Mingəçevirdə suvarma məqsədilə köhnə xətlər bərpa ediləcək
Mingəçevir İcra Hakimiyyəti başçısının 1 saylı Sahə-İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Mikayıllı 2015-ci ilin yekunları və qarşıdan duran vəzifələrlə bağlı hesabat verib. O deyib ki, ölkədə böhranın baş verdiyi bir dövrdə qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilib: “Hesabat ili ərzində şəhərimizdə xeyli tikinti-abadlıq, quruculuq işləri aparılıb, yeni park və xiyabanlar salınıb. Yeni-yeni obyektlər açılıb, yüzlərcə şəxs daimi və müvəqqəti işlə təmin ounub”.
Hesabatda bildirilib ki, nümayındəliyə 2015-ci il üçün 39846 manat vəsait ayrılıb.
R.Mikayıllı bəzi yerlərdə sakinlərlə görüşlərin az keçirildiyindən, inzibati ərazilərdə yaşayışçıların qeydiyyat problemindən, aşkarlanmış nöqsanların aradan qaldırılması işlərinin ləng apardığından da danışıb. O, həm də qeyd edib ki, nəzarətsiz ev heyvanları və quşlarının saxlanmasının qarşısını tam almaq hələ mümkün olmayıb.
Mingəçevir Bələdiyyəsinin yerli-sosial məsələləri daimi komissiyasının sədri Zahid Qasımlı problemləri həll etmək üçün sakinlərlə mütəmadi görüşməyin, onların vəziyyətindən xəbərdar olmağın vacibliyini vurğulayıb.
Mingəçevir Elektrik şəbəkəsinin rəisi Etibar Mirzəyev 60-70-ci illərdən qalma transformatorların dəyişdirilməsinə başlandığı, yeni xətlərin çəkildiyi və bu kimi işlərin davam etdirildiyi barədə məlumat verib.
Şəhər sakinlərindən Tofiq Qarayev, Allahverdi Əliyev və başqaları irad və təkliflərini səsləndirib. Evlərdə mərkəzləşdirilmiş qaydada istilik sisteminin olmaması, hələ də enerji fasilələrinə yol verilməsi, karxanaların şəhərin meşə zolağını məhv etməsi, yeni su-kanalizasiya xətləri çəkilmiş ərazilərdə asfaltlanma işlərinin aparılmaması, suvarma suyunun içməli su qiymətinə verilməsi və digər problemlər barədə narazılıqlarını bildiriblər.
İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov uzun illər təmirə ehtiyacı olan Samux küçəsində, çimərlik yolunda və Gəncə şosesində, 1, 7 və 9 saylı məktəblərdə əsaslı təmir işləri apardılğını, binaların dam örtüyünün, asfalt örtüklərin dəyişdirildiyini, müasir işıqlanma dirəkləri qoyulduğunu, 2 parkın yenidən qurulduğunu, şəhərə suvarma suyun verilməsiylə bağlı Nazirlər Kabinetinə müraciət olunduğunu nəzərə çatdırıb: “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə danışıqlar gedir. Məsələ həll olunacağı təqdirdə bağ və həyətyanı sahələrin, şəhərdəki yaşıllıqların suvarılması üçün yeni nasos stansiyaları qurulacaq, əvvəllər mövcud olmuş köhnə xətlər bərpa ediləcək”.
Nümayəndəliyin fəaliyyəti qənətbəxş qiymətləndirilib və qarşıda duran vəzifələrlə bağlı qərar qəbul olunub.
Şərhlər bağlıdır.