Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qubadlının işğaldan azad olunmasından 2 il ötür

Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub

390

Qubadlının 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra rayondan 29997 məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdıldı  və yararsız vəziyyətə salındı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətti, 4830 km elektrik xətti, 165 km magistral qaz boru xətti, 9 tikinti, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120  elektrik yarımstansiyası və transformator tamamilə dağıdıldı.

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi.  Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğalçılardan azad olundu. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.

Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsində Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alınıb. Sovetlər dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür.

 

FHN Aran Regional Mərkəzinin

Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.