Bizimlə həyatınız həmişə işıqlı olacaq!

29 il qabaqkı səfərini yada salan başçı Hindistanın iş adamlarını Mingəçevirdə görmək istəyir

184

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fevralın 6-da Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanı qəbul edib. Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İ.İsmayılov Mingəçevirin potensial imkanları barədə səfirə məlumat verib. O, bildirib ki, Mingəçevir şəhər statusunu 1948-ci ildə alıb, amma buna baxmayaraq, ərazi qədim yaşayış məskəni olub. Bunu aparılan arxeoloji araşdırmalar da sübut edir. Şəhərdə 106 minə yaxın insan yaşayır, eyni zamanda ermənilərin Dağlıq Qarabağı işğalından sonra yurd-yuvalarından didərgin düşmüş 20 mindən artıq məcburi köçkün burada məskunlaşıb.  Bu şəhərdə 2 kollec və bir universitet, bir peşə məktəbi müxtəlif ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olur. Bu gün Mingəçevir Azərbaycanın dördüncü sənaye şəhəridir. Həm də ölkənin energetika mərkəzi hesab olunur. Sovetlər dövründə Azərbaycanın enerjiyə tələbatının 50-60 faizini,  hazırda isə yeni stansiyalar tikilidiyindən 30-40 faizini  ödəmək bu şəhərdəki su və istilik elektrik stansiyalarının öhdəsinə düşüb. Mingəçevir su anbarı, Şirvan və Qarabağ kanalları vasitəsilə ölkənin 24 rayonunun suvarılması həyata keçirilir. Şəhərdə başqa sənaye müəssisələri, əsasən  iplik məhsul hazırlayan Sənaye Parkı, eyni zamanda turizm obyektləri, çoxlu dörd ulduzlu otellər fəaliyyət göstərir.

Başçı qonağın nəzərinə çatdırıb ki, Mingəçevirdə yüksək infrastruktur mövcuddur. Çünki enerjisi, bol suyu var. Dövlət Proqramı çərçivəsində su-kanalizasiya sistemi yenidən qurulub. Qazlaşma 96 faizi keçib, enerji ilə təminat 100%-dir: “Bunları ona görə deyirəm ki, xarici iş adamları üzlərini regiona çevirsinlər. Hindistanlı iş adamlarını Mingəçevirə dəvət  etmək istərdim. Onlar yerli iş adamları ilə birgə işləyə, ayrıca sahələrə investisiya qoya bilərlər. Hind məhsullarının satış mərkəzini yaratmaq olar. İş adamlarının Mingəçevirə səfərini təşkil etmək mümkündür. Qoy onlar gəlib, öz gözləri ilə imkanları görsünlər. Eyni zamanda  mingəçevirlilər üçün də Hindistan çox maraqlı ölkədir. Mən 29 il qabaq elə fevral ayında orada olmuşam və xoş xatirələrim qalıb”.

Qəbul üçün təşəkkürünü bildirən səfir Bavitlunq Vanlalvavna deyib ki, bir ildən artıqdır Azərbaycandadır və ilk dəfədir ki, Mingəçevirə gəlib. O, məlumat verib ki, Hindistandan turistlərin çoxu paytaxta və Qəbələyə gəlirlər: “Turizm şirkətləri arasında məlumat mübadiləsi aparmaq lazımdır. Biz gələn həftə iş adamlarını səfirliyə çağırmaq istəyirik. Onlara Mingəçevirlə bağlı təkliflərimizi da verəcəyik”.

Səfir diqqətə çatdırıb ki, Azərbaycanda Hindistanın 240 şirkəti var: “Mədəniyyət əlaqələri qurmuşuq. Bakı çox cəlbedici olduğu üçün keçən ildən Bakıda yoqa ilə bağlı xidmətlərimiz məşhurdur. Biz beynəlxalq yoqa təlimləri keçiririk. Lənkəranda da təşkil etmişik. Məncə sizin şəhərlə bizim şəhərlərdən biri arasında əlaqələr qurmaq olar”.

Görüşün sonunda səfir hədiyyəsini başçıya təqdim edib.

Gün ərzində qonaqlar Heydər Əliyev Mərkəzinə və Gənclər Evinı baş çəkib,  Mingəçevir Sənaye Parkının, Mingəçevir su və istilik elektrik stansiyalarının fəaliyyətilə tanış olublar.

Şərhlər bağlıdır.