Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ramiz Əliyev: “Yeni nəslin tərbiyəsində belə filmlərin rolu əvəzsizdir”

Oktyabrın 9-da və 10-da Mingəçevir Media Mərkəzində “Mənim taleyim öz əlimdədir” adı ilə sənədli filmlər festivalı keçirilib. Açılış mərasimi həvəskar rəssam Yunis Yolçuyevin yağlı boya ilə çəkdiyi rəsmlərin təqdimatı ilə başlanıb. MVA İdarə heyətinin üzvü və festivalın aparıcısı Yeganə Nəbiyeva bildirib ki, bir neçə il qabaq təsadüfən müəllifin bir rəsmini görüb və onun izi ilə yaradıcılığını araşdıra bilib: “İki il öncə Yunis müəllimin rəsm dünyası barədə təəssüratlarımı oxucularımla bölüşəndə güman etmirdim ki, bir gün gələcək, bu təvazökar insanın əsərlərini canlı auditoriyaya da çatdıra biləcəyik. Etiraf edim ki, indiyə kimi şəhərimizin həyatının müxtəlif görüntülərini bu qədər rənglərə çevirən ikinci rəssam tanımıram”.
“Baxmayaraq ki, Yunis müəllim bu sahədə təhsil almayıb və son illərə qədər rəssam kimi tanınmayıb, amma onun Mingəçevirin rəngarəng həyatından bəhs edən əsərləri peşəkarlıqdan xəbər verir”- rəssam Abdulla Məmmədov belə deyib. Müəllifin rəsmləri festival iştirakçılarının ciddi marağına səbəb olub.
Bundan sonra filmlərin nümayişinə başlanıb. Festivalın ilk günündə Mingəçevir Politexnik İnstitutunun müəllim və tələbələri, şəhər mədəniyyət işçiləri kino bayramına qatılıblar. Səhər seansında Norman Maklarenin “Qonşular” (Kanada), Gürcüstan və Almaniya istehsalçılarının “Hər şeyi yoxa çıxaran maşın”, axşam isə Yaroslav Vojtekin “Sərhəd” (Slovakiya) filmləri nümayiş etdirilib. Ayın 10-da isə Saskiya Gubbelsin “Hər şey Elenin qulağı ilə” (Niderland), Liz Börk Pedersenin “Putinin öpüşü” (Danimarka) və Cini Retikerin “Şeytanı geriyə cəhənnəmə göndər” (ABŞ) filmləri təqdim olunub. Bu dəfə tamaşaçılar Mingəçevir Turizm və Tibb killeclərinin müəllim və tələbələri olub. Onlar filmlərdə bəhs olunan hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Ekspert qismində iştirak edən Mingəçevir Bələdiyyəsinin komissya sədri Zahid Qasımlı deyib ki, dünyanın bütün ölkələrində insanların sosial və digər problemləri var və vətəndaş cəmiyyətinin fəallığı ilə onların həllinə nail olmaq mümkndür: “Diqqət yetirdinizmi “Qonşu” filmindəki qəhramanlara? Onlar çox mehriban idilər, hətta bir-birinin siqaretini də yandırırdılar. Amma bir gülü bölə bilmədilər, nəticədə düşmənə çevrildilər, axırda hər ikisinə məzar qismət oldu. “Oskar” mükafatı almış bu film əslində dünyaya sülh naminə bir çağırışdır”.
MVA-nın prezidenti Fərman Nəbiyevin sözlərinə görə, festivalı “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi təşkil edib: “Biz üçüncü dəfədir ki, sənədli filmlər festivalına ev sahibliyi edirik. Filmləri Henrix Böl Fondu və People in Need təşkilatı təqdim edib, sponsorluğu Mingəçevir Bələdiyyəsi, “Elastik” MMC və “Mingəçevir işıqları” qəzet öhdəsunə götürüb”.
F.Nəbiyevin onu da deyib ki, bu filmlər həyatını yaxşılığa doğru dəyişmək istəyənlər üçün çox dəyərlidir, çünki bizə daha gözəl yaşamağın yollarını, başqalarının səhvlərini təkrarlamamağı öyrədir: “Festvalın “Mənim taleyim öz əlimdədir” adlandırılması da bu məntiqdən irəli gəlir”.
Festivalın bağlanış mərasiminə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev də qatılıb. O, yeni nəslin tərbiyəsində belə filmlərin əvəzsiz rolundan danışıb, ümid etdiyini bildirib ki, bu filmlər gənclərə doğru yaşamağa kömək edəcək. Başçının müavini auditoriyanın əksəriyyət təşkil etdiyi qızlara məsləhət və tövsiyələrini də verib. Onun sözlərinə görə, o yerdə ki, qadın güclü və iradəlidir, orada daha möhkəm ailə olur, tərbiyəli övladlar, cəmiyyətə faydalı insanlar yetişir. R.Əliyev Mingəçevirin ad günü ərəfəsində İcra Hakimyyəti tərəfindən Yunis Yolçuyevin Rəsm Qalereyasında sərgisinin təşkil olunacağını da deyib.
Bundan sonra MMM-in səhnəsi Uşaq Yaradıcılıq Mərkəzinin üzvlərinə verilib. Onların ifasında Azərbaycan rəqsləri ifa olunub.
2 gün ərzində festival çərçivəsində nümayiş etdirilən filmlərə 300-dən artıq mingəçevirli baxıb.

Şərhlər bağlıdır.