Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Balıqçı

Göl qırağında, adına uyğun bir guşədə əyləşib tilovu suya atan Sakit müəllim nəzərini bir nöqtəyə zilləmişdi. Elə bu zaman tilova balıq düşdü. O, tilovu çəkib, qarmağa düşən balığa baxıb, fikrə daldı. Bu balığın xırda olması, çırpınıb qarmaqdan çıxmaq istəyi bir anlığa onu keçmişə apardı. Vaxt var idi o heç tilov atmadan, iri balıqlar, balıq kürüsü gətirərdi evə, heç vaxt ağlına belə gətirməzdi ki, belə bir xırda balıqdan ötəri bu qədər vaxt və zəhmət sərf etsin. Heç vaxt ağlına belə gətirməzdi ki, belə seçim qarşısında qalsın. Bəs indi o nə edə bilərdi? Günah onda deyil axı… Bir qədər fikrə daldı: “Axı heç bu balıqda da günah yoxdur. Onun hələ heç bir təcrübəsi yoxdur, bir tikə çörəkdən ötəri özünü qarmağa salıb, bəlkə də elə qisməti bu imiş, yox-yox, elə mənim qismətim budur, bəlkə də elə biz bir-birimizə layiqik. Aramızdakı fərq zamandır. Zamanın böyüklüyü onun hərəkətliliyidir. Mən isə burada hərəkətsiz oturub, özümü bir balaca balığın qarşısında aciz kimi göstərirəm.”
Sakit müəllim fikirli-fikirli tilovu əlində saxlamışdı, balıq isə elə hey çırpınırdı. Qıraqdan bu mənzərəni müşahidə edən olsaydı, elə düşünərdi ki, sanki müəllim öz ovundan ləzzət alır, onu havada saxlayır ki, qoy elə çırpınsın, yorulanda sakitləşər. Vaxt var idi müəllimi də bu cür qarmağa keçirib çırpınmağa məcbur edirdilər. Olmaya, müəllim bu xırda, gücsüz balıqdan həyatının ağır çağlarının heyfini çıxır? Yoxsa balığın çırpıntısı ona deyir ki, ay müəllim, axı sənin fikrin nədir, ayıl, bir qərara gəl görək, mən qızıl balıq deyiləm, mən sənin arzularını yerinə yetirə bilmərəm. Hə, müəllim, tez ol, bir qərar ver, yəqin ki, sən özünü iclasda hiss edirsən, hamının fikrini öyrənib sonra qərar vermək istəyirsən. Hamı səninlə razılaşacaq, bəli, Sakit müəllim, əlbəttə Sakit müəllim, tamamilə haqlısınız Sakit müəllim deyib, qovluqlarını qoltuqlarına vurub kabinetdən çıxacaqlar.
Sakit müəllimi bu fikrindən ona yaxınlaşan bir cavan oğlan ayırdı.
-Salam, ağsaqqal-deyib, salamının cavabını gözləyər-gözləməz söhbətə başladı: “Mən də təzə-təzə balıq tutmağa başlayanda həmişə tilovuma xırda balıqlar düşürdü. Naəlac qalıb, elə o balıqları evə aparırdım. Üzr istəyirəm, həyat yoldaşım əvvəl-əvvəl sevinirdi, sonralar yavaş-yavaş başladı deyinməyə ki, təmizləmək olmur, qızardanda da yağı çox aparır, bir də belə balıqları evə gətirmə”.
Sakit müəllim sanki heç nə eşitmirmiş kimi balığı havada saxlayırdı. Təzə qonşu Sakit müəllimin susmağından istifadə edib, yavaş-yavaş balıq tutmaq üçün yerini rahatlamağa başladı. O, bir az Sakit müəllimə yaxın əyləşdi. Çantasından soxulcanları yığdığı şüşə qabı çıxarıb, yanına qoydu, tilovu suya atmaq üçün yerin münasib olub-olmadığını yoxlayırmış kimi sağına-soluna baxdı, təcrübəli balıqçı olmağını Sakit müəllimə göstərmək istəyirmiş kimi: “A kişi, bəsdir tamaşa etdin o “sərçəyə,”gərək tutanda da balina da olmasa, heç olmasa, akula tutasan”.
