Mədəniyyət

Martın 10-da Mingəçevir Teatrında bayram gecəsi yaşanıb

Respublikanın Əməkdar artisti Ella Yaqubovanın fikrincə, dünyasını dəyişən sənətkarların ruhları, təqaüdə göndərilən aktyorların səsi bu səhnədədir, bu divarlardadır.

“M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı 1969-cu ildə ilk olaraq Cəfər Cabbarlının “Almaz” dramı ilə fəaliyyətə başlayıb. İndiyədək teatrın səhnəsində 300-dən artıq tamaşa oynanılıb”.

Bu fikirlə çıxışına başlayan teatrın direktor müavini Vüsal Məmmədov Azərbaycanın bölgələrinin də bayram əhval-ruhiyəsində olduğunu deyib: “Milli Teatrımızın 143-cü  ildönümü ərəfəsində teatrımızın aktyoru Şıxı Yaqubov Əməkdar artist fəxri adına, rəssamı Yusif İmamverdiyev isə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb”.

İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev Milli Teatrımızın  143 ildə keçdiyi yoldan söhbət açıb: “Teatrımızın tarixi 1870-ci ildən başlayıb. Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirovun təşkilatçılığı ilə ilk fəfə “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası hazırlanıb. Bundan sonra Azərbaycanda bu sahəyə diqqət artıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə teatr üçün boyük bina tikilib. Ulu öndər Azərbaycanda milli-mənəvi irsimizin genişlənməsi, mədəniyyətin inkişafı, teatr xadimlərinin mükafatlandırılmasına xüsusi diqqət ayırırdı.

Mədəniyyətimizin inkişafında Mingəçevir Dram Teatrının kollektivinin əməyi də böyükdür. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da bu kollektivə diqqət və qayğısını əsirgəmir”.

Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli təbriklərini çatdırmaqla yanaşı teatrın bir qrup gənc aktyorunu ruhlandırmaq məqsədilə onlara təmsil etdiyi qurumun fəxri fərmanlarını təqdim edib.

Respublikanın Əməkdar artisti Ella Yaqubova teatr səhnəsi ilə vidalaşan teatr korifeylərini yad edib: “Dünyasını dəyişən sənətkarların ruhları şad olsun. Təqaüdə göndərilən aktyorlarımızı təbrik edirəm.  Onların səsi bu səhnədədir, bu  divarlardadır. Xalq artisti Zülfüqar Abbasov, Əməkar artist Nisə Rzayeva, teatrın aktyoru və rejissoru İsa Əlimov və hər birimizin sənəti bugünkü gənclərə örnəkdir”. E.Yaqubova bu teatrda “Gənc aktyorlar studiyası”nın yaradıldığını və onun fəaliyyəti dövründə onlarla gəncin aktyorluq sənətinə yiyələndiyini qeyd edib, gənc aktyorlara həmin studiyanın diplomlarını təqdim edib.

Teatrın baş rejissoru Xəzər Gəncəli teatrın üç min il yaşı olduğunu, Azərbaycanda onun əsasının qədim milli xalq oyunları – “Kosa-kosa”, “Çoban”, “Üç qardaş” kimi tamaşalarla qoyulduğunu deyib: “Teatrımız qədim ənənənlərə söykənir, onun kökləri dərindir. Biz M.F.Axundovu Azərbaycan teatrının banisi, yaradıcısı, ulduzu sayırıq. O, ilk 5 komediyasını 2 ildə yazıb. Mirzə Fətəli  Molyerdən də üstündür”.

X.Gəncəli teatr tarixi ilə bağlı çox maraqlı faktları açıqlayıb və tamaşaçılara yeni məlumatlar verib.

Bədii hissədən sonra mingəçevirlilərə Bəhman Osmanovun quruluşunda “Son reportaj” tamaşası təqdim olunub.

Daha çox

Oxşar yazılar

Close