Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mən nə vaxta qədər küçədə yatmalıyam”

232

Xəbər verdiyimiz kimi, “Muğanbank”ASC ilə Vyaçeslav Hüseynov və qeyriləri arasında 2008-ci ildən başlayan və Ali məhkəmənin plenumundan sonra yenidən Mingəçevir Məhkəməsinə qaytarılan məhkəmə baxışı iyunun 14-nə təyin olunmuşdu. Günün birinci yarısından ikinci yarısına keçirilən proses qısa olmasına və yarımçıq qalmasına baxmayaraq, maraqlı məqamlarla yadda qaldı.
Prosesdən qabaq cavabdeh kimi məhkəməyə çağırılan Həsənova Rəna Cəmil qızı bankın qəbzlərini vəkilə göstərərək, dedi ki, o, götürdüyü krediti ödədiyi halda bank nə haqla mənzili satıb? Vəkilin cavabı isə belə oldu: “Siz mənzil satılandan sonra krediti ödəmisiniz”.
Amma Rəna xanım geri çəkilmək fikrində deyildi: “Onda necə olur ki, həmin mənzili ipoteka krediti bağlanmadan Muğanbank yenidən girova götürür?”
Hakimin gəlişindən sonra vəkil Müsaqif Hüseynov məlumat verdi ki, bu, Ali Məhkəmənin plenumunda baxılmış işdir: “Söhbət “Muğanbank” ASC-nin Mingəçevir filialı ilə Həsənova Rəna Cəmil qızı arasında 19 iyul 2007-ci ildə bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən yaranan borcun Vyaçeslav Hüseynovun mülkiyyətində olan mənzilə yönəldilməsindən gedir. Mənzilin boşaldılaraq, açıq hərraca çıxarılması, satışdan əldə olunan vəsaitdən borc məbləğinin və tutmaya yönəldilən xərclərdən artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması barədə Mingəçevir şəhər Məhkəməsi 13 oktyabr 2008-ci ildə qətnamə çıxarıb. Şəki Apellyasiya Məhkəməsi də qətnaməni qüvvədə saxlayıb. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 13 oktyabr 2010-cu il tarixli qərarı ilə mənzil sahibinin həyat yoldaşı Hüseynova Təranə Cəmaləddin qızının kassasiya şikayəti qismən təmin edilib. Sonradan Mingəçevir Şəhər Məhkəməsinin 26 sentyabr 2011-ci il, Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2012-ci il və Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyun 2012-ci il tarixli qətnamə və qərarına əsasən ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi Hüseynovların xeyrinə başa çatıb,. Eyni məsələ üzrə bütün instansiyalardan sonra iki fərqli qərar verilmişdi və buna görə də icra mexanizmi mümkün deyildi. Nəhayət Ali Məhkəmə işə baxdı, Muğanbankın iddiası üzrə qəbul olunan qətnamələri və qərarı ləğv etdi, işi dönüş üçün Mingəçevir şəhər Məhkəməsinə qaytardı”.
Rəna Həsənova aldığı kreditlə bağlı ödədiyi vəsait üçün bankdan aldığı qəbzləri hakimə təqdim etdi və bildirdi ki, sənədlərin bir hissəsi onda deyil: “Xahiş edirəm banka sorğu göndərin, mənim ödədiyim məbləğlə bağlı sizə arayış versin”.
Vəkil isə vəsadət qaldırdı: “İşlə tanışlıqdan məlum olur ki, mənzil Əliyev Ceyhun Əli oğlu adlı şəxs tərəfindən ikinci dəfə ipotekaya qoyulub. Prosesə onun da cəlb olunmasını məsləhət bilirəm”.
Hakim Rasim Kazımov Muğanbank nümayəndəsinin məhkəməyə gəlmədiyini nəzərə alaraq, prosesin iyulun 2-nə, saat 16.30-a təyin edildiyini elan etdi. Vyaçeslav Hüseynov əsəbi halda zalı tərk edərək: “Bu məhkəmə nə vaxt bitəcək? Haçana qədər evim ola-ola mən küçədə yatmalıyam?”-dedi.

Şərhlər bağlıdır.