Akula sözünü eşidən kimi sanki Sakit müəllimi cərəyan vurdu. O diksinib ayıldı və çevrilib bir oğlana baxdı, bir balığa baxdı və bir az da oturduğu yerdə yırğalanıb, sakit bir tərzdə dedi: “A bala, sən burada nə edirsən? Salamsız, kəlamsız, icazəsiz, hörmətsiz bir tərzdə də əyləşibsən. Deyəsən, soxulcan da gətiribsən, özü də bir şüşə qab, olmaya fikrin çoxlu balıq tutmaqdır? Seçdiyin yer də pis deyil, həm məndən hündür bir yerdə əyləşibsən, həm də mənim balıqlarıma yaxın qoyubsan çantanı… Bu bir az məndə şübhə doğurur. Axı belə işlər heç mənim xoşuma gəlmir. Sən başa düşdün dəə!”
Sakit müəllimin sözlərini yarı zarafat- yarı gerçək qəbul edən təzə qonşu şüşə qabdan bir soxulcan çıxardıb, qarmağa keçirə-keçirə söhbətinə davam etdi: “Səndən yaxşı olmasın, mənim bir yaxşı tanışım var, hərçənd o da özünü balıqçı sayır”- o, bir az üzünün cizgilərini tərpədib, gülümsədi və sonra söhbətinə davam etdi: “Hər dəfə mənimlə balıq tutmağa gələndə keçib məndən yuxarıda oturardı, tutduğu balıqlar da xətrinə dəyməsin, elə sənin tutduğun balıq boyda olurdu. Söhbətimin canı, ay qonşu, şərt oturduğun yer deyil ey, əsas odur ki, oturduğun yerə layiq olasan, hündürdə oturub, aşağıda oturanın balığını tutmayasan. Yeri gəlmişkən, ay qonşu, əgər soxulcanın qurtarsa, çəkinmə, mənim soxulcanlarımdan götürə bilərsən. Soxulcan da nə soxulcan!? İnsan gərək gördüyü işin ustası olsun ey. İndiki zəmanədə balıqlar da dəyişib, daha sən fikirləşdiyin o balıqlar yoxdur. Qarmağa ki, ətli, yekə soxulcan taxmadın, heç burada oturmağına dəyməz. Bir də ki, əziz qonşu, yağlı soxulcana da yağlı balıq gələr də! Yoxsa siz istəyirsiniz elə sap yoğunluqda soxulcanı qarmağa keçirib taxıb, “Qızıl” balıq tutasız”.
Balıqçının sözləri Sakit müəllimi bir daha düşünməyə vadar etdi: “Yağlı balıqlar, qızıl, hündür yer, oturduğun yerə layiq olmaq. Bu balıqçı nə danışır, olmaya bu məni tanıyır, mənim keçmişimi yaxşı bilir, olmaya bu mənə nə isə demək istəyir? Yoxsa məni ələ salır?! Axı mən belə balıqçıları qəbul etmək üçün onları növbəyə yazdırırdım, onlar mənimlə danışmaq üçün əvvəlcə otağın qapısını döyər, sonra başlarını içəri salıb, salam verərdilər, içəri keçməyə icazə istəyərdilər. Sonra içəri keçib, sakit bir səslə, sanki pəncələri üstə yeriyirlərmiş kimi asta-asta yeriyib, stola yaxınlaşıb, utancaq bir tərzdə sözlərini deyərdilər və mənim sözümü, qərarımı dinləyib, razılaşırdılar”.
Sakit müəllimi fikrindən qonşu ayırdı. O, dirsəyi ilə Sakit müəllimi vurub, “A kişi, sən nə qəribə insansan ey, xətrinə dəyməsin, elə bil, sən heç balıqçıya oxşamırsan axı!”- deyib, deyinməyə davam etdi: “Heç özün də bilmirsən nə edirsən. Ömründə bir balıq tutubsan, ona da əzab verirsən. Heç deyəsən, sən balıq da yeyən deyilsən. Nə bilim ey, burada oturubsan, kiminsə yerini tutubsan, nə bir iş görürsən, nə də qoymursan başqaları öz işlərini görsünlər”.
