İcra başçısı şəhərdə suyun qiymətinin aşağı salınacağına tərəddüd etmir
2015-ci İl ərzində şəhərin sənaye müəssisələrində 264,7 milyon manatlıq məhsul hazırlanıb ki, bu da əvvəlki illə müqayisədə 17,3 faiz artım deməkdir. Azərbaycan İES-də 7,4 milyard, “Mingəçevir SES silsiləsi” MMC-də 451 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub. Sənaye müəssisələrində çalışanların sayı ötən ilin sonuna 3027 nəfər olub ki, onlardan da 591 nəfəri özəl sektorun payına düşür. Bu dövrdə əsas kapitala 131,4 milyon manat investisiya yönəldilib, 115,4 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb, əhaliyə 5,3 milyon manatlıq nəqliyyat və rabitə, 81,5 milyon manatlıq ticarət xidməti göstərilib. İl ərzində 49 hündürmərtəbəli binada 56 min kv.metr dam örtüyü əsaslı təmir olunub, 22 yaşayış evində 62 min kv.metr fasad rənglənib. Şəhərin Heydər Əliyev prospektinə, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Fidayıl Abdullayev və Samux küçələrinə, çimərlik yoluna, məhəllədaxili ərazilərə və piyada səkilərinə 420 min kvadrat metr asfalt örtüyü çəkilib. 2015-ci ildə Heydər Əliyev, Məhəmməd Füzuli parkları, Teatr meydanı yenidən qurulub, “Mingəçevir-Toxucu” ASC-nin bzasında Mingəçevir Sənaye Parkının və “Kür” EAİM-nin bazasında Yüksək Texnologiyalar Parkının qurulması, su və kalizasiya sisteminin dəyişdirilməsi, enerji və qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib.
Ötən il 10315 nəfər yaşa, 5665 nəfər əlilliyə, 1375 nəfər ailə başçısını itirməyə görə təqaüd alıb. Bu məqsədlə 33,7 milyon manat sərf olunub. Şəhər üzrə aylıq təqaüd 162 manat olub. İl ərzində 5281 üzvü olan 1354 ailəyə ünvanlı sosial yardım ayrılıb.
Məşğulluq Mərkəzinə qeyri-məşğul şəxs kimi 1104 nəfər müraciət edib.Onlardan 466-sı ixtisasına uyğun işlə təmin olunub, münasib işlə təmin olunmayan 95 nəfərə işsiz statusu verilib və müavinət təyin olunub. Mingəçevirdə məskunlaşan 20324 köçkünün və ya 5436 köçkün ailəsinin gündəlik problemləri, əhaliyə təhsil, səhiyyə, mədəniyyət və turizm xidmətləri göstərən, gənclərlə işləyən təşkilatların, siyasi partiya, QHT və KİV-lərin, dini qurumların fəaliyyəti ilboyu icra hakimiyyətinin diqqət mərkəzində olub. İH başçısı tərəfindən vətəndaşların qəbulu ilə bağlı 47 rəsmi, 44 səyyar görüş keçirilib.
2015-ci il həm də Azərbaycan Prezidenti İlham Əliyevin Mingəçevirə gəlişi ilə yadda qalıb. Ötən il fevral ayının 24-də ölkə başçısı məcburi köçkünlər üçün tikilən şəhərciyə və əsaslı təmir olunmuş mərkəzi xəstəxanaya, yeni inşa olunan “Ağsaray” otelinə və təzədən qurulan Heydər Əliyev parkına baş çəkib , 120 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Bütün bunlar barədə Mingəçevir Şəhər İcra hakimiyyəti başçısı Niyazi Bayramov 2015-ci il ərzində Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı hesabatında bəhs edib. MDU-nun konfrans zalında baş tutan hesabat yığıncağında başçı bildirib ki, su və kanalizasiya şəbəkəsində yenidənqurma, Aydın Məmmədov küçəsində asfaltlanma və işıqlandırma, 1, 7 və 9 nömrəli orta ümumtəhsil məktəblərində əsaslı təmir işlərini başa çatdırmaq, istilik təchizatının əhatə dairəsini genişləndirmək, fərdi mənzil tikilən əraziləri qazlaşma ilə tam təmin etmək, dam örtüklərinin yenilənməsini davam etdirmək, sənaye parkının yaradılmasının sürətləndirmək, yeni inşa olunan ticarət və digər təyinatlı obyektlərin qısa müddətdə fəaliyyətə başlamasına şərait yaratmaq, işsizliyi aradan qaldırmaq 2016-cı ildə qarşıda duran vəzifələrdəndir.
