Aktual

Dəm qazı həyatımızı əlimizdən ala bilir

Mənzildə qızdırıcı cihazların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilmədikdə dəm qazından zəhərlənmə baş verir və bu, özünü yaşaran gözlər, başağrısı, başgicəllənmə ilə biruzə verir

Son zamanlar qaz cihazlarının istismarı zamanı insanlar arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu halların əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir.

Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.

Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü biruzə verir: yaşaran gözlər, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallusinasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.

Mənzildə dəm qazı təhlükəsinin qarşısının alınması üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi, həmçinin qızdırıcı cobaların həddindən artıq qızmasına yol verilməsi, həmin cihazların istismarını azyaşlı uşaqlara həvalə edilməsi, yanar vəziyyətdə olan qızdırıcıları nəzarətsiz qoyulması çox təhlükəlidir.

Mənzildə qızdırıcı cihazların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir. Unutmayın ki, qızdırıcı soba ilə mənzilin və ya hamamın ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz. Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir.Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırarkən nəfəsliklər açıq olmalıdır.

Otaqlarda quraşdırılmış qızdırıcı sobanın işləməsinə vaxtaşırı fasilə verilməlidir.Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadi havalanırıldıqda dəm qazından zəhərlənmə riski azalır.

Evinizə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirin. Mənzildə qızdırıcı cihazlarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın.

Dəm qazından zəhərlənmə baş verərsə nə etmək lazımdır?

Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.Lakin təcili tibbi yardım gələnədən ətrafdakılar ona ilk yardımı göstərə bilər. Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompress qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin.

Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir.

Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti (olmadıqda sirkə) ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs verilməli, zərurət olduqda ürək massajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmalıdır. Dəm qazından zəhərlənən insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.

Unutmayın ki, hər hansı bir fövqəladə hadisə baş verdikdə “112” qaynar xəttinə müraciət edin.Yadda saxlayın ki, yalnız təhlükəsizlik qaydalarına əməl etməklə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq mümkündür.

 

FHN Aran Regional Mərkəzi

Maarifləndirmə sektoru

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker