Hicablı xanımın düşmənlə üz-üzə həyatı
Son illər atəşkəs rejiminin pozulması nəticəsində sərhəd bölgəsində yerləşən kəndlərimizdə güllə səsləri daha çox eşidilir və Gülzar xanım da bu güllə yağışının altında öz işini görür-insanların düşüncələri, sosial problemləri barədə videoreportajlar hazırlayır. Məhz bu videolara baxanlar real gerçəkliyi öyrənmək imkanı qazanırlar.
Hobbi biznesə çevrildi
Qazaxda doğulan 33 yaşlı müsahibimiz Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin fransız dili ixtisası üzrə məzunudur. 2006-cı ildə universiteti bitirib. İxtisası üzrə iş tapa bilmədiyindən özünü müxtəlif sahələrdə sınayıb. Bir müddət “İnam” hüquq firmasında kargüzar vəzifəsində çalışıb. Bununla bərabər müxtəlif təlim kurslarında iştirak edib. Sülh Korpusunun könüllüləri ilə birgə rayonda toxuculuq klubu açıb. Könüllü Amerikaya qayıdandan sonra kluba rəhbərliyi öhdəsinə götürüb. Bacısı da ona yaxından kömək edib. Klubun fəaliyyətini genişləndirmək üçün facebook sosial şəbəkəsində səhifə açıb. Əl işlərini mütəmadi olaraq bu səhifədə nümayiş etdirib: “Mən toxuculuq klubuna bir vaxtlar hobbi kimi baxırdım. Amma sonradan bi mənim biznesimə çevrildi. Niyə də mən və başqaları belə fəaliyyətdən pul qazanmayaq? Sifarişlər qəbul etdik. Təsəvvür edirsinizmi ki, indi ali təhsillilərin əksəriyyəti iş tapa bilmir. Amma kollec təhsilli bir gənc mənim şagirdim oldu və hazırda bu sahə üzrə elə səviyyədə ixtisaslaşıb ki, sifarişləri başından aşır. Mənim zənnimcə, hər kəsin para qazanmaq üçün yaxşı peşəsi olmalıdır. Evdar qadınlarımız var ki, elə evinin içində oturub, pul qazana bilirlər. İqtisadi cəhətdən ərindən, qardaşından, atasından və qeyrilərindən asılı olmayan qadın kiminsə əlinə baxmır, özünün və ailəsinin ehtiyaclarını asanlıqla qarşılaya bilir”-G.İsmayılova belə deyir.
Yeni mediaya gəliş
Bir neçə il öncə İREX-Azərbaycanın yeni media layihəsi çərçivəsində davamlı təlimlərə qatılan Gülzar İsmayılova Azərbaycanın Qərb rayonlarını qarış-qarış gəzən və daha çox sərhəd bölgələrində yaşayanların qayğılarından xəbər yayan şəxs kimi tanınır. O, 2013-cü ildən jurnalistika sahəsində özünü sınayıb, hadisə yerlərindən videoreportajlar hazırlamağa başlayıb. Əvvəl yotube-a, sonra isə Azerlife səhifəsinə yerləşdirilən bu videolar geniş əks-səda doğurub.
“Yeni başlayanda mənə çox çətin idi. Daimi işim yox idi, öz ayağım üstə durmaq istəyirdim. Çoxları hicabda jurnalist görməyə adət etmədiklərindən mənə qəribə baxırdılar. Mən isə öz işimi görürdüm”.
Son 2 ildə G.İsmayılovanı müxtəlif layihələrə dəvət ediblər. Keçən il isə layihə çərçivəsində Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovla tanış olub: “Əvəz müəllim məndən layihəsində çalışmağımı istədi. Mən onun sifarişi ilə sərhəd kəndlərində icmaların vəziyyəti ilə bağlı süjetlər hazırlayıram. Məhz belə videolar bu kəndlərdə yaşayanların həyat şəraitinin yaxşılşdırılmasına xeyli kömək edir”.
