Bu payız Mingəçevirə kino bayramını gətirib
Oktyabrın 9-da Mingəçevirdə “Mənim taleyim öz əlimdədir” adı ilə sənədli filmlər festivalı başlanır. Mingəçevir Media Mərkəzində (MMM) gerçəkləşəcək üçüncü kino bayramını “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi təşkil edir. Filmləri Henrix Böl Fondu və People in Need təşkilatı təqdim edib, sponsorluğu Mingəçevir Bələdiyyəsi, “Elastik” MMC və “Mingəçevir işıqları” qəzet öhdəsunə götürüb.
Festivalın açılışı həvəskar rəssam Yunis Yolçuyevin yağlı boya ilə çəkdiyi rəsmlərin nümayişi ilə başlayacaq. “Baxmayaraq ki, Yunis müəllim bu sahədə təhsil almayıb və son illərə qədər rəssam kimi tanınmayıb, amma onun Mingəçevirin rəngarəng həyatından bəhs edən əsərləri peşəkarlıqdan xəbər verir”- rəssam Abdulla Məmmədov belə deyir. Onun fikrincə, müəllifin rəsmləri festival iştirakçılarının marağına səbəb olacaq.
İki gün ərzində-oktyabrın 9-da və 10-da dünyanın ən yaxşı 6 sənədli filminə MMM ev sahibliyi edəcək. Birinci gün Kanadadan Norman Maklarenin “Qonşular”, Gürcüstan və Almaniya istehsalçılarının “Hər şeyi yoxa çıxaran maşın” və Slovakiyadan Yaroslav Vojtekin “Sərhəd” filmləri tamaşaçılara təqdim olunacaq. Ayın 10-da isə Niderlanddan Saskiya Gubbelsin “Hər şey Elenin qulağı ilə”, Danimarkadan Liz Börk Pedersenin “Putinin öpüşü” və ABŞ-dan Cini Retikerin “Şeytanı geriyə cəhənnəmə göndər” filmlərinin nümayişi və müzakirəsi nəzərdə tutulub. MVA-nın İdarə Heyətinin üzvü və festivalın aparıcısı Yeganə Nəbiyeva tədbirin canlı keçməsi üçün auditoriyaya rəngarəng suallar hazırlayıb. Ekspert qismində iştirak edəcək Mingəçevir Bələdiyyəsinin komissya sədri Zahid Qasımlı deyir ki, dünyanın bütün ölkələrində insanların sosial və digər problemləri var və vətəndaş cəmiyyətinin fəallığı ilə onların həllinə nail olmaq mümkndür.
Festivalın təşkilatçısı, MVA İB-nın prezidenti Fərman Nəbiyevin sözlərinə görə, bu filmlər bizə həyatımızı daha yaxşı qurmağın yollarını, başqalarının səhvlərini təkrarlamamağı öyrədir: “Biz ötən ilin yazında və payızında belə festivallar təşkil etmişik. Bu dəfə isə üçüncü kino bayramı ərəfəsindəyik. Uzun illərdir ki, insanlarımız kollektiv şəkildə filmlərə baxmaq, onların müzakirəsində iştirak etmək imkanına malik deyillər. Doğrudur, sovetlər vaxtında bədii filmlərin kino-teatrlarda nümayişi olurdu, amma sənədli filmlərə birgə baxış son illərdə formalaşır. Həm də burada bədii filmlərdəki kimi uydurulmuş deyil, real hadisələrin şahidi oluruq. Bu isə həyatını yaxşılığa doğru dəyişmək istəyənlər üçün çox dəyərlidir. Festvalın “Mənim taleyim öz əlimdədir” adlandırılması da bu məntiqdən irəli gəlir”.
Tədbirin sonuncu günü Uşaq Yaradıcılıq Mərkəzinin çıxışı da gözlənilir.
Şərhlər bağlıdır.