Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra başçısı gənclərə sadəcə diplom almağın deyil, alacaqları ixtisası mükəmməl şəkildə öyrənməyin vacib şərt olduğunu bildirib

180

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Günü ərəfəsində  “Gənclərin şəxsi inkişaf və karyera  məktəbi”  proqramının icrasına başlanılıb. Proqramın açılışında gənclər, könüllülər, media nümayəndələri və müxtəlif qurumların əməkdaşları iştirak edib.

Proqramın ilk qonağı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov olub. 2 fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edən başçı fəaliyyəti ilə bağlı iştirakçıların suallarını cavablandırıb, onlara karyera planlaşdırılması sahəsində tövsiyələrini verib. “Asan yol yoxdur, ancaq məndə hər zaman özümə inam olub. Daim öz üzərimdə çalışmışam, təşəbbüskar olmuşam. Mənə görə insan qarşıya qoyulan məqsədə doğru düzgün yolla gedirsə, daim o məqsədə çatmağa nail olacaq”- deyən İcra başçısı gənclərə hər zaman öz bacarıqlarını düzgün qiymətləndirməyi, qarşıya qoyulan məqsədə doğru inamla irəliləməyi məsləhət görüb.

İcra başçısı gənclərə sadəcə diplom almağın deyil, alacağı ixtisası mükəmməl şəkildə öyrənməyin vacib şərt olduğunu bildirib. Təhsil aldığı müddət ərzində öz üzərlərində çalışmağı, hazır kadr kimi formalaşmağı başlıca məqsədlərinə çevirməyi tövsiyə edib. Gənclərin maraqlı və faydalı layihələrlə müraciət etdikləri halda onlara lazımı köməklik göstərməyə hazır olduğunu da deyib.

İlham İsmayılov Mingəçevir gənclərinin öz fəallığı ilə hər zaman seçildiyini bildirib. Gənclərə daim bu aktivliyi qoruyub-saxlamağı, yeni təşəbbüslərlə çıxış etməyi, ən əsası isə vətənpərvər olmağı arzu edən İcra başçısı onlardan gözləntilərini də açıqlayıb: “Dövlət və dövlətçiliyimizə, dövlət rəmzlərimizə hörmətlə yanaşın. Ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edin”.

“Gənclərin şəxsi inkişaf və karyera məktəbi”nə uğurlar arzulayan İcra başçısı  proqramın uzunmüddətli və gənclər üçün faydalı olacağına əminliyini ifadə edib və sonda gənclərlə birlikdə xatirə şəkli çəkdirib.

Şərhlər bağlıdır.