Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2023-cü ildəki fəaliyyəti
HESABAT
23 yanvar 2023-cü ildə Şura üzvləri qarşısında 2022-ci ilin hesabatı verilib.
2023-cü ilin Fəaliyyət Planına uyğun olaraq, fevral ayında əhali ilə 2 görüş keçirilib.
Şura üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166 saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu olduğunu, müxtəlif dövlət qurumlarına şikayətlərinin qulaqardına vurulduğunu bildirib: “Gəlirlər, suyu çəkib, gedirlər, yenə zirzəmi kanalizasiya suları ilə dolur. Heç kim problemi köklü şəkildə həll etmək istəmir. Üfunət üzündən pəncərələrimizi açıq qoya bilmirik. Baxın, hələ qış bitməyib, amma ağcaqanadlar mənzillərimizə hücum çəkir”.
Görüşə gələn şura üzvləri binaya baxış keçiriblər. Məlum olub ki, vəziyyət həqiqətən acınacaqlıdır və təcili köklü tədbir görülməsə, binanın uçması və sakinlərin sağlamlıqlarını itirməsi ilə sonuclana bilən hallar baş verə bilər.
Binanın yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi, dam örtüyü dəyişdirilərkən tüstü bacalarına çıxışın düzgün qurulmaması, məhlədəki istirahət yerinin şəxsi mülklərə çevrilməsi də sakinləri narahat edir.
Şura sədri Fərman Nəbiyev problemi Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının və ictimaiyyətin nəzərinə çatdıracağını və diqqətdə saxlayacağını bildirib. Yeri gəlmişkən, bu barədə İcra hakimiyyətinə dəfələrlə müraciət olunmasına baxmayaraq, məsələ hələ də həllini tapmayıb.
25 fevral 2023-cü ildə İctimai Şuranın sədri Fərman Nəbiyev və şuranın üzvlərindən Rizvan Mikayıllı və Zahid Qasımlı Nizami küçəsindəki 4 A saylı ünvanda yaşayışçılarla görüşüb. Bina sakini Həqiqət Quliyeva zirzəmini kanalizasiya suları ilə dolu olduğunu dilə gətirib: “Problemlərimiz çoxdur, amma ən böyük dərdimiz zirzəminin təmizlənməməsidir. Mən birinci mərtəbədə yaşayıram və üfunət və rütubətlikdən çox əziyyət çəkirəm”.
Məhəllə Komitəsinin sədri Rəfael Qarayev binanın mərkəzləşdirilmiş qaydada istilik sistemin olmaması, dam örtüyünün düzgün qurulmamasına görə yağış sularının mənzillərə axması, yaxınkıqdakı ağacların budanmaması, həyətdəki xeyir-şər evinin təmirinə ehtiyac duyulması, əksəriyyətin məşğulluq ehtiyaclarının qarşılanmaması barədə danışıb. Şəhid Sadiq Kərimovun qardaşı Abuzər Kərimov iş yeri tapa, özünəməşğulluq proqramından faydalana bilmədiyini deyib. Sevda Hacıyeva isə bildirib ki, 51 yaşı var, çətinliklə 2 övlad böyüdür: “İşsizəm. Hansı qapını döyürəm ki, iş verin, boyun qaçırırlar. İcra Hakimiyyətinə də gedirəm, polis içəri buraxmır…”
Görüşə toplaşanlara bildirilib ki, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində yaxın dövrdə şəhərin bütün binalarının zirzəmilərində kanalizasiya xətlərinin dəyişdiriməsi nəzərdə tutulub. Eyni zamanda əmlak vergisini ödəməklə bələdiyyədən yardım ala bilmələri, Dövlət Məşğulluq Xidmətinin yerli mərkəzinə müraciət etmələri də onlara tövsiyə olunub: “İcra Hakimiyyəti işverən qurum deyil. Yaxşı olar ki, məşğulluq mərkəzindən tələb edəsiniz ki, sizi yeni açılan iş yerlərinə göndərsin. Xəbəriniz olsun, yaxın vaxtlarda Azərbaycan İES-də yeni stansiyanın tikintisi ilə əlaqədar vakant iş yerləri yaradılır”.
Görüşlər barədə xəbərlərin linkləri əlavə olunur.
