Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Biz gənclərə nəsə təklif etmədən öncə özümüzü onların yerinə qoyuruq”

-Tural müəllim, 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Gənclər sektorunda çalışan bir şəxs kimi Mingəçevir gənclərinin aktivliyini necə dəyərləndirirsiniz?

– Azərbaycan gənclərə göstərilən diqqət və qayğıya görə nəinki qonşu ölkələrdən, o cümlədən Avropa ölkələrindən fərqlənir. Hətta mən deyərdim ki, bu sahədə qat-qat üstün mövqe nümayiş etdirir. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral tarixinin Gənclər Günü kimi təsis olunması da bunun ən bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin də əsas məqsədi vətənpərvər ruhlu, yaradıcı və sağlam düşüncəli gənc nəslin yetişdirilməsidir. Regionlarda Gənclər Evlərinin yaradılıb istifadəyə verilməsini gənclərimizin inkişafında və ictimai həyatın müxtəlif sahələrində aktivliyinin təmin edilməsində uğurlu bir addım kimi qiymətləndirə bilərik.

Öncəki illərə nəzər saldıqda əminliklə deyə bilərəm ki, Mingəçevir gəncləri son zamanlarda olduqca aktivdir. Gənclərlə daim əlaqədə olmaq bizim işimizin bir parçasını, hətta əsasını təşkil edir. Mingəçevir Gənclər Evi ilk istifadəyə verilən müəssisələrdən biri olduğu üçün yeni yarandığı zaman bir çoxları, xüsusilə də gənclər müəssisənin fəaliyyəti ilə tanış deyildi, burada hansı xidmətlərin olduğunu və bu xidmətlərin onlara nə kimi faydalı olacağını bilmirdilər. Aparılan məlumatlandırma işləri, gənclərimizə faydalı olacağına inandığımız layihə və proqramların keçirilməsi, müxtəlif istiqamətli fəaliyyətimizlə işimizin əsas hissəsinin məhz onların hərtərəfli inkişafına nail olmaq olduğunu göstərmiş oldu. Bu gün gənclərimiz nəinki müəssisəmizdə, hətta müəssisədən kənarda, o cümlədən xarici ölkələrdə keçirilən tədbirlərdə aktiv şəkildə iştirak edir. Ölkəmizi layiqli şəkildə təmsil edən gənclər bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanır, özləri də yeni təklif və ideyalar üzərində işləyirlər.

-Sizcə 5 il öncəki gəncliyimizlə hazırkı gəncliyimizi bir-birindən fərqləndirən məqamlar hansılardır? Gənc nəslin inkişafı və tərbiyəsi ilə bağlı görülən işlər sizi qane edirmi?

5 il öncəki gənclərimizlə bu günkü gənclərimiz bir-birindən təşəbbüskarlığı, fəallığı ilə seçilir. İndiki gənclər daha yaradıcı, fəal, yenilikçi olmaqla yanaşı, informasiyanı fərqli şəkildə qəbul edib, qiymətləndirir. Onları təəccübləndirmək və razı salmaq üçün hər zaman bir addım öndə olmaq lazımdır. Bundan öncə gənclərə çatmaq, onlara təklif vermək üçün küçə, təhsil müəssisələri və s. kimi gənclərin kütləvi şəkildə toplaşdığı məkanlara gedirdiksə, bu gün bunu çox rahat şəkildə sosial şəbəkələr vasitəsilə həyata keçirmək mümkündür. Biz gənclərə nəsə təklif etmədən öncə özümüzü onların yerinə qoyuruq və özümüzə: “Bu mənə nə üçün lazımdır? Mən bununla nə əldə edəcəm? Sərf etdiyim vaxt buna dəyərmi?”- kimi sulları ünvanlamaqla atacağımız addımları müəyyənləşdiririk.

Əminliklə deyə bilərəm ki, gənclərin inkişafı və tərbiyəsi ilə bağlı görülən işlər nəinki qanedici, hətta qat-qat yüksək səviyyədədir. Gənclərimizin inkişafı, onların mənəvi tərbiyəsi, sağlam həyat tərzinin təşkili hər zaman dövlətin diqqət mərkəzində olub. Onların cəmiyyətdə özlərini təsdiq etməsinə hərtərəfli imkanlar yaradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərimiz tərəfindən əsası qoyulan gənclər siyasətini uğurla davam etdirir. Gənc nəslin intellektual səviyyəsinin artması, maariflənməsi, sağlam düşüncəli, vətəni və xalqına bağlı olması istiqamətində görülən işlər təqdirəlayiqdir.

-Bu gün Mingəçevir Gənclər Evi gənclərimizin inkişafına nə kimi töhvələr verir? Bildiyiniz kimi, 2020-ci il ölkəmizdə Könüllülər ili elan edilib. Könüllülərlə bağlı planlarınız nələrdir, hansı yeni tədbir, təşəbbüs və layihələrin reallaşdırılması planlaşdırılır?

