Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mirasa sahib olmağın asan və çətin yolları

897

“Mirası qoyan şəxs məcburi pay alacaq şəxsdən sonra ölərsə…”

“Ötən ilin yayından bir məhkəmə prosesini izləyirəm. Prosesin məğzi belədir: Atanın 4 övladı vardı-iki qızı, iki oğlu. Oğullardan biri itkin düşüb,  o biri isə atanın sağlığında dünyasını dəyişib. Kişi ölməmişdən qabaq mülkünü qızlarından birinə vəsiyyət edib.  İkinci bacı məcburi paydan rəsmən imtina etdikdən sonra vəsiyyətnamə alan övlad  mirası bütünlüklə qəbul edib və rəsmiləşdirib. Atanın sağlığında  həyat yoldaşından boşanan və ölən oğulun  ailəsi bundan sonra  mülkdən onlara çatacaq məcburi payı almaq üçün birinci instansiya məhkəməsində iddia qaldırıb. Məhkəmə iddianı qismən təmin edərək, oğulun usaqlarına məcburi payı tanıyıb.  Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Mart ayının sonunda proses Ali Məhkəmdə davam edəcək”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Ruhiyə Kərimli bizimlə söhbətə belə başladı. Bildirdi ki, hakimlər bu proses zamanı bir sıra incə məqamlara diqqət yetirməyiblər:  “Ogul sağlığında öz ailəsindən boşanıb. Ata öləndən sonra ölmüş oğulun arvadı və uşaqları gəlib ki, bizim də bu əmlakda məcburi payımız var. Konstitusiya Məhkəməsinin izahına görə, məcburi pay o halda yaranır ki, məcburi pay alacaq şəxs miras qoyan şəxsdən əvvəl ölməmiş  olsun. Məcburi payı ala biləcək şəxs o kişinin övladıdır. Yəni birinci dərəcəli vərəsədir. Qanunda belə bir məqam var ki, məcburi pay almaq hüququ vərəsəliklə keçir. Konstitusiya  Məhkəməsi bu vəziyyətə aydınlıq gətirib ki, məcburi pay hüququ o vaxt yaranır ki, vərəsə mirası qəbul etdikdən sonra vəfat etsin. Yəni oğul mirası qəbul etməyibsə, bu əmlak onun mülkü  deyilsə,  necə vərəsəlik yarana bilər?  Qanunla ata öləndən sonra əmlakı varisinə keçir. Amma oğul öləndə ata sağ idi, deməli oğulun əmlakı yox idi. Olmayan əmlak başqasına vərəsəlik qaydasında necə keçə bilər? Düşünürəm ki, birinci instansiya məhkəməsi məsələnin məğzini gözdən qaçırıb, apellyasiya da  eyni səhvi təkrar edib. Nəticədə qızın adına olan 2 mərtəbəli evin çıxarışı ləğv edilib, amma qərar hələ qüvvəyə minməyib”.

R.Kərimli onu da dedi ki, qanuna görə,  miras açılan günə qədər nikahları ləğv edilmiş şəxslər biri digərinin vərəsəsi ola bilməz: “Miras açılan günə qədər son 3 ildə ər və arvad bir yerdə  yaşamırlarsa, yəni faktiki olaraq münasibətlərinə son qoyublarsa, bu halda biri digərinin varisi ola bilməz. Başqa bir problem: ər və arvad uzun müddət bir yerdə yaşayır, amma rəsmi nikahları yoxdur. Ortada rəsmi nikah yoxsa, birmənalı şəkildə ər və ya arvad bir-birinin vərəsəsi ola bilməz.  O ki qaldı uşaqlara, hətta qeyri-rəsmi nikahdan doğulan uşaq belə vərəsə sayılır, bir şərtlə ki, atalığı tanınsın”.

“Vərəsələr notariata gedəndə elan etməlidirlər ki, neçə qanuni vərəsə var”

