Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Data jurnalistikası-açıq məlumatlara dair təlim

Əziz dostlar,
Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə sizi Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair silsilə təlimlərə dəvət edir. İlk təlim 21-27 noyabrda Mingəçevirdə keçiriləcək. Təlimlər Azərbaycanın kütləvi informasiya vasitələri, QHT və dövlət müəssisələri nümayəndələri üçün nəzərdə tutulub. Təlimin məqsədi bu üç qrup nümayəndələrinə açıq məlumatların mahiyyətini başa salmaq və əhali ilə birgə fəaliyyət zamanı jurnalistlərə, fəallara və dövlət qulluqçularına necə kömək edəcəklərini öyrətməkdir.
Açıq məlumatlar son bir neçə il ərzində bütün dünyada inkişaf etməkdə olan bir istiqamətdir. O əsas diqqəti medianın və QHT-lərin daha çox əlavə auditoriya cəlb etmələrinə, dövlət orqanlarının ictimaiyyətlə iş zamanı mürəkkəb informasiyanı daha sadə və əyani şəkildə, asan başa düşülən tərzdə çatdıra bilmələrinə hesablanıb.
Əgər siz onlayn nəşrlərinizdəki oxucularınızın, QHT ilə əməkdaşlıq edən fəallarınızın sayını artırmaq, yaşadığınız regionda ictimaiyyətlə işin effektivliyini artırmaq istəyirsinizsə, onda bizim təlimlərə qatılın.
Biz iki qrup yaradırıq. Hər qrup üzrə məşğələlər onlayn dəstəklə davam edəcək. İlk iki günlük giriş təlimi 21-27 noyabr tarixlərində keçiriləcək, növbəti iki yüksək təlim isə 2017-ci ilin əvvəllərində olacaq.
Giriş təliminin mövzuları:
1. Açıq məlumat anlayışına giriş. Dünyadakı insanlar ondan necə istifadə edirlər.
2. Açıq məlumatın xarici KİV, QHT-lər və dövlət strukturlarında uğurlu tətbiqi. Bundan Azərbaycanda necə istifadə etmək olar?
3. Məlumatları necə toplamalı və yerbəyer etməli?
4. Əyaniləşdirməyə giriş. Dünyada ən uğurlu əyaniləşdirmələr və layihələr.
5. Əyaniləşdirmənin əsas vasitələri (Google Instruments, Timeline GS).
6. Təlimin praktik hissəsi. Məlumatların toplanması. Konkret layihələr üçün əyaniləşdirmənin yaradılması.
Məşğələlər Şərqi Avropada açıq məlumatlardan yüksək səviyyədə istifadə edən Linking Media təşkilatının mütəxəssisləri tərəfindən aparılacaq. 2012-ci ildən bəri Linking Media açıq məlumatların geniş yayılmasında iştirak edib, yerli kütləvi informasiya vasitələrinə və QHT-lərə əyani materialların, vasitələrin sayının artırılmasına və öz səhifələri üçün yeni auditoriyanın cəlb olunmasına kömək edib.
21-27 noyabrdakı giriş təlimini Linking Medianın eksperti, böyük layihələrdə məlumat toplanması üzrə ixtisaslaşmış Lyaksey Lyavonçık aparacaq. Lyaksey bir neçə regional təşəbbüslərdə, o cümlədən, yaşayış fondu və yeni infrastruktur və dövlət orqanlarının (rayonlarda problemlərlə bağlı əks əlaqə xidməti, sərhəd xidməti məntəqələrinin yüklənməsi üzrə xidmət, tarixi irslə bağlı obyektlərin kartoqrafiyası, ekoloji monitoring) ictimaiyyətlə birgə fəaliyyətini asanlaşdıran bir sıra layihələr üçün məlumatların işlənməsi və əyaniləşdirilməsində iştirak edib və müvafiq mobil əlavələrin yaradılmasını həyata keçirib.
Giriş təliminə qatılmaq istəyənlər (1-ci və ya 2-ci qrupda iştirak etmək istədiklərini göstərməklə) noyabrın 15-dək CV-lərini datatelim@gmail.com, farman.nabiyev@gmail.com ünvanlarına göndərə bilərlər. Birinci təlim noyabrın 21-dən 23-dək, ikinci təlim isə noyabrın 25-dən 27-dək keçiriləcək Yerlər məhduddur!
Təlim iştiraçılarının nəqliyyat, yemək və otel xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

Şərhlər bağlıdır.