Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Saatsazlıq sənəti təmiri mümkünsüz olan saat kimi sıradan çıxır”

298

Sovet dövründə şəhərin hər addımbaşında saat təmiri köşklərinə rast gəlmək olardı. Ancaq son zamanlar sanki saatsaz qıtlığı yaranıb, saat təmiri köşkləri də qeybə çəkilib. Mərkəzi küçələrdə, bazarın ərazisində, məişət avadanlıqları satılan yerlərdə bu cür təmir sahələrini artıq bağlanıb. Nə səbəbə?
Ömrünün 50 ilini saatsazlıq sənətinə həsr edən Ələddin Salmanovla görüşüb bu sənətin sirlərini və bizi maraqlandıran sualları cavablandırmasını istədik. Öncə həmsöhbətimiz bildirdi ki, saatsazlıq sənətinin ömrü demək olar ki, qısalıb: “Bu sənətə 60-cı illərdə gəlmişəm. Mənim saatsaz olmağa böyük həvəsim olub. Usta yanına getmişəm . Ustam Ələsgər adlı şəxs idi. 3 ay məni öyrətdi və köçüb getdi Rusiyaya. Mən sənətimi mükəmməl bildiyimə görə bugün həmin ustaya Allahdan rəhmət diləyirəm. Düzdür, indiki zamanda bu işlə ailə dolandırmaq olmur. Amma bizim dövrümüzdə külfətimizi saat düzəltməklə saxlamışıq. Sənəti mükəmməl öyrənmək üçün gərək peşəni sevəsən. İndi saatsazın populyar olan vaxtları tarixə çevrilib. Müasir dövrdə hər bir cihazda- mobil telefonda, kompüterdə, avtomobildə , hətta qələmlərin üzərində belə saat var. Gənclər dəb xətirinə saatdan istifadə edirlər, özüdə elektron saatlardan. Amma əvvəllər mexaniki saatlardan istifadə olunurdu. Onun da ehtiyyat hissələrini Rusiyanın müxtəlif zavodlarından gətirirdilər. Bugün ehtiyyat hissələrini çətinliklə tapırıq”.
Qəhrəmanımız bu sənətin incəliklərindən də danışdı: “Hər hansı saatı təmir etməyə başlayarkən gərək bütün düşüncələrini bir kənara atıb təmiz beyinlə işə başlayasan.Yox əgər nə isə haqqında fikirləşirsənsə, tam əminliklə deyə bilərəm ki, heç bir saatı təmir edə bilməyəcəksən”.
“Usta, sənətinizin davamçıları varmı?”- sualına saatsaz belə cavab verdi: “Bu sənətdə gözümün nuru getdi, amma peşəmdən şikayət etmirəm. Oğlanlarımdan biri- Zaur bu sənəti seçdi. İndi o saatsaz kimi fəaliyyət göstərir. Mənim görə bilmədiyim işi məndən yaxış bacarır. Təssüflə qeyd etməliyəm ki, artıq saatını təmir etdirən yoxdur. Ayda bir-iki işimiz olur. İndiki saatlar elektron olduğuna görə birdəfəlikdir, bir az işləyəndən sonra xarab olur”.
Sonda qəhərəmanımız vurğuladı ki, saatsazlıq sənəti təmiri mümkünsüz olan saat kimi sıradan çıxır. Zaman özü bütün sənətlərin ömrünü və ölçüsünü müəyənləşdirir. Zamanın ölçüsü dayanmır, dayanan zamanı ölçən saatlarımızdır ki, onların da dayanması zamanımızı dayandıra bilmir.

Şərhlər bağlıdır.