Qalib əkizlər
Ağdam rayonundan məcburi köçkün düşərək, Mingəçevirə pənah gətirən Əhəmədovlar ailəsində 2000-ci ildə ekiz qardaşlar doğuldu. Onlara Sənan və Kənan adları verildi. 47 saylı Ağdam köçkün məktəbinin 9-cu sinifində təhsil alan əkizlər bu gün kayak və kanoe üzrə keçirilən bir çox yarışların qalibidirlər. Avropa oyunları qabağı öz yaşıdları arasında keçirilən yarışda bir gündə 5 qızıl, 1 gümüş medal qazana biliblər. Ölkədə və ölkədən kənarda dəfələrlə fəxri kürsünün yüksək pilləsinə çıxmağı baçaran qardaşlar Təhsil şöbəsinin nəzdindəki Uşaq Gənclər İdman məktəbinin bu idman növü ilə məşğul olurlar. Məşqçi İsbəndiyar Cəfərovun dediyinə görə, 4 ildir ki, onlarla məşğul olur: “Dəfələrlə prezident kubokunun, Mingəçevir reqatalarının qalibi olublar. Yaşlarına görə ən perspektivli idmançılardırlar. Elə bir yarış yoxdur ki, qardaşlar ordan əli boş qayıtsınlar. Əməyimin boşa çıxmamağına çox sevinirəm. 4 il əvvəl zəif, cılız uşaqlar indi suyun çətinliyindən qorxmayan məharətli idmançılardırlar. Onları nə qasırğa, nə dalğa qorxudur”.
“Evimiz Kür çayının sahilində yerləşdiyi üçün hər səhər qardaşımla avarçəkənlərə böyük maraq hissi ilə tamaşa edirdim. Su təhlükəli olduğu üçün bizdə qorxu, həyacan vardı. Bəzən məşq zamanı uda aşmışıq. Amma bunlar artıq arxada qalıb”-Kənan belə deyir. Sənan isə bildirlər. ki, yad ölkələrdə yarışın qalibi olanda sevinci yerə-göyə sığmır: “Çünki Azəbaycan bayrağı qaldırılır, himnimiz səsləndirilir”.
Yeri gəlmişkən, Sənan Mingəçevir Bələdiyyəsinin mükafatı uğrunda keçirilən turnirdə I nəticəni göstərib. İyun ayının 26-da Gürcüstanda keçirilən turnirdən isə qardaşlar 1 və 2-cü mükafatları gətiriblər.
Anası Nuranə xanım övladları ilə fəxr edir: “Bu gün oğlanlarımın vətənə layiqli övladlar kimi yetişməsi müəllimlərinin və məşqçilərinin əməyinin bəhrəsidir.Əvvəllər su üzərində yarış bir az gözümü qorxudurdu. Ancaq uşaqlarımın böyük marağı qarşısında aciz qaldım. Onların günbəgün artan uğurları bir valideyn kimi məni qanadlandırır”.
Şərhlər bağlıdır.