Güllə yağışı altında
Gülgəz xanım deyir ki, zatən uşaqlığı müharibə dövrünə təsadüf etdiyindən güllə səsləri onu üçün bir növ adiləşib: “Son illər bu atəşlər kəsilmişdi. Neçə ildən sonra güllə yağışının altında durmağımı gözləməzdim. Qazaxın Quşçu Ayrım kəndində çox təhlükəli vəziyyətlə üzləşdik. Biz ora çatandan 10 dəqiqə sonra atışma başlandı. O kəndə erməni postunun qarşısından keçməklə getmək olur. Ümumiyyətlə, bu kənd üç tərəfdən ermənilərin mühasirəsindədir. Atışmaya baxmayaraq, kənd sakinləri bunu çox soyuqqanlı, gündəlik həyatları kimi qəbul edirlər. Ora bir şəhid ailəsinin güzəranı haqda reportaj hazırlamağa getmişdim. Bir də məni kəndin ümumi yaşayışı maraqlandırırdı. Öyrəndim ki, düşmən mərmisinin təhlükəli olduğu kənddə həyat öz axarı ilə gedir. Kənddə gözəl yol çəkilib, hətta təzə məktəb də tikilir. Amma sosial problemləri yetərincəydi. Belə ki, əhali su qıtlığından əziyyət çəkir. Erməni tərəfi bu istiqamətə gələn mənbələrin qarşısını kəsib. Bütün bunlar barədə süjetlər çəkdim. Bir az həyəcanlıydım. Ən çox narahatlığım ondan idi ki, atışma çox davam edərsə, kənddən çıxmağım mümkün olmayacaq. Təxminən bir saatdan sonra atışma kəsildi”.
Gülgəz xanım Qazaxın Balacəfərli kəndində əhaliyə dam örtüyünü dəyişmək üçün material verildiyindən, lakin insanların onu dəyişməyə risk etmədiklərindən də danışır: “Adamlar dama çıxan kimi ermənilər snayperlə atırlar. Su olmdığından otlaq sahələrinin də problemi var. Məsələn, görürük ki, düşmən tərəfin yamyaşıl otlaqları var, bis isə buna həsrətik. Hər tərəf quruyub”.
“Atasını itirən uşağın baxışlarını görmüsünüzmü?”
G.İsmayılovanın fikrincə, Qazaxda bu müharibədən yara almayan ailə yoxdur: “Müharibə dəhşətlərindən hamımıza ağrı payı düşüb. Mənim xalam oglu da şəhid olub. Babamın qəbri erməni tapdağı altındadır. Anam Əskipara kəndindəndir və məcburi köçkün düşüb. Babamın ilində anamın nələr çəkdiyini yaxşı bilirəm. Sadə insanlar düşünürlər ki, bu müharibə və münaqişə indidən sonra nə qədər davam edə bilər: 20 il, 50 il… Bunun qabağı alınacamı? İnsanlar haçansa rahat yaşaya biləcəkərmi? İşıq yolu görünürmü? Bir vaxtlar rayonumuzda ABŞ-ın Sülh Korpusunun könüllüsü çalışırdı. O, psixoloji təlimlər aprır, testlər keçirirdi. Bir gün mənə dedi ki, sizin tərəfin adamları çox aqressivdirlər. Bunun səbəbini başa düşmək çətin deyil. Uzun illərdir ki, bu adamlar güllə altında yaşayırlar. Evləri daima mərmilərə tuş gəlir. Bu güllələrin qurbanı olanlar da var. Təbii ki, heç kəsin atasız, anasız olması arzu edilməzdir. Atasını itirən uşağın baxışlarını görmüsünüzmü? Mən görmüşəm. Vətən sağ olsun, amma bu uşaq üçün atasının yerini heç kim verməyəcək”.
“Nəyin bahasına olursa olsun…”
Müsahimiz deyir ki, bu gün sərhəd bölgələrindən mətbuatda gedən yazıların əksəriyyəti naşı və vəziyyətdən xəbərsiz adamların cızma-qarasıdır: “Mən daima, mütəmadi olaraq sərhəd kəndlərindəyəm. Bir vaxtlar yazırdılar ki, Qazax kəndləri köçürülür. Biz sonradan aydınlaşdırdıq ki, bunu yazanların həmin kəndlərlə heç bir əlaqəsi yoxdur. Heç bir əsas olmadan, sensasiya xatirinə yazmışdılar. Biz dərhal həmin məlumatın yalan olduğunu bildirdik, ordan foto və video çəkib, sosial şəbəkələrdə paylaşdıq. Yazdıq ki, biz hazırda haqqında bəhs olunan kənddəyik. Əgər doğru yazmaq istəyirsinizsə, gəlin, gözünüzlə görün, olanı yazın. Ümumiyyətlə, cəbhə bölgəsindən yanlış və ziyanlı informasiyalar çox olur. Bir azərbaycanlı və mətbuat işçisi kimi buna təəssüflənirəm”.
Gülzar xanım atışmalara görə insanların evlərini tərk etməsi fikrinə də münasibətini bildirir: “Kəmərli kəndində bizim şəhidimiz də olub. Hətta o zaman insanlar qaçmaq barədə düşünməyiblər. Biz jurnalist olaraq atışma görsək də qaçmamışıq, kənddəkilər ümumiyyətlə qaçmırlar”.
