Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəhid anası oğluna iş tapa bilmir

Milli Qəhrəman Mirabov Rəşad Akif oğlu 3 may 1975-ci ildə Mingəçevirdə anadan olub. Şəhərdəki 7 saylı məktəbdə təhsil alan Rəşad bir müddət atasının yanında – Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi kimi çalışıb. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Əvvəlcə  indiki H.Z.Tağıyev qəsəbəsində, sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçib, xüsusi təyinatlı hissədə kəşfiyyatçı-minaaxtaran peşəsinin sirlərinə yiyələnib. 1994-cü ilin yanvarında Tərtər bölgəsinə göndərilib. Buradan isə Füzuliyə-gərgin döyüşlər gedən zonaya…

Rəşad Füzuli bölgəsində bir neçə əməliyyatda iştirak edib. Sonra isə Tərtərə, atəşkəs elan olunduqdan sonra isə Bakıya – əvvəllər xidmət etdiyi hərbi hissəyə qaytarılıb.

17 mart 1995-ci ildə Bakıda dövlət çevrilişinə cəhd baş verəndə R.Mirabov da qiyamın qarşısını almağa göndərilən hərbçilərin arasında olub və həlak olub, Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidenti 4 aprel 1995-ci ildə  ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verib.

Azərbaycanın Milli Qəhrəmanı Mirabov Rəşad Akif oğlu

Rəşadın bu qısa, lakin mənalı həyat yolundan söz açan Lətifə Mirabova uzun ilərdir ki, oğlunun ruhu ilə dərdləşir: “Dayağım, arxam, ümidim, oğul,  24 ildir səni görməyə eyni yolu gəlirəm Şəhidlər Xiyabanına…Mənə elə gəlir ki, hərdən məzardan mənə küskün boylanırsan. Deyirəm, ay oğul, nə qədər canımda can var, mən səni ziyarət edəcəyəm. Bu, mənim təsəllimdir. Oğul, yadındamı sən cəbhədə olanda tez–tez yanına gələrdim. Sən də deyərdin ki, ana, daha gəlmə, bəsdir. Hə, yadındamı,  həmişə deyərdin ki, bayram aşını bişirəndə mənim də payımı saxla, hələ  zarafatla söylərdin ki, payımı saxlamasanız, boğazınızdan keçməz ha…  Atan isə həmişə deyərdi ki, oğul, Vətən üçün döğulur, sən onu göz bəbəyin kimi qorumalısan. Sən qorudun, oğul. Ay oğul, nə gizlədim, gecələr hamı yatandan sonra sənin o kiçik qeydlər dəftərçəni vərəqləyirəm. O qeyd dəftərçəni ki, sən vurulanda cibində olub. İndi sənin iyini bax bu dəftərçədən, kitabçadan alıram”.

Lətifə ana oğlunun şəhid olduğu günü belə xatırladı: “Gecələri narahat yatırdım. Bir gecə yenə narahat halda pəncərədən həyətə boylandım. Gördüm ki, əsgər maşınları pəncərəmizin qarşısında dayanıb. Əllərində tabut, düz gözlərimin içinə baxırlar. Mən də onlara baxıram. Onlar məni görüb tabutu bizə gətirməkdən vaz keçdilər. Mən də gözlədim, dedim, görən hansı ananın evinə getdi. Sən demə, bu mənim uca boylu Rəşadım imiş. Səhər yoldaşları Rəşadımı gətirdilər”.

Lətifə xanım 50 ilə yaxındır ki, şəhərdəki 13 saylı  uşaq bağçasında metodist kimi fəaliyyət göstərir: “Oğlum şəhid olanda işdən imtina elədim, hətta özümə qapandım. Hər gün Şəhidlər Xiyabanına gəlirdim. Demək olar ki, 10 il hər gün onun məzarını ziyarət etdim, hər gün onu harayladım. Amma oğlum səsimə səs vermədi. Bəli, özümü beləcə ovundururdum. Hərdən özümü aldadırdım da. Deyirdim ki, Rəşad bəlkə evdədir, mənə sürpiriz hazırlayıb. Nə isə…Sonra iş yoldaşlarımın təkidi ilə yenidən işimə qayıtdım. Həm də oğlunu adını daşıyan 7 saylı məktəb də məni tək qoymur, tez-tez Rəşadla bağlı tədbirlər keçirir və ailəmizin üzvlərini də dəvət edir”.

Lətifə xanımın dediyinə görə, kiçik oğlunun 3 məktəbli balası var: “Onlarla  günümü keçirirəm. Amma ixtisasca hüquqşünas olan oğlum Fuadın iş tapa bilməməsi məni yaman incidir. 8 aydır oğlum Fuad işsizdir. O, müxtəlif bölgələrdə məhkəmə hakimi, icaraçı kimi işləyib. İndi işləmədiyinə görə bütün yük üzərimə düşür və bu da mənim üçün çətindir. Biz şəhid ailəsi kimi heç vaxt imtiyazlardan istifadə etməmişik. Amma bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişəm. Hələ ki səsimə səs verən yoxdur”.

Yeri gəlmişkən, bu xanımın 50 illik fəaliyyəti də indiyədək qiymətləndirilməyib.

Şərhlər bağlıdır.