Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Elektron hökumət” Qarabağda təbliğ olunub

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi “Məcburi köçkünlər arasında “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində sentyabrın 22-də Bərdədə və Ağdamda növbəti məlumatlandırma sessiyalarını keçirib. Bərdədə, elektron kitabxanada baş tutan görüşdə 30 nəfər, Ağdamın 1-ci Dördyol qəsəbəsinin Mədəniyyət Evində isə 70-ə yaxın məcburi köçkün iştirak edib. Hər iki rayonun yerli icra hakimiyyəti başçılarının məsul nümayəndələri də tədbirlərə qatılıblar.
Layihənin rəhbəri Fərman Nəbiyev Azərbaycan Respublikasə Prezideni yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə iyul ayından başlayaraq, silsilə tədbirləri icra etdiklərini diqqətə çatdırıb. O, bildirib ki, ötən müddətdə məcburi köçkünlər üçün 2 aylıq kompüter təlimləri və köçkün uşaqları üçün yay məktəbi təşkil olunub: “Bütün təlim və görüşlərimiz “Elektron hökumət”in təbliğinə, daha çox insanın onun imkanlarından istifadəsinə yönəlib”.
“İlin müəllimi” müsabiqəsinin qalibi və layihənin eksperti Natəvan Mustafayeva “Elektron hökumət portal”nda birləşən xidmətlər barədə iştirakçılara geniş məlumat verib, eyni zamanda portaldan istifadə yollarını öyrədib.
İnformasiya sessiyalarının iştirakçıları üçün evdən çıxmadan, növbəyə durmadan müxtəlif xidmətlərdən rahatıqla istifadə etməyin mümkünlüyü barədə məlumatlar maraq doğurub. Xüsusən pensiyaya çıxmağın, sürücülük vəsiqəsini dəyişməyin məmurun üzünü görmədən gerçək olduğundan məmnun qalıblar. “Biz artıq başa düşürük ki, elektron hökumət portalı həm rahatlığımız üçündür, həm də rüşvət və korrupsiyanın qarşısını kəsməyə imkan verir”- \”Tərəqqi\” Sosial İnkishaf İB -nin rəhbəri Telman Dadaşov belə deyib. Məcburi köçkünlər Azərbaycan Prezidentinin hökumətin elektronlaşdırılması istiqamətində addımlarından və onların sosial rifahının yüksəldilməsinə daim diqqət yetirməsindən məmnunluqla danışıblar.
Hər iki rayonda informasiya sessiyalarının sonunda layihə üzrə 2 aylıq kompüter təlimlərini bitirmiş 23 məcburi köçkünə sertifikatlar təqdim olunub.

Şərhlər bağlıdır.