Qarabağ

Xocalım, nə böyük dərdmişsən?

İnsan nə qələbəsini, nə də məğlubiyyətini unutmur...

 

Bir neçə dəqiqəlik də olsa həmin günləri xatırlayaq və təsəvvür edək. Soyuq fevral günləri, hər tərəf qar, hər tərəf qaranlıq. İnsanlar evində, isti sobanın kənarındadır. Lakin həmin günlər təkcə xocalılar yox, bütün Qarabağda, camaat səksəkədə, narahatlıq içində idi. Günlər yox, aylardır ki, erməni-rus silahlıları Qarabağda şəhərləri, kəndləri atəş altında saxlayırdılar. Bir gün, o soyuq fevral günlərinin birində, 17 fevralda Qaradağlıya hücum etdilər. 80-nə yaxın qaradağlını qətlə yetirdilər, girov götürdülər, kəndi qarət etdilər və yandırdılar…Artıq ermənilərin istənilən vəhşiliyi törədəcəyi qaçılmaz idi. Növbəti hədəf istənilən şəhər və ya kənd ola bilərdi, amma heç kim, bu hədəfin, məhz onun şəhəri, onun qəsəbəsi, onun kəndi olacağına inanmırdı, çünki hamı Bakıya inanırdı, Bakı isə susurdu, yaman susurdu… 366-cı alay isə Xocalını mühasirəyə alırdı, xocalılar isə bundan həm xəbərsiz, həm də xəbərdar idi, amma başlarına gələcəklər ağıllarına da gəlmirdi. Xocalılar Xocalıdan çıxmaq istəmirdi, axı, insan öz evini, öz yurdunu niyə tərk etməlidir, niyə atıb getməlidir? Xocalı qəflətən alışdı, qəflətən yandı, erməni yaraqlıları silahlardan dəhşət saçırdı. Xocalılar çarəsiz idi, onlar həmin gün insafın, vicdanın, insanlığın ümidinə qalmışdılar, lakin nə insafın, nə vicdanın, nə də insanlığın gücü yetmədi xocalıları xilas etməyə. Çünki silahlar səslənəndə ilk susan insanlıq olur, çünki ilk ölən də, elə insanlıq olur. 28 ildir ki, bizi qəzəbləndirən, xocalıları hiddətləndirən bir məqam var: bu faciəni törədən cinayətkar ermənilər, 366-cı alayın rus zabitləri nədən cəzalandırılmır, nədən?

Bu şəhərin küçələri qanla dolu…

Çiliklənmiş, parçalanmış ürək dolu.

Ayağımız qana batır hər addımda,

Əllərimiz qana batır əl tutanda…

Bu qan niyə yerdə qalıb?

Bu qan niyə əllərdədir?

Bu qanı kim yuyacaq?

Bu qanı kim alacaq?

Bu günü-26 fevral 1992-ci ili -unuda bilmirik, çünki insan nə qələbəsini, nə də məğlubiyyətini unuda bilmir. Biz isə birlikdə uduzduq, birlikdə məğlub olduq, ona görə də məğlubiyyətimizi də birlikdə xatırlamağa məcburuq, borcluyuq. Sadəcə, ağlamaq, üzülmək, kədərlənmək üçün deyil, qələbəyə ehtiyacımız olduğu üçün, qalib gələcəyimizə ümid etməyə haqqımız olduğu üçün. Biz, birlikdə qalib gəlməliyik, birlikdə qalib gələcəyik.

Mehparə Rəhimqızı.

 

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close