“20 Yanvar küçəsindəki 166 saylı binanı təhlükə gözləyir”
Sevda Hacıyeva: “İcra Hakimiyyətinə də gedirəm, polis içəri buraxmır…”
15 mart 2023-cü ildə sahibkarların enerji şəbəkəsinin fəaliyyətindən şikayətinə əsasən müzakirə aparılıb. Müzakirədə İctimai Şuranın üzvləri Fərman Nəbiyev, Vaqif Həsənov, KOBİA-nın regional koordinatoru Ayaz Ədilov və “Azərişıq” ASC-nin bölgə nümayəndəsi Elbrus Əliyev iştirak ediblər. Sonda tərəflər razılığa gəlib ki, indidən sonra müəssisələrin enerji rtransformatorlarına və digər energi avadanlıqlarına baxış və müayinəni laboratoriyası olan ixtisaslaşmış qurumların həyata keçirməsinə maneəçilk törədilməyəcək.
Görüş barədə məlumat: Vaqif Həsənov: “Xidmət təşkilatları, sizdən dəstək istəmirik, sadəcə mane olmayın”
29 aprel 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda 3 məsələ müzakirə olunub:
1.Enerji təchizatı idarəsi ilə sahibkarlar arasında yaranmış anlaşılmaz vəziyyətlə bağlı danışıqların nəticəsi haqqında.
- Mingəçevirin çoxmənzilli binalarında zirzəmilərin kanalizasiya suları ilə dolması barədə.
- Təsərrüfat hesabına keçirilmiş mənzil istismar sahələrinin işçilərinə uzun illər ərzində əmək haqqı borcları yaratması haqda.
- Kür sahlindəki ərazilərin ümumi istirahət yerinə çevrilməsi üçün atılan addımlar barədə.
Hər 4 məsələ barədə şura sədri ətraflı məlumat verib. O, bildirib ki, uzun müddətdir “Azərişıq” ASC-nin regional şəbəkəsinin rəhbərliyi ilə sahibkarları narahat edən məsələlər müzakirə olunur və müsbət irəliləyiş əldə edilib: “Biz şəbəkənin baş mühəndisi Elbrus Əliyevi yanımıza dəvət etdik. O da şikayətçilərin haqlı olduğunu etiraf etdi. Xüsusən transformatorlara “Azərişıq” ASC-nin deyil, xüsusi lisenziyası olan şirkətin xidmət göstərməsi ilə razılaşdı, sahibkar müəssisəyə yeni enerji xəttinin çəkilişini həyata keçirdi”.
Şəhərin əksər hissəsində mərkəzləşdirilmiş istilik sistemi qurulmadığından əhali evlərini enerji ilə qızdırır. Buna görə də transformatorların mütəmadi olaraq yoxlanması və sazlanması vacibdir. Əvvəllər qışa hazırlığa yay mövsümündə başlanırdı, son illərdə isə bu proses noyabr-dekabr aylarında yada düşür. Üstəlik xidmət tarifləri həddindən çox yüksəkdir. Müxtəlif qurumlar heç bir əsaslandırma aparmadan vaxtaşırı tarifləri qaldırırlar ki, bu da narazılıq yaradır. Məsələn, evinə enerji xətii çəkdirmək istəyən vətəndaşa yüksək qiymət təklif olunur, halbuki o bu işi şəxsi usta ilə qat-qat aşağı qiymətə gördürə bilər. Buna isə imkan verilmir. Tələb irəli sürülür ki, işi lisenziyası olan şirkət icra etməlidir.
İkinci məsələ barədə danışan Şura sədri deyib ki, Mingəçevirin çoxmənzilli binalarında zirzəmilərin kanalizasiya suları ilə dolması ciddi narahatlıq doğuran məsələdir. Şəhərin 2 yaşayış massivində bu problemin yaranma səbəbi barədə deyə bilərəm ki, keçmiş “Azərsu” ASC Mingəçevirdə su və kanalizasiya xətlərinin yenidən qurulması ilə bağlı Dövlət Proqramını, hətta dağıdılmış küçə və məhəllələrarası yolların bərpası və asfaltlanmasını keyfiyyətsiz halda icra edib və on il davam edən proses hələ də yekunlaşmayıb. Boruların birləşmə yerləri və xətlərin mailliyi üzrə tələblər gözlənilməyib. Üstəlik yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirən bəzi sahibkarlar döşəməni zirzəmi boyunca aşağı salaraq, kanalizasiya borularını zədələyib və tullantı sularının normal axınına problem yaradıb. Ümumi xəttə əlavə qoşulmalar da yükü artırıb.
