Şəkidəki “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərlinin dediyi kimi, əsas məqsəd yerli və xarici qonaqlar arasında bu bölgənin ənənəvi qidalarını təşviq etməkdir
2021-ci il sentyabrın 4-də Şəkidə “Marxal” Müalicə İstirahət Kompleksində Qida Festivalı keçirilib. Festival Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində gerçəkləşdirilib.
Açılış mərasimində Milli Məclisin deputatı Vüqar Bayramov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Avropa İttifaqının nümayəndəsi Viktor Bojkov, Milli Məclisin deputatı Vüqar İskəndərov diqqəti belə tədbirlərin əhəmiyyətinə yönəldiblər. Qeyd olunub ki, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib, Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür. 2019-cu ildə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Hər il bu şəhərdə “İpək Yolu” Beynəlxalq Musiqi, şirniyyat və teatr festivalları təşkil edilir. Bir sözlə, Şəki təkrarsız mətbəxi ilə yerli və xarici turistlərin həmişə marağına səbəb olur. Buna görə də bu şəhərdə Qida Festivalının keçirilməsi təsadüfi deyil.
Natqiqlər layihənin regionlarda yerli qida məhsulları potensialının, eləcə də kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılmasına təsirindən də danışıblar. “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərli deyib ki, festivalın əsas məqsədi yerli və xarici qonaqlar arasında bu bölgənin ənənəvi qidalarını təşviq etməkdir.
Festival iştirakçılarına Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının ənənəvi milli yeməkləri və kənd təsərrüfatı məhsulları təqdim edilib. Həzin və canlı musiqi sədaları altında ləziz yeməklərdən dadan yerli və xarici qonaqlar istirahət mərkəzindəki gölün ətrafında xeyli gəzişib və bir-biri ilə təəssüratlarını bölüşüblər.
Şərhlər bağlıdır.