Mingəçevir Bələdiyyəsi əlillər üçün evlərin inşasına, elan lövhələrinə diqqəti artırmalıdır
Fevralın 7-də Mingəçevir Bələdiyyəsi 2013-cü ildəki fəaliyyəti barədə hesabat verib. Onun iclas salonunda baş tutan yığıncaqda bələdiyyə sədri Coşğun Abdullayev məruzə edib. O, bildirib ki, əvvəlki il ərzində bələdiyyəyə 712 ərizə və müraciət daxil olub. Bunlardan 104-ü maddi yardımla, 205-i fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla, 71-i sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaq və ya icarəyə götürməklə, 29-u tikinti və təmir işləri ilə bağlıdır. 303 müraciət isə müxtəlif xahiş, şikayət və məlumatlardır. Müraciət edənlərin 9-u köçkün, 10-u müxtəlif qrup əlil, 12-si şəhid ailəsi, 17-si Əfqanstan və Qarabağ müharibəsi əlili, 3-ü ehtiyatda olan zabit, 3-ü isə Qarabağ və II Dünya müharibəsi veteranıdır. “İmtiyazlı şəxslərin müraciətləri ilk növbədə həllini tapıb”- C.Abdullayev belə deyib.
Bələdiyyə sədri 2013-cü ildə aparılan abadlıq-quruculuq işlərini, S.Vurğun və Sahil parklarının yenilənməsini xüsusilə vurğulayıb. Amma onu da qeyd edib ki, bələdiyyə il ərzində nəzərdə tutduğu işlərin hamısını reallaşdıra bilməyib: “Bələdiyyə büdcəsinin gəlirləri sırasında ən iri mənbə olan fiziki şəxslərdən əmlak vergisi yığılmayıb. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin toplanmasında da çətinliklər vardır. Dayanacaqlardan və mehmanxanalardan yığılan rüsum, reklamdan daxil olan ödəniş nəzərdə tutulduğundan az olub”.
Yığıncaqda Mingəçevir İcra Hakimiyyəti başçısının 1 və 2 saylı ərazilər üzrə nümayəndələri Rizvan Mikayıllı, Nəriman İsmayılov, Fərdi Yaşayış Sahələrinə Xidmət idarəsinin rəisi Eyyub Rəşidov, şəhər İHB-nin məsul işçisi Rəsul Paşayev, məhəllə komitələrinin sədrlərindən Hidayət Alıyev, Tofiq Qarayev, Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin sədri Elşən İbrahimli və başqaları maraqlı fikirlər irəli sürüblər. Azərbaycan DRES qəsəbəsində poçt məntəqəsinin tikilməsi, Qarabağ əlilləri üçün yeni evlərin inşası, kanalizasiya xətlərinin bərpası, şəhərin mərkəz küçələrində elan lövhələri yerləşdirilməsi səslənən təkliflərdən olub.
Yığıncaq iştirakçıları Bələdiyyənin 2013-cü ildəki fəaliyyətini kafi qiymətləndiriblər.
Aytən Kosayeva
Şərhlər bağlıdır.