Cəmiyyət

Həm kitabdan danışıldı, həm də reket “jurnalistlərdən”

“Yeni nəsil” AJB-nin sədri Arif Əliyev və “Altun” kitab nəşriyyatının rəhbəri Rafiq İsmayılov Mingəçevirdə təhsil işçiləri ilə görüşüb

Yanvarın 31-də “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev və “Altun” kitab nəşriyyatının rəhbəri, 1-7-ci siniflər üzrə “Azərbaycan dili” dərsliklərinin müəllifi Rafiq İsmayılov Mingəçevirdəki 3 saylı məktəbdə şəhərin təhsil işçiləri ilə görüşüblər. R.İsmayılov ölkənin bu günkü təhsil siyasətində prioritet olan məsələlərdən danışıb. O, qeyd edib ki, kurikulumun uğurlu tətbiqi hər bir müəllimin yaradıcı fəaliyyətindən asılıdır, bu isə əlavə dərs vəsaitlərindən istifadə etmədən mümkün deyil: “Nəşriyyatımızın əsas fəaliyyət istiqaməti uşaq kitablarının və orta məktəblər üçün tədris ədəbiyyatının nəşridir. İndiyə kimi 120 adda uşaq kitabı, dərslik və dərs vəsaiti hazırlamışıq. Son dövrdə nəşriyyatda məktəbəqədər yaşlı uşaqlar üçün vəsaitlərin və məktəblilər üçün lüğətlərin nəşrinə başlamışıq. Bu sahədə ərsəyə gətirilən intellektual məhsullar həm də interaktiv elektron sorğu və tədris materialı kimi azdili.az və cirtdanbala.az saytlarında yerləşdirilir”.

R.İsmayılov onu da bildirib ki, “Altun Kitab” nəşriyyatı 2004-cü ildən fəaliyyət göstərir: “Yarandığı gündən nəşriyyat öz layihələri əsasında oxucular üçün kitabların nəşri və satışı ilə məşğuldur. Mingəçevirdə də nəşriyyatın regional nümayəndəliyini açmağa qərar vermişik. Bu, sizə və valideynlərə, o cümlədən məktəblilərə imkan verəcək ki, əziyyət çəkmədən, çox axtarmadan bizim nəşrlərimizi əldə edə bilsinlər.”

Görüş zamanı reketçiliklə məşğul olan “jurnalistərin” ləyaqətsiz hərəkətləri barədə fikir mübadiləsi də aparılıb. 13 saylı məktəbin direktoru Tünzalə Əfəndiyeva dəfələrlə bu adamların təhqirləri ilə üzləşdiyini, Mətbuat Şurasına müraciət etməyə məcbur olduğunu deyib. Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev qanunvericiliyə və mənəviyyatımıza zidd əməllərlə məşğul olan yalançı qəzetlərə və saytlara qarşı təsirli tədbirlərin gücləndirilməsinin vacibliyinə diqqəti yönəldiblər. Başçının müavini onu da vurğulayıb ki, bu yalançı media orqanlarında çalışanların əksəriyyətinin jurnalistikadan xəbəri yoxdur: “Soruşuram, a bala, haranı bitirmisən? Deyir mexanik işləmişəm. Məqsədləri ancaq pul qoparmaq, bu olmadıqda isə vəzifəli şəxsləri şantaj etməkdir”.

“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev təəssüflə bildirib ki, bu gün 25-30 mindən təxminən 60 minə qədər şəxsin cibində jurnalist vəsiqəsi var, amma həqiqətən çalışanların sayı 6 min nəfərə yaxındır: “Bizim sizin şəhərdə də nümayəndəmiz var. Onun vasitəsilə, yaxud birbaşa bizə müraciət edə bilərsiniz. Deyirsiniz ki, onlar cızma-qaralarını Təhsil Nazirliyinə göndərirlər. Eybi yox, biz də jurnalist təşkilatı olaraq, sizə dəstək məktubu yazıb, nazirə yollaya bilərik. Sonda həmin adamlar ifşa olunacaqlar”.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close