Hesabat məruzəsi ətrafında Maliyyə İdarəsinin rəisi Şahverdi İsfəndiyarov, Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədov, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elçin Abdullayev, Texniki-Rezin ASC-nin sədri Vaqif Həsənov, Təhsil şöbəsini müdiri Sahib Məmmədov, Mərkəzi Xəstəxananın baş həkimi Yusif Quliyev, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Samir Məmmədov fikirlərini bölüşüblər. Qeyd olunub ki, hesabat dövründə maliyyə gəlirlərinin icrası 100,5 faiz, xərclər üzrə isə 97,6 faiz yerinə yetirilib. Kommunal müəssisələrdə əhalidn yığım aşağı səviyyədə olub. 650 nəfər işlə təmin edilib. Lakin bütün müəssisələr boş iş yerləri barədə məlumatları vaxtında təqdim etməyib, işçilərlə online müqavilələr bağlamayıblar. Prezidentin göstərişindən sonra sahibkarların gömrükdə qarşılaşdıqları maneələr azaldılıb. Orta məktəblərin MDU ilə əlaqələri genişlənib. Ötən il əhalinin 75 mini tibbi müayinədən keçirilib və bi işə fevral ayının 15-dən yenidən başlanıb. Mədən vergisi istisna olmaqla, bələdiyyənin başqa sahələrdən əldə etdiyi gəlirlər artıb. 10 mindən çox gənc Gənclər Evində tədbirlərə qatılıb. Yağış sularını ötürən xətlər və şəhəri sel təhlükəsindən qoruyan kanallar təmizlənib, əlavə mühafizə kanalının çəkilməsi nəzərdə tutulub.
Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov ötən il ərzində ölkədə, o cümlədən Mingəçevirdə görülən işlərdən söhbət açıb. Onun fikrincə, dünyanı bürümüş krizis Azərbaycandan da təsirsiz keçməyib: “Lakin biz ən az itki ilə vəziyyətdən çıxan ölkəyik. Bu, iqtisadiyyatımızın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması syəsində mümkün olub. Taxıl və taxıl məhsulları ƏDV-dən azad edilib, nəticədə çörəyin qiymətini əvvəlki səviyyədə saxlamaq mümkün olub. Əhalinin işsizliyini aradan qalırılmaq üçün ciddi addımlar atılıb. Azərbaycanın ərazi bütövlüyünün qorunması dövlətin ən ümdə və prioritet vəzifələrindən biri olub”.
V.Bağırov çoxmənzilli binaların isidilməsi, dam örtüklərinin dəyişdirilməsi, məktəb və uşaq bağçalarının, məhəllədaxili ərazilərin təmiri vəziyyətindən də narahatlığını vurğulayıb. Tədbir iştirakçıları da bu və ya digər məsələlərin nə vaxt həll olunacağı ilə bağlı fikirlərini İH başçısına ünvanlayıbıar. Vətəndaşlar süni qiymət artımı yaradanlara qarşı mübarizənin artırılması, yeni iş yerlərinin tezliklə açılması, bağ sahələri və yaşıllıqları suvarmaq üçün əhaliyə münasib qiymətə su verilməsi ilə bağlı sual və təkliflərini ünvanlayıblar. Prezidentin sahibkarlığın inkişafına diqqət və qayğısını artırmasına baxmayaraq, “Azərsu” ASC-nin yeni sayğacını ala bilməyən kiçik sahibkarların obyektlərinin susuz qalması barədə məsələ isə ciddi müzakirəyə səbəb olub. Başçı bütün bunların həlli üçün yuxarı orqanlarla birgə apardığı danışıqlar barədə məlumat verib. Həm də Mingəçevirdə suyun qiymətinin aşağı salınacağına ümid etdiyini bildirib.
Qərar layihəsinin qəbulundan sonra ölkə başçsına müraciət ünvanlanıb.
Şərhlər bağlıdır.