Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir gənclərinin “Müasir gənclik-sağlam gələcək” adı ilə toplantısı keçirilib

Fevralın 4-də Heydər Əliyev Mərkəzində Mingəçevir gənclərinin “Müasir gənclik-sağlam gələcək” adı ilə toplantısı keçirilib. Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə son illərdə qazanılan uğurlardan, eyni zamanda bəzi yeniyetmə və gənclərin antimilli qüvvələrin, dini təriqətlərin təsiri altına düşmələrindən danışılıb. Toplantının sonunda Azərbaycan gənclərinə müraciət qəbul olunub.
Ölkədə, o cümlədən Mingəçevirdə gənclərin uğurlu fəaliyyət üçün münbit şərait yaradılıb. Olimpiya komplrksləri, gənclər evləri bu insanların öhdəsinə verilib Azərbaycan Respublikası Prezideni yanında Gənclər Fondunun və QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə hesabına gənclərin problemlərinin həlli ilə bağlı layihələrin gerçəkləşməsinə imkan yaranıb. Lakin bir çox gənclər qeyri-sağlam həyat tərzi yaşayır, ətrafın laqeydliyi ucbatından isə onların sayı günbəgün artır. İnternet klublara ciddi nəzarət olunmadığından yeniyetmələrin zərərli saytlara girişinin qarşısı alınmır.
Bu fikirlər Mingəçevir Tibb Kollecinin müəllimi Çingiz Ağakişiyev, “İşıqlı Gələcək” İB-nin sədr müavini Humay Baxışova, YAP Gənclət Birliyinin sədri Bəxtiyar Mustafayev və təşkilatın idarə heyətinin üzvü Vüsal Məmmədov, GTM-in koordinatoru Tural Kərimov, Mingəçevir Politexnik İnstitutu Gənclər Təşkilatının sədri Elçin Abdullayev, AMİ Mingəçevir filialı TGT-nın sədri Çingiz Məmmədov, 17 saylı məktəbin müəllimi Ceyhun Atayevin çıxışlarında səsləndirilib.
Mingəçevir Polisinin rəisi, polis polkovniki Ələsgər Bədəlov tədbirin bitməsini gözləməyərək,zalı tərk edənlərin bir neçəsini qeyri-sağlam şəxs kimi tanıdığını bəyn edib: “Mən onalrı tanıyıram. Tez-tez şöbədə görüşürük. Onlar heç də faydalı iş görənlər deyil. Sirr deyil ki, Mingəçevirin yeniyetmə və gəncləri arasında son dövrdə oğurluq hadisələri artıb. Qeyri-ənənəvi dini təriqətlərin nümayəndələri gənclərimizin vətənpərvərlik adı ilə Suriyadakı döyüşlərə qatılmasına da nail olurlar. Halbuki bizim gəncləri Qarabağ torpaqlarımızı azad etmək kimi vəzifə gözləyir”.
Polis rəisi deyib ki, avtoxuliqanlar artmaqdadır, ətrafdakılar isə onlara təpki göstərmirlər: “Narkomaniyaya qarşı mübarizə tədbirlərimiz də istənilən nəticəni vermir. Çünki narkotik vasitələrin satışına və digər zərərli hallara qarşı mübarizədə polisə ictimaiyyət, gənclər lazımi dəstəyi göstərmirlər. Təəssüf ki, bir çoxları ətrafdakı mənfi hallara göz yumur, laqeydlik nümayiş etdirirlər”.
Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov dövlət qurumlarında işə qəbul olunanların 60%-nin gənclərdən ibarət olduğunu, Mingəçevirdə sənaye parkının layihələndirmə işlərinə başlandığını və yeni yaradılacaq müəssisələrdə gənclərə iş tapmaq imkanı olacağını vurğulayıb.
Mingəçevirdə su idman oyunlarının keçirilməsi və bununla bağlı federasiyanın yaradılması, gənclər üçün əyləncə mərkəzlərinin tikilməsi, yay və qış düşərgələrinin açılması, fənn olimpiadalarının keçirilməsi, fəaliyyəti dayandırılacaq AMİ Mingəçevir filialının bazasında yeni universitetin yaradılması, yerli TV-də gənclərlə bağlı verilişlərin artırılması, psixoloji treninqlərin təşkili, tələbə yataqxanalarının bərpası ilə bağlı gənclərin təkliflərinin nəzərə alınacağı, Gənclər Fondundan yol hərəkəti qaydaları ilə bağlı layihə udan gəncə isə icra prosesində Polis şöbəsinin yardım göstəriləcəyi də bildirilib.
Toplantı iştirakçıları foyedə Uşaq Yaradıcılıq Mərkəzi və ortaməktəblərin əl işlərindən ibarət sərgiyə tamaşa etmək, musiqi məktəblərinin ifasında maraqlı çıxışları dinləmək imkanı da qazanıblar. Mingəçevir İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev də toplantıda iştirak edib.

Şərhlər bağlıdır.