R.Kərimlinin sözlərinə görə, bir çox hallarda sonradan ortalığa başqa vərəsə çıxır və elan edir ki, miras açılanda onun xəbəri olmayıb, sonradan eşidib, gəlib: “Buna qədər miras bölünüb və  sənədlər rəsmiləşdirilibsə, bu zaman əvvəlki əqdlər paya münasibətdə qismən ləğv oluna bilər. Tutaq ki, kiminsə payı beşdə bir idi, bundan sonra altıda bir olur. Ortalıqda vəsiyyətnamə olduğu halda mirasın tən yarısı vəsiyyət olunana çatır, qalanı isə qanun üzrə birinci növbə  vərəsələr arasında bərabər bölünür. Vərəsələr notariata gedəndə elan etməlidirlər ki, neçə qanuni vərəsə var. Əgər onlar gəlib deyirlərsə ki, biz 5  nəfərik, 4-müz gəlmişik, birinin yeri məlum deyil, onda notarius mirası bölür beş yerə, birini açıq saxlayır. Amma Azərbaycan reallığında vərəsələr gedirlər MİS-ə, ordan arayış alırlar ki, mərhumun başqa varisi yoxdur. Əslində gizlətmə vərəsələrin mirasdan məhrum edilməsi ilə də nəticələnir. Digər tərəf bununla bağlı məhkəmədə iddia qaldırıb, onları bütünlüklə mirasdan məhrum edə bilər.  Təəssüf ki, əksəriyyət bunu fikirləşmir”.

Qısa arayış: Azərbaycan prezidenti İlham Əliyevin “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında”  2015-ci il 31 avqust tarixli fərmanına əsasən hazırda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış  “ASAN Xidmət” mərkəzlərində və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarında yeni qaydada verilir. Arayış “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilir, arayış vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanır və vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilir.

“Notarius bütün vərəsələri axtarmağa borcludurmu?”

Ümumiyyətlə, miras nə vaxt açılır, əmlakı olan şəxs öldüyü gündənmi? Ola bilər ki, meyit ortada yoxdur. Yaxud həkim rəy verə bilmir. Götürək Neft daşlarında olan hadisə zamanı itkin düşənləri. Bizim qanunvericilik bu kimi halları necə tənzimləyir?

Suallarımızı cavablandıran hüquqşünas izah edir ki, Azərbaycan qanunvericiliyində ölmüş və itkin düşmüş elan etmə kimi 2 hal var: “İnsan daimi yaşayış yerində 2 il ərzində görünməzsə, itkin düşmüş, beş  il görünməzsə, ölmüş elan edilir. Qanunda belə müddəa da var ki, əgər şəxsin yaşayış  yerində onun harada olması barədə 5 il ərzində məlumat olmazsa, habelə o, ölüm törədən və ya hansısa bədbəxt hadisədən  həlak oldugunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin duşərsə və ondan 6 ay ərzində xəbər cıxmazsa, həmcinin hərbi əməlyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçərsə, onun məhkəmə qaydasında ölümü elan edilə bilər.  Yəni mirasın açılması üçün ortalıqda ölüm haqqinda sənəd olmalıdır. Miras qoyanin öldüyü gün mirasın acıldıgı vaxt sayılır. Tutaq ki, meyit sonradan tapıldı, onda onun ölümünü hansı  tarixə yazacaqlar? Və bunun da mirası qalıb-torpağı, evi, bankda pulu və s. Bəzi  ölkələrdə belə halda mirasın açılması üçün 7 il gözlənilir. Əslində ölümün səbəbi bilinməlidir.  Bu da əsasən həkim rəyinə əsasən yazılır. Ölüm haqda qaydi həkim o zaman yazır ki, artıq beyin öz fəaliyyətini dayandırıb. İnsan komada da yaşaya bilər. Beynin ölməsi təsdiq olmayıbsa, sadəcə onun əmlakının idarəedicisi təyin oluna bilər”.

Müsahibimiz belə bir məqamı da vurğulayır ki, Notariat fəaliyyəti haqqında qanunun 55-ci maddəsinə görə, bir vərəsə müraciət etdikdə digər vərəsələrin olub-olması araşdırılmalıdır: “Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius  həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür”. Təbii ki, notariuslar nə qədər axtarış aparsalar da, bütün  qanuni vərəsələri tam müəyyənləşdirmək çətindir, bəlkə də mümkün deyil. Adətən notariuslar evdə yaşayanları, ən yaxın adamları araşdırırlar. Elə 3 aydan sonrakı müddət də buna görə nəzərdə tutulub. Hazırda əksər məhkəmələrdə bu problemlə bağlı işlər var. Məsələ bundadır ki, qanuni vərəsələrin biri, ya ikisi miras açılan yerdə, digərləri  başqa yerdə, ölkədə  yaşayır. Onlar bilmirlər ki, ya gəlib mirası qəbul etməlidirlər, ya da ondan imtina etməlidirlər. Hətta mirası qəbul edənlər onu da bilməlidirlər ki, mərhumun miras məbləği qədər borclarını  da ödəmək onların üzərindədir”.

“Mirasın qəbuluyla bağlı müddəti  uzatmaq mümkünmü?”

