Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xətai küçəsinin sakinləri narahatlıq doğuran məsələləri başçının diqqətinə çatdırdılar

Fevralın 5-də Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov 14 saylı məktəbin iclas zalında məhəllə sakinləri ilə görüşüb.

14 saylı məktəbin müəllimi Zülfiyyə Məmmədova deyib ki, Aydın Məmmədov küçəsinin bəzi hissələrində səki salınmadığından məktəbə gələn şagirdlər nəqliyyat yolu ilə getməli olurlar. Fikrət İsmayılov yaşadığı Ş.İ.Xətai küçəsindəki 8 saylı binanın zirzəmisinin ilboyu kanalizasiya suları ilə dolmasından, həyətin işıqlandırılmamasından,  Xətai küçəsindəki 7 saylı  evin sakini Fərhad Abdullayev ərazidəki ağacların budanması üçün müraciətinin nəticəsiz qalmasından gileylənib. Vəfa Məmmədova isə deyib ki, Xətai küçəsindəki 20 saylı ünvanda yerləşən yataqxanada yaşamaq mümkün deyil: “20 ildir ki, acınacaqlı şəraitdə yaşayırıq. Bizə kömək edən tapılacaqmı?”

Müraciətləri cavablandıran İlham İsmayılov vətəndaşları narahat edən məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə yerində tapşırıqlarını verib: “Bu il ərzində keçmiş Toxuculuq Kombinatının yataqxanalarında və bir neçə başqa binada təmir aparmaq, əsasən su-kanalizasiya xətlərini təzələmək nəzərdə tutulub. Eyni zamanda şəhərdə istilik sisteminin bərpası, bağ sahələrinə suvarma suyunun verilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində işlər aparılır”.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından bəhs edən İ.İsmayılov bu il Mingəçevirdə ötən illə müqayisədə iki dəfə artıq işlərin görüləcəyini vurğulayıb. Xüsusilə diqqətə çatdırıb ki, 45-ə yaxın nümunəvi məhəllə yaratmaq, 11 çoxmənzilli binanın dam örtüyünü dəyişmək, 8 küçədə asfaltlamanı, 9 küçədə işıqlandırmanı başa çatdırmaq qərara alınıb.

Şərhlər bağlıdır.