Müsahibimizin fikrincə, bu gün dövlət qurumları insanların təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atırlar: “Bəzən məndən soruşurlar ki, atışma baş verəndə yeli sakinlərin həyatlarını qorumaq üçün sığınacaqlar varmı? Mən Tovuzun kəndlərində qoruyucu divarları görmüşəm. Əksər kəndlərdə belə təhlükəsizlik divarları çəkilib. Bu gün başa düşüləndir ki, kəndli qaçarsa, evini boşaldarsa, dövlətə böyük yük olacaq. Ona görə də kəndi və kəndliləri, nəyin bahasına olursa olsun, qorumaq vacibdir”.
“Ölsələr də, dədə-baba yurdunu tərk etməyəcəklər”
Gülzar xanımın fikrincə, bu gün diqqətdən kənarda qalan kəndlərin qayğılarını, problemlərini həll etmək zəruridir: “Əgər kəndli torpağını qoyub qaçarsa, bunun ardınca rayon mərkəzi də boşala bilər. Necə ki, Dağlıq Qarabağda, Ermənistandakı qədim torpaqlarımızda bunun şahidi olduq. İnsanlar şərait dərdindən zaman-zaman şəhərlərə daşındılar, nəticədə qocaların ümidinə qalan kənlərimiz də boşaldı. Əgər vaxtilə bu yurd yerlərimizdə həyat səviyyəsini şəhərdəki kimi yüksəldə bilsəydik, insanlar ev-eşiklərini qoyub, kənarda rahat güzəran axtarmazdılar”.
Xanım müsahibimiz deyir ki, son illər kəndlərə münaibət yaxşılığa doğru dəyişib: “Kəmərli kəndində dəfələrlə olmuşam . O kənddə şəhid də vermişik. Mən bu barədə bir neçə reportaj hazırlamışam. Biz insanları danışdırırıq. Onlar açıqca bilirdilər ki, ölsələr də, dədə-baba yurdunu tərk etməyəcəklər. Doğrudur, intensiv atışmalar zamanı uşaqların kəndlərdən çıxarılması halları baş verib. Əslnidə bunu normal qəbul eləmək lazımdır. Yadımdadır ki, biz uşaq olanda da valudeynlərimiz bizi nisbətən sakit yerlərə göndərirdilər. Nəzərə alaq ki, döyüş vəziyyətində uşaqların kənddə qalması heç də arzuolunan deyil. Bu, həm də onlara psixoloji təsir edə bilər. Amma heç kim evini boşaltmayıb və bu barədə düşünmür də…Admlar daha çox yaşayış şəraiti ağır olanda yerini dəyişir. Məsələn, əvvəllər işıq, təbii qaz sarıdan çətinliklər vardı. İndi isə yoluna düşüb. Əgər ciddi qəza baş verməsə, gün ərzində nə işıq sönür, nə də qaz kəsilir. Hətta vaxtilə kəndini tərk edənlər yenidən qayıdırlar”.
“Hər şeyə qismət kimi baxıram”
2008-ci ildən hicab geyinən xanımın nə ailəsində, nə də qohumlarında dinə meyilli bir kimsə olmayıb: “Tez-tez məndən soruşurlar ki, hicab hansı zərurətdən irəli gəldi? Bəlkə kiminsə təsiri altına düşmüsən? Mən ümumiyyətlə təsir altına düşən qadınlardan deyiləm. Bu, sadəcə insanın içindən gəlməlidir. Bəzən təsir altına düşüb, namaza oturanlar, çarşaba bürünənlər də olur, amma onlar yolu axıra qədər gedə bilmirlər. Din məni çoxdan maraqlandırırdı. Başladım bu sahədə kitabları oxumağa. Quranda rast gəldim ki, qadının başı örtülməlidir. Doğrudur, bu, bir az mənə iş tapmaqda mane olur, amma nə etməli, daxilən çox rahatam. Qohum-əqrəbanın içində hicab geyinən birinci mən olmuşam. Məndən sonra bu yolu tutanlar var. Biz 4 bacıyıq. Bir bacım ailəlidir. Mən ailənin böyük övladıyam. Atam sürücüdür, anam evdar qadın. Binədən işləməyib. Bizim tərbiyəmizlə məşğul olub. Bacılarımın hamsı imanlıdır, ancaq hicab taxmırlar, namaz qılmırlar. Amma orucluq dövründə oruclarını qaçırmırlar”.
Bəs gənc bir xanımın döyüş bölgələrinə getməyinə başqaları, ətrafındakı insanlar necə baxırlar? Bu sualımıza cavabında müsahibimiz bildirir ki, onu Qazaxda, Tovuzda yaxşı tanıyırlar: “Hamı billr ki, sərhəd kəndlərundə işləyirəm. Əvvəllər özümə də qəribə gəlirdi. Amma ailəm üçün çox çətin idi. Mən gedib gələnə qədər anamın, yaxınlarımın keçirdiyi həyəcanı bir Allah bilir. Çünki hər dəfə atışmaların içindəydim”.
