Baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevir ictimaiyyəti ilə görüşüb
Prezident İlham Əliyevin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevirdə ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüş iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Baş nazirin müavini ilə görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin yaranma tarixi, inkişafı barədə ətraflı məlumat verib. O deyib ki, son illər dövlət başçısının diqqəti sayəsində Mingəçevirdə sosial infrastruktur layihələr, geniş miqyaslı quruculuq- abadlıq işləri həyata keçirilir. Kür Olimpiya İdman Tədris Mərkəzi və Mərkəzi Xəstəxana əsaslı şəkildə yenidən qurulub. Şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması davam etdirilir.
Texniki rezin məmulatları müəssisəsinin rəisi Vaqif Həsənov istehsal imkanları barədə ətraflı məlumat verib. O bildirib ki, əvvəllər müəssisə ən güclü zavodlardan olub:”Lakin indi müəssisə fəaliyyətində çətinlik çəkir, dayanıb. Kadrlara cüzi də olsa əmək haqqı veririk ki, onları itirməyək. Şinin istehsalına başlamaq istəyirik. əgər biz şinin istehsalına başlasaq insanların da iş yerləri olar”.
Azərkabel zavodunun nümayəndəsi bu zavodun vaxtilə Qafqazın ən böyük zavodlarından olduğunu deyib: “Artıq buna zavod demək mümkün deyil. Zavodun keçmiş müdiri tərəfindən atılmış düzgün olmayan addımlar nəticəsində zavod dağılıb, torpaqlarının yarısı isə satılıb. Dəfələrlə məhkəməyə müraciət etmişik, lakin məsələyə biganə yanaşılıb. Həmçinin vergi köhnə borcları ödəməyimizi tələb edir. Xahiş edirik ki, bizə köhnə borcların ödənilməsində bir az zaman verilsin”.
Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev bir çox problemləri önə çəkərək deyib ki, Bağ massivində evlərin sənədləşdirilməməsi sakinlər tərəfindən narazılıqlara səbəb olur: “Ünvan verilməməsi onların seçkilərdə iştirak etmələrinə, qeydiyyata alınmalarda problemlər yaradır. Biz inanırıq ki, qaldırılan bu məsələrin həllində bizə yardımçı olacaqsınız”.
Su kanal idarəsinin rəisi Mustafa Kərimov su kanalizasiya xətlərinin 50-60- illərdə qurulduğunu və köhnəldiyini deyib. Bir çox yerlərdə əsaslı təmir işləri aparıldığını və kanalizasiya, zirzəmi xətlərinin yenidən qurulmasına ehtiyacın olduğunu söyləyib.
Mingəçevir Dövlət Universtietinin rektoru Akif Hacıyev Universtietin maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyacın olduğunu bildirib: “Bu il məktəbin yataqxanasında məskunlaşmış qaçqın və məcburi köçkünlər mənzillə təmin olundu. Yataqxana boşaldıldı və hal-hazırda bərbad vəziyyətdədir”.
Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli İdman kompleksində qaçqın və məcburi köçkünlərin məskunlaşdığını bildirib. O deyib ki, həm gənclərin, həm şəhər sakinlərinin sağlamlığı, vaxtlarını səmərəli keçirmələri üçün idman kompleksinin istifadəyə verilməsi vacibdir.
İcra hakimiyyəti başçısının müavini Hikmət Kərimov Mədəniyyət və Turizm şöbəsində vəsaitin kəsrilə verildiyini və bunun da 35 işçinin kəsrinə səbəb ola biləcəyini deyib.
Əsaslı tikinti, təmir şöbəsindən Arif Musayev, İstilik idarəsinin rəisi Firdovsi Mahmudov fikir və təkliflərini bildiriblər.
İctimaiyyət nümayəndələri Ramiz İbrahimli, Allahverdi Əliyev təkliflərini bildirib. Onlar Mingəçevirdə zavodların fəaliyyətdən dayanmasının əhalinin işsizliyinə səbəb olduğunu, Mingəçevir kəndində bağ sahələrinin suvarılması nəzərdə tutulmadığı üçün bağ sahəsinin quruyub məhv olduğunu bildiriblər.
Baş nazirin birinci müavini Yaqub Eyyubov ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri barədə ətraflı məlumat verib. Dünyada gedən iqtisadi böhran şəraitində dövlət başçısının imzaladığı fərman və sərancamların mahiyyətindən bəhs edib.
Yaqub Eyyubov Mingəçevirin ona doğma olduğunu bildirib: “Çoxdandı Mingəçevirə gəlmirdim. Sözün məcazi mənasında burnumun ucu göynəyirdi. Mən Mingəçeviri doğma vətənim bilirəm. Bütün gəncliyin burda keçib. Bu günkü çıxışlar mənə çox təsir etdi. Danılmazdır ki, şəhərdə çox işlər görülüb, amma həllini tapmayan problemlər də var. Biz çalışacağıq ki. problemlərin həllinə operativ şəkildə yol tapaq”.
Sonda baş nazirin birinci müavini maraqlı zarafatla iclasa yekun vurub: “Zal çox soyuqdur. Mən içəri girəndə çox üşüdüm. Siz qəhrəmansınız ki. bu gün belə bir soyuq yerdə soyuqdan qorxmayaraq mənimlə görüşə gəlmisiniz. Söz verirəm ki, zalın istilik sistemiylə bağlı tədbirlər görüləcək.”
Şərhlər bağlıdır.