Üçüncü məsələdən danışan şura sədri deyib ki, təsərrüfat hesabına keçirilmiş mənzil istismar sahələrinin işçilərinə uzun illər ərzində əmək haqqı borcları yaratması barədə İcra Hakimiyyəti başçısına 08 aprel 2023-cü ildə rəsmi məktub göndərib. Məktubda deyilir: “Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin nəzdində fəaliyyət göstərən mənzil istismarı sahələrinin işçilərindən Zülfiyyə Löymanova, Sədaqət Məmmədova, Siyarə Hacıyeva, Gülbəniz Kərimova, Təranə Ağalarova, Gülnarə Hüseynova, Solmaz Mahmudova və Məleykə Balakişiyeva 13 mart 2023-cü ildə kollektiv şəkildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya müraciət edərək, məvaciblərini ala bilmədiklərini, il ərzində əlavə 3 dəfə verilən müavinətin onlara aid edilmədiyini bildiriblər. Onların qənaətinə görə, təsərrüfat hesabı ilə çalışdıqları üçün əhalidən topladıqları xidmət haqqına görə məvacib alırlar. Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin rəisi Nizami İsmayılov 25 mart 2023-cü ildə İctimai Şuraya göndərdiyi məktubda faktı təsdiq edib. O, bildirib ki, təsərrüfat hesablı olmaqla büdcədənkənar maliyyələşdirilən MİS-lər üzrə işçilərin əmək haqqı fondu əhalidən, qeyri-yaşayış sahələrindən və fərdi qarajlardan yığılan xidmət haqları hesabına verilir və idarənin MİS işçilərinə 1 mart 2023-cü ilədək 67231 manat 32 qəpik əmək haqqı borcu qalıb. İlkin araşdırmamıza görə, əvvəllər büdcədən maliyyələşən MİS-lər 2019-cu ildə təsərrüfat hesabına keçirilib və bundan sonra vəziyyət gərginləşib. Eyni zamanda əhalidən xidmət haqqı adı ilə toplanan vəsaitin əmək haqqına yönəldilməsi anlaşılan deyil. Çünki həmin vəsait çoxmənzilli binalara və digər obyektlərə xidmət adı ilə toplanır, amma MİS-lərin konkret hansı xidmətləri göstərməsi aydın deyil. Ümid edirik ki, köhnə əmək haqqı borcları ödənilməklə MİS-lərin qurum kimi saxlanıb-saxlanmaması məsələsi Mingəçevir şəhər İcra Hakimiyyətində müzakirəyə çıxarılacaqdır”.Bu məsələ aprelin 25-də Mingəçevir şəhər İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin iştirakilə müzakirə olunub, hətta İH başçısı İ.İsmayılov mənzil istismar sahələrinin əhalidən yığımı üzrə vəziyyətinin qənaətbəxş olmadığını diqqətə çatdırıb: “Bizim hesablamamıza görə, il ərzində 144 min manat yığılmalıdır. Bu, binalara xidmət göstərilməsi və bir qrup təsərrüfat hesablı işçinin əmək haqqının ödənməsinə köməkdir. Lakin əvvəllər yığım zamanı şəffaflıq olmayıb, hətta mənimsəmə hallarına yol verilib. Hazırda əhalidə 360 min manata qədər xidmət haqqı borcu qalıb. Eyni zamanda MİS-lərin təsərrüfat hesablı işçilərinə əmək haqqı borcu 86 min manatdan 66 min manatadək azaldılıb. Ötən müddətdə biz MİS-lərin sayını və işçilərini də azaltmışıq. Bizə deyirlər ki, MİS-ləri ləğv edin, amma ölkənin hər yerində bu qurum fəaliyyətini davam etdirir və çoxmənzilli binalara (dam örtüyünün dəyişməsi, tüstü borularının, pilləkən qəfəslərinin və zirzəmilərin təmizlənməsi) xidmət göstərir”. Lakin İcra Hakimiyyəti başçısı İctimai Şura sədrinin “Nə üçün MİS-lər əhali ilə xidmət müqaviləsi bağlamır?” sualını cavablandırmayıb.
