Elm və təhsilMədəniyyət

Liseydə möhtəşəm kompozisiya

“Nəsimi ili” elan edilməsini yüksək qiymətləndirən direktor bunu dahi şairin yaradıcılığının, onun ədəbi-fəlsəfi baxışlarının daha dərindən təhlili baxımından fürsət kimi dəyərləndirib

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü Lisey Nəsiminin 650 illik yubileyi ilə əlaqədar maraqlı kompozisiyasını təqdim edib. 50 dəqiqəlik kompozisiyada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından səhifələr vərəqlənib.

Şagirdlər xüsusi ustalıqla şairin qəzəllərini səsləndiriblər. Kompozisiyada Nəsiminin ədəbi yaradıcılığı, fəlsəfi baxışları ilə bağlı maraqlı məsələlərə,  onun ideyalarının istər o dövrdə, istərsə də müasir dövrdəki önəminə toxunulub. Eyni zamanda “Nəsimi” filmindən maraqlı fraqmentlər, Sami Yusufin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi və digər tanınmış müğənnilərin ifaları əlaqəli formada kompozisiyanın tərkibinə daxil edilib.

Liseyin direktoru Aidə İsmayılova Nəsiminin Azərbaycan və dünya ədəbiyyatındakı roluna toxunub. Ölkə başçısının göstərişi ilə bu ilin “Nəsimi ili” elan edilməsini yüksək qiymətləndirən direktor bunu İ.Nəsimi yaradıcılığının, onun ədəbi-fəlsəfi baxışlarının daha dərindən təhlili baxımından fürsət kimi dəyərləndirib.

Şəhər təhsil şöbəsi müdirinin müavini Zamik Cəbiyev, yazıçı Məmməd Mərzili,  “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirovun çıxışlarında Nəsiminin Azərbyacan ədəbiyaytında mühüm yer tutduğuna, onun Nizami, Füzuli və digər klassiklər kimi ədəbiyyatımızın əsas sütunlarından birinə çevrildiyinə, liseyin bu dahi şəxsiyyətin yubileyi şərəfinə özünəməxsus və möhtəşəm kompozisiya hazırlamağa nail olduğuna diqqəti çəkiblər.  “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev vurğulayıb ki, Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd olunması çox təqdirəlayiq haldır: “Vaxtilə qonşularımız Nizamiyə, Nəsimiyə sahiblənmək niyyətindəydilər. Lakin Azərbaycan buna imkan vermədi. Biz keçmişimizdən bu günümüzə körpü salaraq, böyük şəxsiyyətlərimizin baxışlarını gələcəyə çatdırırıq. Bu gün lisey şagirdlərinin ifaları əminlik yaradır ki, gənclərimiz klassiklərimizi, o cümlədən Nəsimi poeziyasını sevə-sevə öyrənirlər”.

Kompozisiyanın hazırlanması prosesində əsas yükü çiyinlərinə götürən liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rahilə Mustafayeva müxbirimizlə söhbətində deyib ki, şagirdləri Nəsimi yaradıcılığına bələd olduqca onun sehrindən ayrıla bilmirlər:  “Çünki Nəsiminin ədəbi-fəlsəfi baxışları həddindən artıq dərindir. Hesab edirəm ki, Nəsimiyə, onun ədəbi yaradıcılığa diqqət yalnız bu cür yuvarlaq yubiley günlərində deyil, hər zaman göstərilməlidir”.

Təhsil və KİV nümayəndələrinin qatıldığı tədbir  şirniyyat süfrəsi ətrafında müzakirələrlə başa çatıb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close