Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vaqif Həsənov: “Xidmət təşkilatları, sizdən dəstək istəmirik, sadəcə mane olmayın”.

Sahibkarlarla enerji təchizatı idarəsi arasında yaranmış anlaşılmazlıq Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şurada müzakirə olundu və ümumi razlıq əldə edildi

95

2020-ci ilin fevral ayından başlayaraq sahibkar obyektlərindəki güc transformatorlarının təmiri üçün “Azərişıq” ASC-nin yerli nümayəndələri tərəfindən məcburi qaydada göstəriş verilməsi və müqavilə bağlamaqla vəsait tələb edilməsi barədə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya daxil olan müraciət araşdırılıb. Məlum olub ki, “Elastik” MMC-nin rəhbəri Vaqif Həsənov 1556 AZN məbləğində vəsaiti köçürməyə məcbur edilib. Bunun müqabilində isə ona heç bir maliyyə sənədi və işin görülməsinə dair akt təqdim olunmayıb. Ən narahatedici məsələ isə enerji təchizatı qurumunun enerji xəttini xəbərdarlıq etmədən dövriyyədən açmasıdır ki, nəticədə bir müddət işıqsız qalan sahibkar məhsulunun zay olması, sifarişlərini vaxtında yerinə yetirməməsi üzündən ziyana düşüb.

Məsələ ilə bağlı İctimai Şura  Mingəçevir şəhər İcra Hakimiyyəti başçısına, “Azərişıq” ASC-nin  və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərlərinə rəsmi məktublar ünvanlayıb.

15 mart və 31 mart 2023-cü ildə İctimai Şura üzvlərinin, KOBİA və “Azırişıq” ASC-nin yerli nümayəndələrinin iştirakilə dövlət-özəl əməkdaşlıq platforması çərçivəsində üçtərəfli görüşlər keçirilib. KOB dostu Ayaz Ədilov bir müddət əvvəl “Azəriqaz” ASC ilə belə əməkdaşlığın müsbət nəticələndiyini diqqətə çatdırıb: “Şəhərdə əhali və qeyri-əhali abonentlərinin problemləri həllini tapdı, Mingəçevirdə əvvəllər kortəbii şəkildə qaz xətləri çəkilmiş yaşayış massivləri normativlərə uyğun şəkildə yenidən qazlaşdırıldı. Ümid edirəm ki, “Azərişıq”la yaranmış problemləri də yerində həll edə biləcəyik”.

İctimai Şuranın sədri Fərman Nəbiyev diqqətə çatdırıb ki, enerji xətlərində tez-tez açılmalar əhali və qeyri-əhali sektorunda haqlı olaraq narazılıq yaradır: “Biz başa düşürük ki, təbii qəzalar baş verəndə bu mümkündür. Yaxşı haldır ki, yeni yarımstansiyanın inşasının başa çatdlrılması nəticəsində yerüstü xətlər yeraltı xətlərlə əvəz olunacaq. Bu da küləkli havalarda qəzaların baş verməsinin qarşısını alacaq. Lakin səbəbsiz açılmaların olduğu da məlumdur. Bəlkə də təmir işləri ilə bağlı edilir, amma insanları qabaqcadan xəbərdar etmək mümkün deyilmi? Hətta enerji qurumu sosial şəbəkə hesabından bu məlumatı yaya bilər.”

İctimai Şuranın üzvü və “Elastik” MMC-nin rəhbəri Vaqif Həsənov xidmət qurumlarını  ölkədə sahibkarlığın inkişafına  mane olmamağa çağırıb: “Biz bütün xidmətlərə görə vaxtlı-vaxtında ödənişlərimizi edirik, ən əsası isə işsizliyin çoxaldığı bir zamanda iş yeri açmaqla onlarla ailəyə evlərinə çörək aparmağa şərait yaradırıq. Azərbaycan Prezidenti bizə hər cür dəstək göstərir.  Xidmət təşkilatları, sizdən  dəstək istəmirik, sadəcə mane olmayın”.

Mərkəzi Aran RETSİ-in baş mühəndisi Elbrus Əliyev anlaşılmazlığın baş verdiyini, eyni zamanda enerji idarəsi əməkdaşının kobudluq etdiyini və cəzalandırılacağını bildirib. O, əlavə edib ki, sahibkar obyektlərindəki enerji avadanlıqlarının təmirini lisensiya əsasında fəaliyyət göstərən və xüsusi laboratoriyaya malik müstəqil qurumlar həyata keçirməlidirlər.

Şərhlər bağlıdır.