Şura iclasında Kür sahlindəki ərazilərin ümumi istirahət yerinə çevrilməsi üçün atılan addımlar barədə də fikirlər irəli sürülüb. İ.Şirinli nəzərə çatdırıb ki, ictimai fəal Elman Nəbiyev bağlı ərazilərin əhalinin üzünə açılması üçün ölkə başçısına müraciət ünvanlayıb: “Keçmiş Heydər Seyrangahının yerində otellər tikildikdən sonra çay sahili əhalinin üzünə bağlandı. Halbuki dünyanın hər yerində sahil əraziləri ümumi istifadə yeridir. Prezidentin iqamətgahının yaxınlığındakı və qarşısındakı ərazilərin də açılaraq, mingəçevirlilərin istirahət yerinə verilməsini gözləyirik. Düşünürəm ki, məsələ ictimailəşəndən sonra həllini tapacaq”.
Müzakirə barədə məlumat: Zirzəmilər kanalizasiya suları ilə dolur, parkda gəzənlər skuterlərdən zədə alır
14 iyul 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın yerli hökumət, bələdiyyə və digər qurumlarla birgə geniş tərkibdə iclası keçirilib. İclasa 35 nəfər qatılb və onlar aşağıdakı məsələləri müzakirə ediblər:
1.Sahil parkında hazırkı vəziyyət.
2.Mingəçevirdə küçə ticarəti.
3.Asfaltın altında qalan kanalizasiya lükləri.
4.Sahibsiz küçə itlərinin sivil qaydada zərərsizləşdirilməsinin vacibliyi.
Şura sədri Fərman Nəbiyev deyib ki, son illər əsas narahatlıq Sahil parkında skuter, velosiped və bir-birinə qoşulmuş uşaq maşınlarının və “qatarların” piyada hərəkət zolaqlarında idarə olunması və təhlükə yaratmasıdır. Kürün sağ sahili boyunca da (hazırda otellər yerləşir) mühafizə zolağında qayıqların dayanması, “Asan” Xidmət Mərkəzinin arxasında yerləşən və hazırda bağlı olan keçmiş parkın açılması istiqamətində addımlar atılmalıdır. Bəlkə Bakıdakı Bulvar İdarəsi kimi Mingəçevirdə də parklara xidmət edən və məsuliyyəti öz üzərinə götürən yeni bir qurum yaradılsın, yaxud ərazi bütünlüklə hansısa sahibkarın icarəsinə verilsin. Parkların qorunması və təmiz saxlanması üçün isə ictimaiyyət yetərli dəstək göstərməlidir. Mingəçevir şəhərində küçə ticarətinin baş alıb getməsinə göz yummaq olmaz. Bu günlərdə İcra Hakimiyyəti, digər dövlət qurumları və ictimaiyyət nümayəndələrindən ibarət komissiya Mingəçevirdə küçə ticarəti ilə bağlı reyd keçirib: “Təkcə Maqomayev prospektində qanunsuz yolla satış aparan onlarla nöqtə məlum oldu. Hətta mağazalar öz mallarını küçəyə çıxardır. Nəqliyyat yoluna və səkilərə qarpız və yemiş tökülməsi adi hal alıb. Yeri gəlmişkən, ötən il mövsümi məhsulların satışı üçün dəmir torlardan hazırlanmış yerlər müəyyənləşdirilmişdi. Bunlar Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən səyyar xidmət göstərənlərə icarəyə verilirdi. Amma bu il həmin torlar gözə dəymir. Satıcılardan biri dedi ki, onların icarəsini ucuz qiymətə təklif etsəydilər, hamı ikiəlli razı olardı”. Qanunsuz şəkildə küçə ticarəti ilə məşğul olanların həm də vergidən yayınmaları diqqətdən kənarda qalıb. Kür sahilində skuterləri icarəyə verənlər, qayıq xidməti göstərənlər, küçələrdə meyvə-tərəvəz satanlar ödəniş qəbzi vermir. Bir neçə gün əvvəl biz çimərliklərə baş çəkdik. Məlum oldu ki, hamısı vergidən yayınır.
