Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda FantazEU adlı mədəni irs festivalı keçiriləcək

168

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi 2022-ci ilin mart ayının 1-dən 18-dək Bakıda “FantazEU” adlı mədəni irs festivalı təşkil edəcək. “FantazEU Festivalı” Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır.

FantazEU Festivalı Avropa İttifaqına üzv dövlətlərin tərəfdaşlığı ilə, Almaniya, Belçika, Bolqarıstan, Çexiya,  Fransa, İsveçin, Latviya, Litva, Macarıstan, Polşa, Slovakiya və Yunanıstan fəal iştirakı ilə təşkil olunacaq.

“Mədəniyyət bizə inam və qarşılıqlı anlaşma yaratmağa kömək edir. Mədəni müxtəliflik həm də innovasiya və yeni düşüncə tərzini inkişaf etdirir. Məhz mədəni müxtəliflik sayəsində Avropa əsrlər boyu dəyişən dünyaya uyğunlaşa bilmişdir. Təsadüfi deyil ki, Aİ və onun üzv dövlətləri mədəni müxtəlifliyi dəstəkləmək və qorumaq öhdəliyinə sadiqdirlər. FantazEU Festivalı Azərbaycan vətəndaşlarına yaradıcılıq və mədəni müxtəliflik nümayiş etdirmək üçün mühüm çıxış olacaq. Bu, həmçinin Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlığın daha da inkişafına töhfə verəcək”, – deyə Aİ-nin səfiri Peter Mixalko bildirib.

FantazEU Festivalının tam proqramı ilə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin internet səhifəsindən tanış olmaq olar. Festival çərçivəsində, bir sıra qapalı və açıq havada foto sərgilər, konsertlər, ədəbiyyat gecələri, seminarlar, film nümayişləri və bələdçi turlar təşkil olunacaq.

Festival Bakının müxtəlif mədəni və təhsil məkanlarında, o cümlədən Beynəlxalq Muğam Mərkəzi, ADA Universiteti, “Nizami” kinoteatrı, Bakı Kitab Mərkəzi, Art Tower Qalereyası, “The Landmark” mehmanxanası və Biznes Mərkəzində baş tutacaq.

“Arts Council of Azerbaijan” Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında Festivala təşkilati dəstək göstərir.

FantazEU Festivalı 2018-ci ildən Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilən Fantazia Mədəni İrs Festivalının davamıdır. Festival öz adını 19-cu əsrin sonlarında Bakıda tikilmiş və Avropa və yerli memarlıq elementlərini bir araya gətirən “Fantazia” hamamından almışdır.

Şərhlər bağlıdır.