqı və onunla bağlı sair ödəmələrə 125435,98 manat, DSMF-na 27595 manat, abadlaşdırma işlərinə 77027,30 manat, sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə 19855 manat, maddi yardımlara 7599 manat, yolların cari təmirinə 20955 manat, xidmət sahələrinin saxlanmasına 15379,32 manat, dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 3575,05 manat, nəqliyyat xidmətlərinə 5148,50 manat, inventar və avadanlıqların alınmasına 1310 manat, binaların cari təmirinə 28005,80 manat, əsas vəsaitlərin alınmasına 3890 manat, dəfn və mərasim xidmətlərinin təşkilinə 1400 manat, mətbuata abunə xərclərinə 3337,40 manat, mədəni-kütləvi tədbirlərin keçirilməsinə 9713 manat, bank xidmətlərinə 2076,96 manat, kommunal xidmətlərinə (elektrik enerjisi, qaz, su və kanalizasiya, rabitə xidmətlərinə) 3105,60 manat və sair xərclərə (şəhər bələdiyyələri Milli Assosiasiyasına üzvlük haqqı, mühafizə xidməti, audit yoxlaması, kompüter və internet xərcləri, torpaq sahələrinin mülkiyyət sənədlərinin alınması, işçilərin sığortası, hərrac rüsumu, torpaq sahəsinin geri qaytarılması və s.) 31317,61 manat vəsait sərf olunub.

İllik əməyin ödəniş fondu ümumi xərclərin 40%-ni təşkil edib.

İl ərzində bələdiyyə ərazisindəki park, bağ, küçə və yolların, binaların təmirinə və abadlaşdırılmasına ümumilikdə 125988,10 manat xərclənib. Belə ki, bələdiyyə parkının yenidən qurulmasına 45310 manat, «Gənclər bağı»nın təmirinə 19800 manat, AzYolmaş zavodunun qarşısındakı ərazinin abadlaşdırılmasına 3720 manat, «Göl» ərazisinin təmizlənməsinə 1263 manat, avarçəkmə bazasının qarşısındakı ərazidə təmir-tikinti işlərinə 3302,50 manat, Az.İES qəsəbəsinə gedən yolun sağ hissəsində torpaq işlərinə 1000 manat, fərdi mənzil tikintisi üçün ayrılacaq ərazidə abadlıq işlərinə 900 manat, S.Vurğun parkı, Kompüter zavodunun yanı, Kür çayının sağ Sahili, «Qocalar evi», rabitə qovşağının qarşısı və digər ərazilərinin cari təmirinə 1035,30 manat vəsait sərf olunub.

Sakinlərin müraciətlərinə əsasən, yolların cari təmiri də diqqət mərkəzində olub. «Tərəvəzçilik sovxozu»nun, Az.İES-də məişət tullantıları sahəsinin, yeni salınmış qəbirstanlığın, «Havarlı» adlanan qəbirstanlığın, «Şəfəq», «Şəfa», «Günəşli» bağ massivlərinin yollarında 20955 manat dəyərində təmir işləri aparılıb. Yollar hamarlanıb, çınqıl döşənib.

Ötən il bələdiyyənin inzibati binasında da təmir işləri görülüb. Binaya qaz xəttinin çəkilişi və «Kombi» istilik sisteminin quraşdırılmasına 12491,15 manat, iş otaqlarında aparılmış təmir işlərinə 15514,65 manat xərclənib.

Ötən il də məhəllə komitələri ilə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olub. Bir neçə məhəllə komitəsində hesabat yığıncaqları keçirilib, 4 məhəllədə (N.Nərimanov pr.ev 49, Ş.İ.Xətai küç.ev 7a, H.Əliyev pr. ev 68/18 və A.Məmmədov küçəsi ev 15 ünvanlarında) yeni komitələr formalaşıb. Bələdiyyədə məhəllə komitələrinin fəalları ilə əmlak vergisinin toplanması, çoxmənzilli binaların idarə olunması və s. mövzularda məlumatlandırma seminarları keçirilib.

Məhəllə komitələrinin müraciətləri diqqət mərkəzində olub və onların müraciətləri əsasında 12 ünvanda xeyir-şər mağarlarının təmirinə 19855 manat xərclənib. Həmin vəsait təmir üçün lazım olan tikinti materiallarının alınmasına sərf olunub. 616 ədəd şifer, 1350 metr müxtəlif həcmli taxta, 1824 metr şiferaltı taxta, 302 metr boru, 764 metr künclük, 5020 ədəd kərpic, 6,5 ton sement, 1500 ədəd mişar daşı, 48 metr armatur, 70 kub.metr qüm-çınqıl, 39 kq mismar, 40 ədəd dəmir lövhə, 16 ədəd DİK və s. tikinti və santexniki materiallar alınaraq məhəllə komitələrinin istifadəsinə verilib.

Materialların işlədilməsi sakinlərin vəsati hesabına aparılıb. Eyni zamanda məhəllə komitələri həmin ünvanlarda (A.Məmmədov küçəsi ev 7a, 20 Yanvar küçəsi ev 6b, Ş.İ.Xətai küçəsi ev 7a, N.Rəfibəyli küçəsi ev 11, H.Əliyev prospekti ev 72a, N.Nərimanov pr. ev 49, H.Əliyev pr. ev 68/18, Təbriz küçəsi ev 7, R.Rza küçəsi ev 25, Vidadi küçəsi ev 4, A.Məmmədov küçəsi ev 6/2) yaşayan sakinlərdən əmlak vergisinin toplanmasında fəallıq göstərək, 5530 manat vəsaiti bələdiyyə büdcəsinə köçürməyə nail olublar.