Yolların asfaltlanması ilə əlaqədar olaraq şəhərin bəzi yerlərində, o cümlədən Heydər Hüseynov küçəsində kanalizasiya lükləri asfaltın altında qalıb. Eyni zamanda “Azərişıq” ASC H.Hüseynov küçəsində yeraltı elektrik xəttinin çəkilişini planlaşdırır, qazıntıdan sonra asfaltlanma zamanı lüklərin də asfalt səviyyəsində qaldırılması nəzərdə tutulub. Gələcəkdə belə problemlərin baş verməməsi üçün görülən işlərin təhvil-təsliminə diqqət artırılmalı, nəzarət və monitorinq sərtləşdirilməlidir.
O ki qaldı Mingəçevirdə sahibsiz küçə itlərinin artması və insanları dişləməsinə, bu da günümüzün acı reallığına çevrilib. Eyni zamanda sahibi olan itlərin də ağzı açıq şəkildə küçəyə çıxarılması müşahidə olunur. Qanunla it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulması məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 290.3 maddəsinin tələbinə görə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilir. Amma bəzi hallarda müvafiq əməl cinayət məsuliyyəti də yaradır.
Məsələyə İctimai Şuranın üzvü İnqilab Şirinli münasibətini bildirib. Onun qənaətinə görə, ərazidə üçtəkərli velosipedlərin və “qatar şəklində” arabaların hərəkətinə qeyri-rəsmi də olsa “icazə” verilib. Biz görürük ki, Kür çayında hər gün artan və texniki tələbə cavab verməyən qayıq və gəmilər suyu və havanı zəhərləyir, bioloji müxtəlifliyi məhv edir. Məhəccərlər kəsilib, sahil boyu 100 metrədək məsafədə qayıq və gəmilərin lövbər salmasına “xidmət edən” yerlər əhalinin sahillə təmasına maneə yaradıb. Halbuki sahibkar şəxsə verilən və hazırda kafe kimi fəaliyyət göstərən “Liman” bu məqsəd üçün tikilmişdi”.
KOBİA-nın nümayəndəsi Ayaz Ədilov deyib ki, bu gəmilərdən ətrafa yayılan bayağı müsiqilər sahildə dincəlmək istəyənlərə qarşı “səs terroru” yaradır. Gəmilərin sahilə yanaşması növbəlilik qaydasında aparılsa, müəyyən qədər vəziyyətdən çıxmaq olar. Yəni onlar xeyli kənarda dayana, vaxtı çatanda sərnişinləri götürmək üçün sahilə yan ala bilərlər. Sərnişin də kassadan biletini alıb qayığa əyləşər, yaxud onlayn tətbiq üzərindən tək qayıq üçün sifariş verər. Belə olacağı təqdirdə səs-küyün, həm də vergidən yayınmaların qarşısını çox asanlıqla ala bilərik”.
Şura üzvü, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı diqqətə çatdırıb ki, mövcud parkda heç bir fiziki və ya hüquqi şəxslə müqavilə bağlanmayıb. Skuter və digər əyləncələri təşkil edənlərlə profilaktiki söhbətlər aparılıb. Amma nə edək ki, əməl etmirlər. Bələdiyyənin də polisi yoxdur ki, inzibati tədbirlərə əl atsın. Bəziləri şəhid ailələri və qaziləri irəli verirlər, çıxılmaz vəziyyətdə qalırıq. Hüquq-mühafizə orqanlarına məktub göndəririk, gəlib, tədbir görürlər, bir-iki gündən sonra əvvəlki vəziyyət yaranır. O ki qaldı “Limana”, mən də razıyam ki, onu kafe eləmək ən böyük səhv olub.
İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Mahir Əliyev bildirib ki, Bələdiyyə Sahil parkı ərazisində bəzi xidmətlərin göstərilməsi üçün tələb və təklifə, normativə uyğun olaraq hüquqi və fiziki şəxslərlə məhdud sayda müqavilə bağlaya bilər və bağlamalıdır. Bələdiyyə yaxasını kənara çəkməməlidir. Bir nəfərlə müqavilə bağlayır, şərtləri pozanda xitam verir. Həm də başqalarına deyir ki, ərazidəki sıxlıq və normativ 2-ci şəxslə müqavilə bağlamağa imkan vermir.
Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyyar Mustafayevin fikrincə, Bələdiyyə ilin əvvəlindən müəyyənləşdirməlidir ki, hansı parkda hansı xidmətlər göstəriləcək, harda skuter, velosiped sürməyə icazə veriləcək və bunun maksimum həddi nə qədər olacaq. Bizim əməkdaşlar ilboyu Kür sularında şüşə, zibil təmizləməklə məşğuldur. Gəlin, dövlət qurumları və ictimaiyyət nümayəndələrindən ibarət qrup yaradaq, tez-tez parkların ərazilərinə baş çəkək, ictimai qınaq formalaşdıraq. Əraziyə müxtəlif məlumatlandırıcı, çağırış xarakterli lövhələr yerləşdirək.
İctimai Şura üzvü İnqilab Şirinov deyib ki, küçə ticarətinin qarşısının alınmasında İcra Hakimiyyəti, bələdiyyə, polis və medianın birgə fəaliyyəti göstərməlidirlər: “Mingəçevir bazarının qarşısına çıxaq. Orda küçə ticarətidir. Açıq şəkildə deyirəm: polisin xəbəri olmadan heç kəs gətiririb ora stolunu qoya bilməz. İcra Hakimiyyəti də vəziyyətdən xəbərdardır”.
İH başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova hər şeyin İcra Hakimiyyətinin üstünə atılmasını məqbul hesab etməyib: “İnsanlar harda gəldi, hətta məktəblilərin gözü qarşısında heyvan kəsir, qanını və bəzi tullantılarını ümumi kanalizasiya xəttinə axıdırlar. Heyvanın səsini məhəllədə hamı eşidir, amma Qida Agentliyi eşitmir. Müraciət edirik, cavab verirlər ki, tədbir görmək bizim səlahiyyətimiz daxilində deyil”.
Qida Agentliyinin nümayəndəsi açıqlama verib ki, onlar yalnız qapalı obyektlərə nəzarət edirlər: “Amma dəfələrlə akt tərtib etsək də, bir çox sahibkarların ərzağı, xüsusən ət məhsullarını içəridən çıxarıb küçədə satmalarının qarşısını ala bilmirik. Onları inzibati məsuliyyətə yalnız İcra hakimiyyəti və polis cəlb edə bilər.
Mingəçevir şəhər Polis rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Azər Hüseynov məlumat verib ki, polisin vəzifəsi cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, ictimai təhlükəsizliyin təmin olunmasından ibarətdir: “Biz öz işimizi tələb olunan səviyyədə görürük. Hər bir qurum öz işini doğru yerinə yetirsə, belə müzakirələrə ehtiyac qalmaz. Qida Agentliyi nə zaman problemi aşkar edib, bizə göndərdi, biz tədbir görmədik? “İnzibati İcraat haqqında” Qanunun tələbinə görə, dövlət qurumu qanunsuzluğu aşkar edirsə, əgər tədbir görmək onun səlahiyyəti daxilində deyilsə, məsələni aidiyyatı quruma yönləndirməlidir”.
İctimai Şura üzvü Əbülfət Babayev deyib ki, bu gün qazı və şəhid ailələrinin adı ilə qanunsuzluqlara yol verilir: “Mən də qazıyəm, əgər neqativ hala yol verirəmsə, barəmdə ölçü götürülməlidir. Qazi omaq qanunsuzluğa yol vermək imtiyazı yaratmır”.
Vergi nümayəndəsi əlavə edib ki, Vergi Məcəlləsinin tələbinə görə, ödəyici harda gəlir əldə etməsindən asılı olmayaraq, vergiyə cəlb olunmalıdır.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov vurğulayıb ki, ölkədə küçə itləri üçün sığınacaq ancaq Bakıda var. Eyni zamanda Yevlağın kəndlərindən xeyli sayda itləri Mingəçevirə gətirib azdırırlar.