Azərbaycan qanunvericiliyinə görə,  vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən altı ay keçdikdən sonra isə mirasın qəbuluna yol verilmir. Bunu necə başa düşməli? Müsahibimiz açıqlama verdi  ki,  3 ayadək ərizə verilir və növbəti 3 ay ərzində iş açıq qalır: “Ola bilər ki, nə isə gizlədilib. Əgər vərəsələr arasında mübahisə yoxdursa, bu müddət daha qısa ola bilər. Çox zaman  vərəsələr faktiki olaraq mirası qəbul edirlər,  məsələn,  həmin evdə yaşayırlar, əmlakın saxlanmasına vəsait xərcləyirlər. Əgər kimsə hətta ölmüş adamın miras mahiyyəti daşıyan telefonunu, üzüyünü, xalçasını və s. götürüb, deyirsə ki, bunlar mənə atamdan qalıb, bu, o deməkdir ki, artıq miras qəbul olunub.  Əmlakın bir hissəsinin qəbulu bütövlükdə hamısının qəbuluna bərabərdir. Yəni notariusa müraciət mütləq deyil. Bütün varislər öz aralarında əmlakı bölürlər, bununla da mirası qəbul etmiş sayılırlar. Amma minik maşını, ev, torpaq qalırsa, bunları sənədləşdirmək üçün notariusa müraciət etmək lazım gəlir. Əslində notariuslar 3 aydan sonra buraxılmış müddəti vətəndaşın xeyrinə həll edib. sənədləri rəsmiləşdirə bilərlər. Qanun da bunu istisna etmir. Düşünürəm ki, müddətin  daha artıq uzadılması vacibdir. Çünki praktikada bununla bağlı xeyli məhkəmə  işləri var. Sadəcə qanuna kiçik bir dəyişiklik etməklə, müddəti bir ilə qədər uzatmaq mümkündür”.

Ruhiyə xanımın dediyinə görə, qanun həm ev, həm də notariat  vəsiyyətnamələrinə icazə verir:  “Hər iki vəsiyyətnamə-həm ev, həm də notarius vəsiyyətnaməsi yazılı olmalıdır. Adətən insanlar ev vəsiyyətnaməsinə maraq göstərmirlər,  notariusda öz iradələrini ifadə edirlər. Yaxud notariusa bərabər tutulan şəxslər həmin vəsiyyətnaməni qəbul edə bilərlər. Məsələn, kimsə notariusa gedə bilmirsə,  xəstəxananın,  müalicə müəssisəsinin baş həkimi,  hərbi hissənin, cəzaçəkmə müəssisəsinin rəisi, gəmi və təyyarənin  kapitanı notariusun səlahiyyətlərini həyata keçirə bilər.  Kənd yerlərində notariuslar olmadığına görə, yerli icra hakimiyyət orqanlarının nümayəndələri  də bu işi görə bilərlər”.

 “Bağışlayanın əmlaknı geri almaq hüququ var”

Müsahimizin sözlərinə görə, bir kəs digərinə əmlakını bağışlayırsa, bağışlanan öldükdən sonra bağışlayan əmlakını geri tələb edə bilər: “Mənim təcrübəmdə belə bir iş vardı. Oğul, gəlin və qayınata bir yerdə yaşayırdılar. Oğul öləndən sonra ailədə mübahisə yarandı,  mənzil satıldı, qayınata özünə 2 otaqlı, gəlin isə 1 otaqlı mənzil aldı. Qayınata  öləndən sonra gəlin mirasın qəbuluyla bağlı bir notariusa, kişinin başqa yerdə yaşayan qızı isə digər notariusa müraciət etdi. Qız ikinci varisin olmadığını iddia edərək, qısa müddətdə şəhadətnamə aldı. Amma gəlinin iddiası üzrə  məhkəmə qıza  verilmiş  şəhadətnaməni ləğv etdi. Növbəti proses zamanı isə maraqlı bir məqam üzə çıxdı. Aydın oldu  ki, miras qalan ev əvvəl bu qıza məxsus olub, sonra qız atasına  bağışlayıb. Qanuna görə, bağışlamanı qəbul edən şəxs bağışlayandan qabaq ölürsə, bağışlayan  əmlakını geri tələb etmək hüququna malikdir. Yəni qız ölmüş olsaydı, əmlak vərəsələr arasında bölünə bilərdi. Bundan sonra qızın  iddiası təmin olundu”.