Bələdiyyənin önəm verdiyi istiqamətlərdən ən vacibi imkansız və kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, material, ərzaq yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində   həyata keçirilir. Məhəllə komitələrinin müraciətləri və sakinlərin fərdi müraciətləri əsasında bələdiyyədə imkansız ailələrin siyahısı hazırlanıb. Həmin siyahıya uyğun olaraq, bayramlar ərəfəsində ərzaq bağlamaları paylanılır. Ötən il Novruz və Ramazan bayramlarında 500 nəfər imkansız şəxsə 5300 manat dəyərində ərzaq bağlamaları verilib. Qurban bayramında qurbanlıq heyvan kəsilərək, 140 nəfərə paylanılıb. Bir qrup Əfqanıstan müharibəsi veteranları, Əmək və müharibə veteranları, lal-karlar, bələdiyyə qulluqçuları qurban əti payı alıblar. Bunun üçün bələdiyyə büdcəsindən 770 manat ayrılıb. 35 nəfər imtiyazlı kateqoriyaya aid şəxsə müxtəlif məbləğdə – cəmi 1405 manat pul yardımı edilib. 4 nəfərə 894 manat dəyərində tikinti materialları alınıb.Onlardan biri Qarabağ müharibəsi əlili, biri təqaüdçüdür. Bir nəfərə mənzilində yanğın baş verdiyinə görə 238 manat dəyərində tikinti materialları verilib.

Ötən il 5 nəfərə dəfn və yas mərasimlərinin keçirilməsinə kömək məqsədi ilə 1400 manat həcmində yardım göstərilib.

2015-ci ildə bələdiyyə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirib. 20 Yanvar – Ümumxalq Hüzn günü, Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 26 iyun – Silahlı Qüvvələr günü, Mətbuat günü, Qurban bayramı, ulu öndər H.Əliyevin anım günü, Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il şənliyndə müxtəlif səpgili tədbirlər reallaşdırılıb. Gənclərin iştirakı ilə Bələdiyyə kuborku uğrunda kikboksinq yarışı, yüksək bal toplayan məzunların mükafatlandırılması, «Yerli demokratiya Həftəsi» çərçivəsində Turizm kollecində. 10 və 15 saylı məktəblərdə keçirilən «Dəyirmi Masa»lar maraqlı və yaddaqalan tədbirlərdəndir.

Litva Respublikasının beş şəhərinin bələdiyyə sədrləri, Litva Milli Assosiasiyasının rəhbərləri Mingəçevir Bələdiyyəsinin qonağı oldular və işgüzar təcrübə mübadiləsi aparıldı.

Bütün tədbirlərin keçirilməsinə bələdiyyə büdcəsindən 9713 manat vəsait xərclənib.

Bələdiyyə nəzdində «Dəfn mərasimi xidmətləri», «Peşəyönümlü Maraq Kursları» və «Məişət xidməti» sahələri fəaliyyət göstərir.

2015-ci ildə «Dəfn mərasimi xidmətləri» sahəsi tərəfindən 319 dəfn təşkil edilib, 40 nəfər imkansız ailə dəfn xidmətindən azad olunub, 8 nəfər kimsəsizin dəfn mərasimi bələdiyyə hesabına həyata keçirilib.

«Peşəyönümlü Maraq Kursları»nda kompüter operatoru ixtisası üzrə kursları 40 nəfər bitirərək, diplom alıb. Xidmət sahələrinin saxlanmasına 15379,32 manat vəsait sərf olunub. Belə ki, «Dəfn mərasimi xidmətləri» sahəsinin saxlanmasına 11272,68 manat, «Peşəyönümlü Maraq Kursları»nın saxlanmasına 2177,94 manat, «Məişət xidməti» sahəsinin saxlanmasına 1928,70 manat ayrılıb.

2015-ci ildə obyektiv səbəblərə görə, sahibkarlıq fəaliyyəti üçün yeni torpaq sahələri ayrılmayıb. Lakin ötən illərdə torpaq sahəsi ayrılması proseduruna başlanılmış bir sıra işlər yekunlaşdırılıb. Fərdi mənzil tikintisi üçün 26162 kv.m torpaq sahəsinin alqı-satqısı, sahibkarlıq fəaliyyəti üçün 240 kv.metr torpaq sahəsinin icarəyə verilməsi haqqında yekun qərarlar verilib.

O cümlədən, 7 nəfər şəhid ailəsinin hər birinə 400 kv.metr olmaqla, cəmi 2800 kv.metr, 2 nəfər Qarabağ müharibəsi əlilinin hər birinə 400 kv.metr olmaqla, cəmi 800 kv.metr, 1 nəfər Qarabağ müharibəsi əlilinə 300 kv.metr, 1 nəfər Qarabağ müharibəsi əlilinə 450 kv.metr torpaq sahəsi ayrılıb.

Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir Bələdiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə gözəgörünən irəliləyişlərə nail olub. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi İnformasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münaisbətlər qurulub. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Mingəçevir Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin internet saytından (www.mingechevir-belediyye.az) dolğun məlumat ala bilər.

Daha çox

Oxşar yazılar

Close