Şəhriyyar Mustafayev isə əlavə edib ki, təcrübədə belə sığınacaqların yaradılması külli-miqdarda vəsaitə başa gəlir. Beynəlxalq təcrübədə zibilxana təsərrüfatı kimin balansındadırsa, itlərə qulluq etməyi onlara tapşırırlar. Əraziyə gətirilən qida tullantıları itlər üçün yem istehsalı hazırlamağa imkan verir. Zibilxananı özəl təşkilata versək, problemi daha məqsədəuyğun şəkildə və rahat həll edə bilərik.
İctimai Şura üzvü Rizvan Mikayıllı müşahidə etdiyi bir faktı bölüşüb: “Mənim bir qonşum var. Qapısının qarşısında sahibsiz it vardı. Onu həyətinə gətirdi, sonda şəklini çəkib Bakıdakı sığınacağa məlumat verdi. Hazırda itə baxmaq üçün qadının kartına hər ay 150 manat köçürürlər”.
İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir Hikmət Kərimov məsələnin Milli Məclisdə də müzakirə edildiyini, bir neçə gün qabaq isə Nazirlər Kabinetindən məktub daxil olduğunu qabardıb: “Hazırda müvafiq təkliflər hazırlanır. Sığınacaqlar açılması, ora ştatlar ayrılması nəzərdə tutulub. Yeri gəlmişkən, bir neçə il öncə şəhərdə QHT xətti ilə sığınacaq yaradılması müzakirə olunurdu. O zaman şərait yaratmadılar. İndi quduzluğun qarşısını almaq üçün xüsusi dərmanlar gətirilib, itlərin daha çox toplaşdıqları ərazilərə səpilir”.
Şura iclasında qərara alınıb ki, Bələdiyyə və digər qurumlarla birgə şəhərdəki parkların idarəolunmasıyla bağlı mexanizm yaradılması üzərində iş aparılsın. Ticarət yerləri və malların satışı üçün uyğun məkanların təyin edilməsi üzərində iş aparılsın. Polis və vergi orqanları, GEM və digər yerli qurumlarla əməkdaşlıq şəraitində ticarəti nizamlamaq və məhdudlaşdırmaq, informasiya mübadiləsi, təlim və məsləhətlər, ictimai qınaq vasitəsi ilə insanlar bilgiləndirilsin. Xüsusən mətbuat və sosial şəbəkələrdən istifadə yolu ilə küçə ticarətinin riskləri, ictimai sağlamlıq və təhlükəsizlik məsələləri barədə toplum məlumatlandırılsın. Asfaltın altında qalan kanalizasiya lükləri ilə bağlı İcra Hakimiyyətinə müraciət olunsun. İnsanları risklərdən qorumaq, şəhərin daha təhlükəsiz bir məkan olmasına kömək etmək üçün sahibsiz heyvanlarla bağlı ictimai bilgiləndirmə və məlumatlandırma aparılsın. Paralel olaraq sahibsiz küçə itlərinin sayı və daha çox toplaşdıqları məkanlar barədə məlumatlar toplansın. Onların təhlükəsiz bir şəkildə yaxalanması, uyğun yerlərə aparılması, veterinar və sağlamlıq qurumları ilə əməkdaşlıq şəraitində sahibsiz itlərin sağlamlıq yoxlamalarına cəlb edilməsi, bununla da potensial xəstəliklərin yayılmasının qarşısı alınması, eyni zamanda dövlət qurumu, bələdiyyə ya ictimai təşkilat nəzdində sığınacağın açılması istiqamətində işlər aparılsın.
Müzakirə barədə məlumat: Kür sahilində “Liman”ı kafeyə çevirmək ən böyük səhv olub.
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
12 noyabr 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın ictimaiyyət nümayəndələri ilə birlikdə görüşü keçirilib. İclasa blog istifadəçiləri də dəvət olunub və onların iştirakilə şəhərin ümumi problemləri ilə bağlı müzakirə aparılıb. İctimaiyyət nümayəndələri məmurların ünvanına sərt tənqidlərini çatdırıblar. Onların gələcəkdə haqqında bəhs olunan məmurlar tərəfindən təzyiqə məruz qalmamaları və narahatlıq yaşamamaları üçün görüş barədə geniş məlumat verilməyib.