Bu zaman tilova düşən balıq da çırpınmağa başladı, sanki o da öz narazılığını bildirirdi Sakit müəllimə: “Əşi, daha mən lap təngə gəldim, qarmaqdan nə qədər asılı qalmaq olar ey!? Öyrənibsiniz əzab verməyə. Artıq havam çatmır. Biz balıqlar suda yaşayırıq, quruda yox. Özün də institut qurtarıbsan, guya bütün bu təbiət qanunlarını bilmirsən?”
Sakit müəllim hələ bu qədər tənbeh olunmamışdı. Xırda balıq, kiçik balıqçı və Sakit müəllim. Bunlar bir ölçüyə, bir qəfəsə yerləşən deyildi.
Sakit müəllim! Necə də uca səslənir. Sanki yüksək bir dağın, yüksək bir zirvəsindən ətrafı müşahidə edən bir qartalın əzəmətli baxışlarını daşlara pərçimlənən (igidlərin sivri qılınclarına bənzəyən) caynaqlarını xatırladırdı.
Sakit müəllim birdən qaşlarını çatdı, sifətinin cizgilərini bir az gərildib, dodaqlarını bir-birinə sıxıb, tilovu balıqla birlikdə suya tullayıb, dedi: “Ayə, ay uşaq, qulaq as.
Təpə də özünü dağ sayan zaman,
Həqiqət büdrəyib axsayan zaman ,
Qara da özünü ag sayan zaman,
Vicdan ləkələnir, inam ağlayır.
İndi sənə hər şey aydın oldumu?”
Sakit müəllim sualına cavab gözləyirdi. Elə bu zaman oğlanın tilovuna iri bir balıq düşdü, ancaq o hələ də çaşqın baxışlarla Sakit müəllimə baxırdı. Bir anlığa çaşıb qalmışdı, nə edəcəyini özü də bilmirdi. Balıqçı onu da bilmirdi ki, qarşısında duran qoca qabaqlar müfəttiş işləyib, brokonyerlərə qarşı mübarizə aparıb.
Sakit müəllim köhnə peşəkarlığını nümayiş etdirmək istəyirmiş kimi: “A bala, sənin icazən varmı o balığı tutmaga?”
Sakit müəllimin sualı oğlanı daha da təəccübləndirdi və o müəllim qarşısında (dərsini bilməyən uşaqlar kimi) ayaq üstə durub, nə isə demək istəyən bir şagirdi xatırlatdı. Balıq sanki fürsətdən istifadə edib, çırpındı. Balıqçının əli boşaldı, rəngi dəyişdi, bir kəlmə olsun belə deyə bilmədi. Tilovu əlindən yerə qoyub: “Neçə vaxtdır işsizəm, dedim heç olmaya uşaqlara balıq tutub apararam, icazə vermirsiniz, çıxıb gedə bilərəm”-deyib, danışa-danışa çantasına tərəf əyildi. Elə bu zaman balıq çırpınıb, tilovla birlikdə suya girdi. Qoca çaşdığından istədi suya atılıb tilovu tutsun, ancaq artıq gec idi. Suyun kənarında duran Sakit müəllim deməyə söz tapmadı və onun gözləri yaşardı. Qocanın göz yaşlarını görən cavan balıqçı: “Bir saatdır vicdandan, inamdan danışırsınız. Bir tikə çörək tapmışdım, onu da çox gördünüz. Bəlkə də sizi incitdim… Məni bağışlayın, ağsaqqal. Bir də məni bu yerlərdə görməyəcəksiniz. Salamat qalın”-deyərək, çantasını çiyninə atdı və fit çala-çala ağacların arasında gözdən itdi.

Sənan Abdullayev

Şərhlər bağlıdır.