İqtisadiyyatMi-TVVideo

Dövlət dəstəyindən yararlanmaq istədi, 21 xəstə qoyun verdilər

Rəbiyyə İsayeva dövlət dəstəyindən narazılıq edir: "7 baş qoyun ötən müddətdə xəstəlikdən tələf oldu"

Yevlax rayonunun Ərəş kənd sakini Rəbiyyə İsayeva dövlətin dəstəyindən yararlanaraq yeni bir təsərrüfat qurub, yoxsulluğun daşını biryolluq atmaq istəyi ilə Yevlax rayon Məşğulluq Mərkəzinə üz tutub. Çox çək-çevirdən sonra mərkəzin vasitəçiliyi ilə 21 baş qoyun alaraq geri kəndinə dönüb. Rəbiyyə xanımın bir gözü sevincdən gülsə də, o biri gözü narahatlıq içində döyüküb. Çünki çoxdankı arzusuna qovuşsa da ona xəyalından keçən sağlam və yaxşı perspektiv vəd edən qoyunlar əvəzinə qoca və xəstə heyvanlar veriblər. Vətəndaş tələm-tələsik imzaladığı müqavilənin də nüsxəsinin bu günədək ona verilmədiyini deyir. Rəbiyyə xanım deyir ki, arxada qoyduğu bir ilə yaxın müddət ərzində xəstə və qoca heyvanları ilə özünün dediyi kimi olmazın zillətlər çəkib. Əksəriyyətinin dişləri belə yoxdur hətta aralarında kor heyvan da var. Bəziləri ayaq üstə dayanmağa güclə təpər tapır. Heyvanların yeddi başı ötən müddət ərzində xəstəlikdən tələf olub. Rəbiyyə İsayevanın sözlərinə görə vaxtaşırı baytar mütəxəssislərə müraciət edib və onlar ona verilmiş malların xəstə olduğunu bildirib və mümkündürsə dəyişdirilməsi zərurətini tövsiyə edib. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət Məşğulluq Xidmətinin Mətbuat Katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq. Ərəş Baytarlıq Məntəqəsi təmsilçisi Seymur Qasımovla əlaqə yaradarkən o da malların qoca və xəstə olduğunu etiraf etdi. Amma bu barədə açıqlama verməyə səlahiyyəti olmadığını bildirərək müsahibə verməkdən imtina etdi. Beləcə, qeyri – müəyyənlik içində çırpınan Rəbiyyə İsayeva heyvanlarının dəyişdirilməsi ilə bağlı kömək umur. Necə deyərlər, görünən dağa nə bələdçi. Ümid edirik ki, məsələ ətraflı şəkildə araşdırılıb, vətəndaşa köməklik göstəriləcək.

Aİ və FAO layihəsi çərçivəsində məhsul əsaslı aqrar məsləhət platforması hazırlanır Pandemiyanın regionlarda həssas qruplara təsiri necə olub? Ermənilərin atəşi nəticəsində dağılan evlər və infrastruktur bərpa olunur
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close