Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı anıldı

Bütün akademik qruplarda tələbələrə “Xocalı soyqırımı tariximizin sağalmaz yarasıdır” mövzusunda mühazirələr oxunub, universitetin kitabxanasında və foyesində  sərgi və foto guşələr təşkil olunub, fevralın 25-də isə  elmi-nəzəri konfrans keçirilib. Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev Xocalı faciəsini XX əsrin faşizmindən daha dəhşətli hadisə adlandıraaraq, bu faciənin dünya miqyasında tanıdılmasından danışıb: “Biz unutsaq, unudularıq. Bəzi insanlarımız, bu dəhşətli faciənin dünyaya çatdırılmasının tərəfdarı deyil. Guya bu anti-insani faktları çılpaq şəkildə göstərməklə, avropalını narahat etmiş olarıq?”

Rövşən Əliyevin fikrincə, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb: “Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşaiyət olunmuşdur. Bu proses sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min,  1988-ci ildə isə 250 min azərbaycanlı deportasiya olunmuşdur. Bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan  Dağlıq Qarabağı özünə birləşdirmək istəyilə Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ümumilli Lider Heydər Əliyevin hakimiyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini almış, soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq içtimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür”.

Universitetin “İctimai və təbiət fənləri” kafedrasının müəllimi, Xocalı faciəsinin acısını yaşamış Tahirə Quliyeva vurğulayıb ki,  ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi: “Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır”.

“İctimai və təbiət fənləri” kafedrasının müəllimi Qənimət Hüseynov qeyd edib ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir: “Azərbaycan xalqı “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” barədə  1948-ci il 9 dekabr terixli  konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq hüququna əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi siyasi-hüquqi qiymət verməlidirlər”.

III kurs tələbəsi Günel İbrahimli “Xocalıya ədalət” kompaniyası çərçivəsində görülən işlər barədə məlumat verib: “Heydər Əliyev Fondu bir neçə ildir Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilir, kitablar nəşr olunur, filmlər çəkilir”.

Konfransda Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub. “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə III kurs tələbələri və Texniki-Humanitar liseyin IV sinif şagirdləri birlikdə hazırladıqları ədəbi-bədii kompozisiyanı da təqdim ediblər.

Şərhlər bağlıdır.