R.Kərimli ləyaqətsiz vərəsə anlayışına da aydınlıq gətirdi. Dedi ki, rayonların birində bacılar  valideynləri ilə yaşamış qardaşları barədə məhkəmədə iddia qaldırmışdılar ki, atalarının ölümündə o günahkardır: “Yəni qardaş ataya yaxşı baxmayıb, həkim müalicəsi və dərmanlar üçün ayrılan pulunu, təqaüdünü əlindən alıb və onu da spirtli içkilərə ehtiyacını ödəmək üçün xərcləyib. Bacılar  valideynlərinə  zəruri köməklik göstərdiklərini,  maddi və mənəvi cəhətdən dəstək olduqlarını, qardaşın hərəkətlərinin isə  atalarının ölümünü tezləşdirdiyini faktlarla sübuta yetirə bildilər. Nəticədə məhkəmə qardaşı ləyaqətsiz vərəsə elan edərək, mirası bacılara verdi”.

Əsas problemlər nədədir?

Araşdırmalarımızın yekunu olaraq bu nəticəyə gəldik ki,  ən  ciddi problem  hakimlərimizin araşdırdıqları  iş  üzrə kifayət qədər səriştələrinin olmamasıdır. Xüsusən vərəsəlik hüququyla bağlı ixtisaslaşmış hakimlərə ehtiyac duyulur. Eyni mahiyyətli iş üzrə onların  fərqli qərarlar çıxarması bu fikri deməyə əsas verir. Elə vəkillərin də təkcə cinayət və mülkü hüquq üzrə deyil, mülki hüququn hansısa  sahəsi üzrə ixtisaslaşmaları vacibdir.

Etiraf edək ki, Azərbaycan insanı  əksər hallarda qanunlardan xəbərsizdir,  o cümlədən  vərəsəlik hüququ ilə bağlı məsələdə məlumatsız və savadsızdır. Savadsızlıq  üzündən nə qədər adam aldanır, əmlakını itirir,  illərlə məhkəmə çəkişmələrində vaxtını və pulunu xərcləyir.  Əgər miras sahibi  sağlığında məhkəmədə iddia qaldırıb, hansısa övladını, qohumu ləyaqətsiz vərəsə elan etsəydi, bundan sonra onun mülkünə həmin adam sahib çıxa bilməz, hətta məcburi pay hüququndan da məhrum olardı. Təəssüf ki, valideynlərin böyük hissəsi bu məsələni sağ ikən etmirlər. Bir övladın adına vəsiyyətnamə qoyulur, öləndən sonra isə qohumlar arasında çaxnaşma baş verir.  Əslində  vəsiyyətnamə qoyana notariat orqanında  qanunun bütün tərəfləri izah olunmalıdır. Yəni əmlak sahibinə izah edilməlidir ki,  o vəsiyyətnamə qoysa da, digər tərəflərin də məcburi pay hüququ var. Ata öz əmlakını oğluna, ya qızına bütünlüklə vermək istəyirsə, bunun ən sadə yolu bağışlanma müqaviləsi bağlmaqdır.  Bagışlayanın hüququnun  pozulmaması üçün bagışlayan qəbul edən qarşısında öhdəliklər qoya bilər. Bu halda valideynin və ya başqasının vəfatından sonra qohumlar arasında ciddi mübahisə predmeti qalmır. Belə vəziyyəti isə normal vətəndaş cəmiyyəti yaratmalıdır. Ən azından  QHT-lərin layihələri vasitəsilə yerlərdə əhalinin adi və çoxsaylı suallarını cavablandıracaq hüquq məntəqələri aça bilsək, hər kəsin   qanun çərçivəsində öz haqqını müdafiə edəcəyi mülkü cəmiyyətin qurulmasına töhfə vermiş olarıq.

Bu gün vətəndaş cəmiyyəti  bəzi icra orqanlarından  adi bir sorğuya cavab alma bilmədiyinə görə də narahatdır.  İctimai nəzarət olmayan yerdə isə  korrupsiya, dələduzluq və digər xoşagəlməz hallar  baş qaldırır. “Biz  DƏDRX-nin Gəncə şöbəsindən lazım olan məlumatları əldə edə bilmirik.  Baş idarə məlumatı gizlətməyin marağında olsaydı, bizə Yevlax və Şəmkir şöbələrindən də  cavab verməzdilər. Demək problem Gəncədədir”-R.Kərimli  belə deyir.  Sonra əlavə edir ki, hələ də bəzi  dövlət kontorları qanunla deyil, rəislərin şəxsi maraqları ilə idarə edilir:  “Əgər bu kontorlar qanunla işləsəydilər,  icra orqanlarına qarşı bu qədər məhkəmə işləri olmazdı”.

Şərhlər bağlıdır.