Mingəçevir Gənclər Evi fəaliyyət göstərdiyi müddət ərzində gənclərin şəxsi inkişafı, cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə müxtəlif proqramlar həyata keçirib. Müəssisəmizin fəaliyyətində əsas məsələlərdən biri könüllü fəaliyyətin təşkilidir. Gənclər könüllü fəaliyyət zamanı müəssisəmizin iş prinsipi ilə tanış olur, təşkilati işlərdə aktiv iştirak edərək, gələcək fəaliyyətləri üçün təcrübə toplayır, potensial kadr kimi yetişir, ünsiyyət bacarıqlarına yiyələnirlər. İlk dəfə olaraq Gənclər Evi olmayan regionlarda müəssisənin imkanlarına əlçatanlığı təmin etmək məqsədilə müəssisəmiz tərəfindən “Səyyar Gənclər Evi” təlim proqramının icrasına başlanılıb.

2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması Prezident İlham Əliyevin könüllü fəaliyyətlə məşğul olan şəxslərə göstərdiyi diqqət və qayğının, onların əməyinə verdiyi dəyərin bir göstəricisidir. Qeyd etmək istərdim ki, Mingəçevir Gənclər Evi rəsmi fəaliyyətə başlamazdan öncə könüllü şəkildə gənclərə, şəhərimizin sakinlərinə xidmət göstərib. Yarandığı gündən etibarən könüllü fəaliyyət sahəsində öz işini təkmilləşdirən müəssisədə bu gün də könüllülərimizin əməyindən istifadə edilir. Mən öz könüllülərimlə qürur duyuram, onların hər birinin bu gün burada olmalarının bir səbəbi var: öyrənmək, inkişaf etmək.

Bu günlərdə Mingəçevir Gənclər Evinin təşəbbüsü və təşkilatçılığı ilə “Region Könüllülərinin İnkişaf Forumu” keçirildi, “Region Könüllüsü” Gənclər Hərəkatına start verildi. Gənclərin peşə və karyera seçimi zamanı qarşılaşdıqları problemlərin həllində onlara kömək etmək, gənclərə stimul vermək məqsədilə  “Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” adlanan proqramın icrasına başlanıldı. Proqramda iştirak etmək istəyən yüzdən artıq gənc onlayn şəkildə qeydiyyatdan keçib. Onlar arasından 45 gənc seçilərək, təlimlərdə iştirak hüququ qazanıb. Bu işlərə nail olmağımıza baxmayaraq, qarşıda bizi yeni hədəflər gözləyir.

-Mingəçevir Gənclər Evi olaraq hansı gənclər təşkilatları ilə əməkdaşlıq edirsiniz? Bu əməkdaşlıq hansı çərçivədə həyata keçirilir?

-Məlumdur ki, gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas tərkib hissələrindən biridir. Gənclər müxtəlif təşkilatların üzvü olmaqla, bir fərd kimi inkişaf edir, cəmiyyətin fəal iştirakçısına çevrilirlər. Mingəçevir Gənclər Evi olaraq hazırda bir çox yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Bu təşkilatlar müəssisəmizə müraciət etməklə, müxtəlif proqramlar həyata keçirirlər. Qeyd edək ki, bu əməkdaşlıq həm yerli təşkilatlarla, həm regional və beynəlxalq təşkilatlarla həyata keçirilir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycanın birgə təşkilatçılığı ilə “Əsas Həyat Bacarıqları” təlim kursu həyata keçirilir. Yeniyetmə və gənclərin gələcək fəaliyyətinə təkan verən layihə çərçivəsində iştirakçılar müxtəlif bacarıqlara yiyələnir, kursu uğurla bitirdikləri zaman sertifikatlarla təltif edilirlər. BMT tərəfindən müəssisəmizdə fiziki məhdudiyyətli yeniyetmə və gənclər üçün müxtəlif proqramlar da reallaşdırılır. Bu gənclərin cəmiyyətimizə qazandırılması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və bizim  üçün ən vacib məsələlərdəndir. Bu gün beynəlxalq təşkilatlarla əlaqələri mövcud olan Gənclər Evlərindən biri və bəlkə də birincisiyik. Buna baxmayaraq, bu əlaqələri daha da genişləndirməyə və fərqli aspektə daşımağa çalışırıq ki, onların təcrübələrindən faydalanmaqla gənclərimizə daha keyfiyyətli xidmət göstərə bilək. Xüsusilə 2020-ci ildə BMT və Azərbaycan Hökumətinin birgə reallaşdırdığı “Birgə Gənclər Evləri  təşəbbüsü” çərçivəsində Gənclər Evində “Karyera planlaşdırılması”, “Layihələrin yazılması və idarə edilməsi” kimi istiqamətlər üzrə davamlı təlimlər təşkil ediləcək.

-Sonda gənclərə arzu və təkliflərinizi bilmək istərdik.

Yekun olaraq gənclərimizi 2 fevral Gənclər Günü münasibətilə təbrik edirəm. Daha müvəffəqiyyətli və parlaq gələcək üçün öz asudə vaxtlarını şəxsi inkişafları üçün faydalı olacaq işlərə – təhsilə, xarici dil biliklərini artırmağa, fiziki sağlamlıqlarının qayğısına qalmağa sərf etmələrini arzulayıram. Hər zaman ictimai işlərdə fəal olun, öz üzərinizdə çalışmağa davam edin.

Şərhlər bağlıdır.