Şura üzvləri ilboyu şəhər İcra Hakimiyyətinin və digər qurumların tədbirlərində fəal iştirak edib. 25 apreldə Mingəçevir şəhəri üzrə büdcə gəlirlərinin və xərclərinin 2023-cü ilin birinci rübündə icra vəziyyəti və Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin hesabatı müzakirə olunub.
Görüş barədə məlumat: Başçı məmurlardan şəffaf olmalarını tələb etdi
21 iyunda Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Şuranın növbəti iclasında şəhərdə işsizlik və su-kanalizasiya çəkilişi ilə bağlı və digər məsələlər müzakirə olunub.
“Azərsu” Mingəçevirdə tullantı sularını təmizləyən qurğunu hələ də inşa etməyib
İyunun 24-də Mingəçevir şəhər İcra Hakimiyyətində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində ictimai müzakirə təşkil olunub. İctimai Şura üzvləri tədbirə qatılıb və təkliflərini bildiriblər.
Avqustun 30-da Mingəçevir Gənclər Evində regionlarda ictimai iştirakçılıgın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi adli dəyirmi masada da İctimai Şura üzvləri aktiv olublar.
22 dekabr 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, mətbuat nümayəndələri və şəhər Polis şöbəsinin əməkdaşları Mingəçevirin Mərkəzi bazarına baxış keçiriblər. Məqsəd bazarın qarşısında və ətrafında antisanitar şəraitdə kənd təsərrüfatı məhsullarının satışının qarşısını almaq olub. Bundan əvvəl mövcud qrup vəziyyəti İcra Hakimiyyətində başçısının müavini Fərid Məmmədovun və bazar rəhbərlərinin iştirakilə müzakirə edib. Çıxış yolu kimi ilkin mərhələdə satıcıları maarifləndirmək yolu seçilib.
Bu dəfə Mərkəzi bazarın satıcıları ilə söhbətlər aparılıb, onlar üçün bazarın içərisində yaradılan piştaxtalardan istifadə etmək tövsiyə olunub. İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun müdiri İlqar Pirməmmədov bildirib ki, mövcud vəziyyətdə satış aparmaq qanunauyğun deyil: “Siz nəzərdə tutulmayan yerdə satış həyata keçirməklə qanunu pozursunuz. Üstəlik bu işi antisanitar şəraitdə həyata keçirirsiniz. Yoluxucu xəstəliklərin tüğyan elədiyi bir vaxtda ərzaq, tərəvəz və digər qidaları ayaq altına töküb satmaq həm də başqalarının sağlamlığına ziyan vurmaqdır. Halbuki bazarların içərisində normal satış üçün yerlər mövcuddur. Həmin ərazilər üstü örtülü və işıqlıdır. Başınıza yağış yağmır. Biz bura şəhər rəhbərinin tapşırığı ilə gəlmişik və razılığınızla problemin həllinə çalışırıq. Əgər kimsə etiraz edəcəksə, qanunun sərt üzü ilə qarşılaşacaq”.
Məsələyə ictimaiyyət, polis və bazar nümayəndələri də münasibətlərini açılqlayıblar. Eyni zamanda satıcıların fikirləri dinlənilib. Küçədə satıcılıq fəaliyyəti ilə məşğul olanlar bazarların daxilində piştaxtaların azlıq etdiyini, müştərilərin içəridən alver etmək istəmədiklərini dilə gətiriblər. Bazrın içərisində alver edən bir satıcı isə deyib ki, əksəriyyət mallarını küçədə satdığından içəridə alıcı qıtlığı ilə üzləşiblər.
Müzakirədən sonra yeni ilin ilk günlərindən başlayaraq, məhsullarını bazarın içərisində ayrılmış yerlərdə satacaqları ilə bağlı satıcılarla razılıq əldə olunub. Eyni zamanda bazar rəhbərlərinin diqqətinə çatdırılıb ki, qısa müddətdə satış yerlərini təmir edərək, nümunəvi vəziyyətə gətirməyə borcludurlar. Lakin bu günə qədər vəziyyət dəyişməyib.
Baxış barədə məlumat: “Mingəçevirin Mərkəzi bazarına baxış keçirilib”.
Şərhlər bağlıdır.