QHT

Təhsil Nazirliyinin sifarişi ilə orta təhsildə sivil məktəb şuralarının təbliğinə başlanıb

MVA rəhbərinin dediyinə görə, Mingəçevirdə və Bərdədə təhsilin idarə olunmasında valideyn iştirakçılığı və səriştəliyini yüksəltməklə bağlı müzakirələr aparılıb, TN-ə təkliflər hazırlanacaq

“Bu gün valideynlərin müəlim-şagird-valideyn üçbucağında yeri boş görünür. Bu boşluğu doldurmaq üçün sivil Məktəb Şuralarının təşkilinə nail olmaq vacibdir. Biz Təhsil nazirliyinin sifarişi ilə Mingəçevirdə və Bərdədə aktiv valideyn, müəllim və şagirdlərin toplantıları vasitəsilə onların təhsilimizin bu günü və sabahı ilə bağlı fikirlərini öyrənəcək, nümunəvi məktəb şuraları yaradcaq, sonda təkliflər paketi hazırlayaraq, Təhsil Nazirliyinə təqdim edəcəyik. Gələcəkdə layihənin əhatə dairəsinin bütün ölkə üzrə genişlənməsinə ümid edirik”.
Bu barədə müxbirimizə “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fərman Nəbiyev məlumat verib. Onun sözlərinə görə, son illər ölkədə orta təhsilin beynəlxalq standartlara çatdırılması istiqamətində ciddi addımlar atılsa da, valideynlərin təhsilin idarə olunmasına cəlb edilməsi yönümündə fəaliyyətsizlik hökm sürür: “Əksər valideynlərin məktəblə əlaqəsi zəifdir, bir çoxları uşaqlarını təhsil müəssisələrinə göndərməklə işlərini bitmiş hesab edirlər. İş o yerə çatıb ki, uşqalarının zəif nəticələrinə görə valideynlərin böyük qismi müəllimləri və məktəbi qınayırlar”.
F.Nəbiyev deyib ki, sovet dövründən qalma bu psixologiyanı dəyişrmək elə də asan deyil, çünki uzun illər ərzində təhsil ancaq məktəb tərəfindən idarə olunub, məktəblərdəki valideyn komitələri formal xarakter daşıyıb: “Hətta bu komitələrin sədrlərinə irəli çəkilən valideynlər də sinif və məktəb rəhbərlərinin “tapşırığı” ilə işləyib. Sivil ölkələrdə, əsasən Avropada, eyni zamanda Qafqazda bizim ən yaxın qonşumuz və strateji partnyorumuz olan Gürcüstanda isə təhsil müəssisələrinin idarəedilməsi uzun illərdir ki, məktəb şuralarının ixtiyarına verilib. Valideyn-müəllim-şagird üçlüyündən ibarət şuraya nüfuzlu, sözükeçən və ictimaiyyət tərəfindən qəbul olunan şəxslər seçilirlər. Belə halda məktəbi yalnız direktor deyil, həm də şura idarə edir və onun səlahiyyəti direktorunkundan artıqdır”.
MVA rəhbərinin sözlərinə görə, bir neçə il əvvəl Dünya Bankının layihəsi üzrə Azərbaycanın üç pilot rayonunda, 59 məktəbdə müasir mexanizmin tətbiqinə başlanmışdı: “Layihəyə görə, bu mexanizmlə işləyən orta təhsil müəssisələrinin sayının artırılması və yeniliyin qalan məktəblərdə də tətbiqi nəzərdə tutulurdu. Hətta Dünya Bankı Azərbaycanın bütün orta məktəblərinin müstəqil maliyyələşmə mexanizminə keçməsini təklif edirdi. Lakin Maliyyə Nazirliyi yeniliyin genişləndirilməsinə hazırkı şəraitdə etiraz edərək, bunun səbəbini məktəb şuralarının fəaliyyətinin zəifliyi və formal təşkil olunması ilə əlaqələndirdi. Eyni zamanda Təhsil Nazirliyinin keçmiş rəhbərliyi sivil məktəb şuralarını yaradılmasıyla bağlı islahatlara ciddi maraq göstərmədi”.
F.Nəbiyev vurğulayıb ki, bu gün valideynlərin müəlim-şagird-valideyn üçbucağında yeri boş görünür: “Buna görə də təhsilimiz axsıyır. Sonuncu dərs ilinun yekununda əsas və tam təhsil üzrə imtahahanların nəticələri də bu fikri təsdiqləyir. Sirr deyil ki, əksər valideynlər repititorluğun, təhsildə korrupsiya və rüşvətini qarşısının alınmasına cəhd göstərir, lakin bu, pərakəndə və sistemsiz aparıldığından nəticə vermir. Layihə bu pərakəndəliyi və sistemsizliyi aradan qaldıracaq, valideynlərin dəyişmək inamını artıracaq. Eyni zamanda hökumət faydalı yeniliklərin cəmiyyətə tətbiqi üçün müəyyən addımlar atacaq. Əgər müəllim-valideyn və şagirdə bir komandada işləmək bacarıqları aşılansa, ümid edirik ki, indiyə qədər problemə seyrçi mövqeyində qalan insanlar çıxış yolunu tapa biləcəklər”.

Daha çox

Oxşar yazılar

Close