Sonuncu dəfə Kəmərlidə güclü atışmanın şahidi olan Gülzar xanım bədbəxt hadisələrdən həyatını sığortalamaq barədə də düşünmür: “Əslində bu kəndlərə işimlə əlaqədar getsəm də, bunu vətəndaşlıq borcum hesab edirəm.Hər şeyə qismət kimi baxıram”.
“Qazaxlılar təhsilə daha çox meyillidirlər”
Heç vaxt müəllim olmaq istəməyən G.İsmayılova fransız dilini, ədəbiyyatını, mədəniyyətini hədsiz sevir: “Mən orta məktəbdə xarici dil kimi fransız dilini öyrənmişəm. Elə o zamandan bu dilə marağım yaranıb. Bir vaxtlar Fransaya gedib, daha mükəmməl təhsil almaq istəyirdim. Fransız dilini bitirən hər bir insanın Fransaya getmək arzusu başa düşüləndir. Azərbaycanın xeyri üçün həmin ölkədə çalışa da bilərəm. Bir vaxt imkan vardı, atam icazə vermədi. Amma bu istəyimin haçansa gerçəkləşəcəyinə inanıram. Ola bilsin ki, təhsilimi də davam etdirim”.
Təhsil Gülzar xanım üçün həmişə ən prioritet sahələrdəndir: “Bu gün sərhəd kəndlərindəki durum müəyyən qədər normal təhsilə mane olur. Amma məktəblərdə dərslər davam edir, hətta yeni məktəblərin tikildiyinin şahidi oluruq. Yəni təhsilə qayğı var. Sadəcə sərhəd kənlərində təhsil digər ərazilərdəkindən xeyli risqlidir. Amma məktəblərimizdə təhsilin səviyyəsi qənaətbəxşdir. Ali məktəbələrə qəbul imtahanlarında yüksək bal toplayanların sayı ilbəil artır. Biliyini sevə-sevə uşaqlara, gənclərə öyrədən müəllimlərimiz az deyil. Sirr deyil ki, ta keçmişdən qazaxlılar təhsilə daha çox meyillidirlər. Azərbaycanın tarixində dərin izlər salmış mütəfəkkirlərimizi yetişdirən Qori seminariyasının sonradan Qazaxa köçürülməsi də bu anlamdan irəli gəlib. Ümumiyyətlə, Qərb bölgəsində insanlar oxumağa daha çox üstünlük verirlər. Ailələr övladlarının, xüsusən qızlarının təhsil almasına və işləməsinə önəm verirlər”.
Ən böyük problem-gənclərin işsizliyi
Qazax qadınlarının aktivliyindən danışan nüsahibimiz rayonda qadın təşkilatlarının rolunun ilbəil artdığını vurğulayır: “Əlil Qadınlar Cəmiyyəti burada çoxsaylı layihələr həyata keçirir. Xüsusən qadın zorakılığına qarşı davamlı layihələri maşahidə edirik. Mən özüm də onların tədbirlərində iştirak etmişəm. Bəlkə də Gürcüstan tərəfdən Avropaya daha yaxın olduğumuz üçün Qazax qadınlarının kifayət qədər aktivliyi hiss olunur. Bu isə erkən nikahın qarşısını almağa yardım göstərir”.
Bu gün Qazaxın və digər sərhəd rayonlarının ən böyük problemi kimi gənclərin işsizliyini qabardan Gülzar xanım narahtlıqla deyir ki, doğulub-böyüdüyü ata-baba yurdunda iş tapa bilməyənlər böyük şəhərlərə, xüsusən paytaxta və başqa ölkələrə üz tuturlar: “Çoxları bir daha qayıtmır. Bu axın isə rayonumuz üçün ciddi sosial problem yaradır. Halbuki rayonumuzun yaxşı potensialı var. Xüsusən turizm baxımından. Sadəcə bu işi təkmilləşdirməyə, sivil formada qurmağa ehtiyac var. Müəyyən qədər investisiya qoymaq, kiçik və orta sahibkarlığa aşağı faizlə kreditlər verməklə çoxlu iş yerləri açmaq, eyni zamanda turistləri cəlb etmək mümkündür. Hətta yeni otellər tikmədən belə ev turizmi hesabına əhalinin rifahını yüksəltmək olar. Təbii ki, bundan dövlətə də faydası çatacaq, ən azından gəlir götürən insanlar müəyyən qədər vergi ödəyəcəklər. Məsələn, Gürcüstanda ev turizminu yüksək səviyyədə qura biliblər. Halbuki Qazaxın imkanları heç də qonşularımızdakından əskik deyil”.
Şərhlər bağlıdır.