Bu dəfəki qəbulunda 62 vətəndaş Aydın Mirzəzadəyə dərdini çatdırıb
10 fevral 2015-ci ildə Milli Məclisin üzvü Aydın Mirzəzadə Mingəçevir şəhərində seçiciləri ilə görüşüb. O, səhər saat 10-dan başlayaraq 5 saat ərzində YAP Mingəçevir şəhər təşkilatının binasında yerləşən deputat qəbul otağında 62 vətəndaşı qəbul edib. Bir neçə nəfər qəbula kənar rayonlardan gəlib.
Seçicilər əsasən sosial, işə qəbul və hüquqi məsələlərlə bağlı müraciət ediblər. Bir neçə nəfər qanunlarla bağlı təkliflərini səsləndirib.
Regional El TV və Mingəçevir TV kanalları qəbuldan çəkiliş aparıb və MM üzvündən müsahibə alıb.
A.Mirzəzadə qəbuldan sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, qəbulda qaldırılan müyyən məsələlərin həlli məqsədilə onunla birgə müzakirə aparıb.
MM üzvü həmin gün Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının kollektivi ilə də görüşüb. Görüşdə filialda təhsil alan dörd tələbə qıza illik təhsil haqqının bir hisəsinin ödənilməsi barədə ödəniş qəbzləri təqdim edilib.
Deputat Mingəçevirdə növbəti qəbulunu aprel ayının əvvəlində keçirəcəyini və o zaman Mingəçevir Politexnik İnstitutunda təhsil alan bir neçə tələbəyə də təhsil haqqının ödənilməsində kömək göstərəcəyini də deyib.
Bütün bunlar barədə A.Mirzəzadə facebook sosial şəbəkəsində məlumat yayıb.
Şərhlər bağlıdır.