Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ATAMA MƏKTƏBİN HƏYƏTİNDƏ YAS VERDİK…

Müsahibim Şahnaz Məmmədova 1993-cü ildə öz doğma ev-eşiyindən didərgin düşmüş 126 min Ağdam sakinindən biridir. Qəhrəmanım əziz el-obası, torpağı olan Gülablını tərk edərkən 8 yaşı vardı. O artıq hər şeyi dərk edir, Ağdamda və digər rayonlarda ermənilərin törətdikləri vəhşilikləri yaddaşına yazırdı.
Şahnaz xanımla söhbət edərkən hiss etdim ki, doğma yurdu üçün çox darıxıb. O, danışarkən gözləri dolurdu.
-Kəndinizi necə təsvir edərsən?
-Çox gözəl yerlər idi. Səfalı təbiəti, mehriban insanları…Özümüz Gülablı kəndində yaşayırdıq. Anam sanatoriyada işləyirdi. Hər yay dincəlməyə gedirdik. Böyük evimiz, bağ-bağatımız, yaxşı qonşularımız, qohumlarımız vardı.Yaxınlıqda məktəb yerləşirdi. Hər gün qonşu uşaqlarla deyə-gülə dərsə gedirdik. Hamısı üçün darıxıram.
-Düşmən hücumları nece başladı? Xatırlayırsanmı o “qara günləri”?
-1993-cü ilin yazında qara günlərimiz başladı. Ermənilər rayonu gülləbaran etdilər. Bugünkü kimi xatırlayıram, hava qaralanda güllə səsləri eşidilirdi, atamla anam bizi qucaqlayıb pəncərənin altında gizlənirdilər. Sonralar belə hal daha da intensivləşdi. 3 ay palto əynimizdə yatdıq, gecə səs gələn kimi maşınların kabinkalarına doluşub Üçoğlan kəndinə gəlir, səhəri gün evimizə qayıdırdıq…Belə ağır gecələrin birində atamın ayağı qırıldı. Çox əzablar çəkdik, bir yandan düşmən gülləsi, digər yandan yaralı insanı daşımaq…Nəhayət iyulda düşmənlərimiz Ağdama basqın edəndə məcburən doğma elimizdən didərgin düşdük…
-Nə üçün Mingəçevirə pənah gətirdiz?
-Hər şeyi orda qoyub çıxmışdıq. Əynimizdə köhnə paltar, bir az da pul vardı… Əliyarlı kəndinə gəldik, ordan da Mirhəsənliyə. Sonra Bakıya qohumlarımızın yanına sığındıq. Özümüzə yer tapa bilmirdik, növbəti dayanacağımız Mingəçevir şəhəri oldu.
2 nömrəli məktəbdə bizə yer verdilər. 20 il məktəb divarları arasında yaşadıq. Tanımadığımız insanlar, soyuq otaqlar, kasıblıq, xəstə atam…. Qışda yağış, qar suları evə damırdı, yatacaq yerimiz olmurdu… Bilmirdik neyniyək,çətin idi
-Ürəkağrıdan həyat hekayən var, çətinliklərin çox olub. Bu 20 ildə səni ən çox ağrıdan nə olub?
-Hər qaranlıq gecənin aydın sabahı var…Şükür, hamısı geridə qaldı… Hündürmərtəbəli binada rahat, isti ev veriblər, hər cür şəraiti var, abad şəhərdə yaşayırıq. Amma bir şey həmişə məni yandırır. 1997-ci ildə atam vəfat etdi. Onun dəfn mərasimini məktəbin həyətində keçirdik. Şəraitsiz yer – yemək bişirməyə, qab yumağa yer yox. Ordakı evimiz yadıma düşdü. Bax onda çox təəssüfləndim ki, bizim o cür yurd-yuvamiz ola-ola bu gündə yaşayırıq.
-Uşaqlığın, gəncliyin burda keçib. İndi rahat şəraitin də var. Qayıtmaq istərdinmi Ağdama?
-Elə istəyərdim…Çox darıxıram, burnumun ucu göynəyir Ağdam üçün, kəndimiz üçün. İnanıram, ümidimi üzmürəm ki, biz yenə də öz evimizə, el-obamıza qayıdacağıq.
Bu sətirləri yazarkən gözlərimizin qarşısında yeni – yeni evlərə köçən ailələrin şadyanalığı, bağ- bağatlı, geniş həyətlərdə, gen-bol evlərdə qurulan toy–düyünlər canlanır…
Gün o gün olacaq! Gün o gün olacaq ki, gözlərimiz önündə canlanan bu xəyal gerçəkliyə dönəcək.

Aytən Kosayeva

Şərhlər bağlıdır.