MingəçevirTəqvim

Kövrək anların fotoları

Hər bir xalqın ən böyük sərvəti

1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 21-il bundan əvvəl , 1 iyun 1998-ci ildə şəhid balaları öz bayram günlərində doğma Qarabağımızın  ərazi  bütövlüyü  uğurunda  canlarından  keçərək, şəhidlik zirvəsinə ucalmış atalarının məzarlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına  gəldilər. Qısa, lakin şərəfli bir ömür yaşayaraq əbədiyyətə qovuşmuş, hər birimizə örnək olan Kişilərin övladları!
Niyə bu foto mənə bu qədər əzizdir? Çünki onların atalarının əksəriyyətinin tapşırıqsız, qəlblərinin hökmüylə  Qarabağ savaşına yollanmalarının  şahidi olmuşam. Sonra müxtəlif cəbhə bölgələrində görüşdük. Bəzən yardım apardığımız maşınla geriyə şəhid tabutu ilə qayıtmalı oldu1. Və sonralar hər şəhidin son xatirə vida nitqini söyləmək nəsib oldu mənə.
Əksəriyyəti çox gənc idi, yenicə ailə qurmuşdu. Çoxunun övladı onlar cəbhədə olanda ,ya da şəhidliyə ucaldıqdan sonra dünyaya gəldi.
… İllər keçdi,şəhid balaları pərvazlandılar. Atalarının məzarları önündəki xatirə nitqlərimi onların  həyatının  əlamətdar günlərində  söylədiyim təbrik çıxışları əvəz etdi. Qəhrəman oğullarımızın yadigarlarını atalı uşaqlardan da ürəkli, gözütox böyüdən bu gənc anaların saçlarına nə vaxt dən düşdüyünü heç özləri də hiss etmədilər. Ömürlərini sevdikləri Böyük Vətən Oğullarının  əmanətlərinə həsr etdilər bu analar!

… Özümü tanıyandan həmişə söyləmişən ki, öz soykökünə hörmətlə yanaşan, öz kimliyini  bilmək istəyən hər birimiz ən əvvəl yurdumuzu gəzməli, sonra isə əzəli torpaqlarımız olan, zaman-zaman bizlərdən qoparılaraq aramızda  sərhəd dirəkləri çəkilmiş Təbrizə, Dərbəndə, Borçalıya  da getməlidir. İllər öncə Təbrizdə oldum. Bütün tarixi, böyük Şəhriyarın, Xaqaninin uyuduqları  yerləri  ziyarət etdim. Hər addımında insalarının doğmalığını hiss etdiyim, “Doğransalar da  dilim-dilim” ana dilini qoruyanların, yaşadanların şəhəridir Təbriz.
Təbrizdə mənim üçün ən yaddaqalan, xoş məqamlardan biri “Azərbaycan” muzeyi yerləşən ərazidəki xiyabanda bir dəstə uşağın öz şirin ləhcələri ilə   mübahisə edərək, bir-birinə “güzəştə” getməmələri, bütün ərazini başına götürmüş səs-küyləri ilə velosiped yarışmasında hər birinin qalib olmağa can atmasını görməyim, onlarla söhbətləşməyim oldu. Bütün bunlara çox sevindim və dərhal düşündüm ki, bu uşaqlar Təbrizin-Azərbaycanın  çox etibarlı gələcəyidir. Onlara heç nəyi zorla qəbul etdirmək mümkün olmayacaq. Nə bilmək olar, bəlkə də  gələcək dühalarımız, sərkərdələrimizdən biri olacaqlar?!        Onlarla şəkil çəkdirdimvə böyüyəndə bu taydakı Azərbaycana, o cümlədən Mingəçevirə  gələmələrindən çox məmnun olacağımı bildirdim.
…Artıq hər iki şəkildəki uşaqlar böyüyüb. Lakin anaları üçün onlar hələ də uşaqdırlar. Həyatları uğurlu olsun!
Mən, Azərbaycanımızın, doğma şəhərimizin bütün uşaqlarını, eləcə də Təbrizli balalarımızı  qəlbən təbrik edir, onların sağlam, gələcəkdə Azərbaycanımızın layiqli övladları və milli ruhun daşıyıcıları olmalarını arzulayıram!

Hörmətlə, 

Bayram Mustafa.

23.05.2019

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close