Çayxana davası, rüşvət söhbəti
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında iki müəllim arasında rüşvət üstündə mübahisə yaranıb. Mingəçevir polis şöbəsinin rəisi Ələsgər Bədəlovun Azadlıq Radiosuna verdiyi məlumata görə, mübahisə edən tərəflərin polisə ünvanladığı ərizədə rüşvət almağa vadar olunma və bu səbəbdən böyüyən mübahisədən danışılır. Şöbə rəisi məsələ ilə bağlı araşdırma aparıldığını deyib.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı AzadlıqRadiosuna iki müəllim arasında mübahisə olduğunu təsdiqləyib, amma bunun instituta heç bir aidiyyatı olmadığını deyib: «Birincisi, hər iki müəllimi biz yaxşı tanıyırıq. İkincisi də ki, onlar şənbə günü çayxanada oturublar, nərd oynayan zaman aralarında mübahisə olub. O mübahisənin təhsilə, instituta heç bir aidiyyatı olmayıb».
AMİ Mingəçevir filialının direktor əvəzi Xatirə Həsənova “Mingəçevir işıqları” qəzetinə açıqlamasında məişət zəminində baş verən xuliqanlıq hərəkətlərinin sonradan rüşvət qalmaqalı kimi təqdim edilməsində müəyyən qrupların marağı olduğunu bildirib: “İki müəllimimiz-Müsəllim Hümbətovla Vahid Quliyev ötən şənbə işdən kənar yerdə dalaşıblar. Polis buna görə tədbirlərini görməlidir. O ki, qaldı rüşvət məsələsinə, gəlin, imtahanlarda iştirak edin, müəllimləri, tələbələri danışdırın, görün kimsə rüşvətə təhrik olunurmu? İndi rüşvət məsələsini ortaya atanlar bir zamanlar səslərini çıxarmırdılar. Belə vəziyyət bəzi rüşvətxor məmurlra sərf edirdi. Bu gün rüşvətsiz təhsil qurmuşuq, buna görə də aranı qarışdırmaqda maraqlıdırlar”.
Qəzetimiz araşdırmasını davam etdirəcək.
Şərhlər bağlıdır.