20 Yanvar küçəsindəki 166 saylı binanı təhlükə gözləyir
Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri “Dəmir Yumruq” məhəlləsinə gəldilər
Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166 saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu olduğunu, müxtəlif dövlət qurumlarına şikayətlərinin qulaqardına vurulduğunu bildirib: “Gəlirlər, suyu çəkib, gedirlər, yenə zirzəmi kanalizasiya suları ilə dolur. Heç kim problemi köklü şəkildə həll etmək istəmir. Üfunət üzündən pəncərələrimizi açıq qoya bilmirik. Baxın, hələ qış bitməyib, amma ağcaqanadlar mənzillərimizə hücum çəkir”.
Görüşə gələn şura üzvləri binaya baxış keçiriblər. Məlum olub ki, vəziyyət həqiqətən acınacaqlıdır və təcili köklü tədbir görülməsə, binanın uçması və sakinlərin sağlamlıqlarını itirməsi ilə sonuclana bilən hallar baş verə bilər.
Binanın yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi, dam örtüyü dəyişdirilərkən tüstü bacalarına çıxışın düzgün qurulmaması, məhlədəki istirahət yerinin şəxsi mülklərə çevrilməsi də sakinləri narahat edir.
Şura sədri Fərman Nəbiyev problemi Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının və ictimaiyyətin nəzərinə çatdıracağını və diqqətdə saxlayacağını bildirib.
Şərhlər bağlıdır.