Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cumhuriyyət sevdamız əbədidir!

224

Cunhuriyyət əsgərləri1918-ci ilin Bakısı…

“1918-ci il martın 30-da erməni-bolşevik “Qırmızı qvardiya”sı Bakının azərbaycanlılar yaşayan məhəllələrinə hücum etdi. Martın 31-də olan hücum siyasi mənsubiyyətindən asılı olmayaraq bütün türk-müsəlman əhalisinin qırğını xarakterini aldı. Ermənilər evləri yandırır, insanları oda atırdılar. Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 min nəfər, 1918-ci ilin ortalarına qədər isə 50 mindən artıq azərbaycanlı qətlə yetirilmişdi”1.

Bakıya və Azərbaycanın bir çox bölgələrinə olan bu erməni-rus hücumu nə ilk, nə də son deyildi. 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanan və Azərbaycanın taleyində “sənədləşdirilmiş faciə”nin, yəni Türkmənçay müqaviləsinin, növbəti qanlı əks-sədası idi. Göstərilən bu faktlar və rəqəmlər o illərin faciəli hadisələri haqqında sadəcə bir neçə cümlədir. Lakin baş verən hadisələri, şahidlərin ifadələrini, toplanmış faktları araşdırarkən səbəb-nəticə əlaqələrini görmək üçün bir neçə fakt da kifayət edir. Türkmənçay müqaviləsi və onunla özlərinə işğalçılıq, qarət, qırğın “səlahiyyətləri” əldə edən rus-erməni birliyinin yaratdığı soyqırımlar, tariximizin faciələrlə dolu səhifələrinə çevrilmişdir. İstər-istəməz suallar qarşısında aciz qalıram:-Niyə xalqımın taleyində bu qədər faciələr var?

-Niyə bu faciələr, işğallar birdəfəlik durdurulmur?

-Niyə erməni-rus birliyi Azərbaycan xalqına qarşı bu qədər vəhşilikdə, qəddarlıqda maraqlıdır?

-Niyə? Niyə?…

İllərdir ki, bu niyələr, bənzər suallar beynimizi yorur, əsəblərimizi tarıma çəkir, lakin cavab tapılmır. Bütün hallarda isə sonuncu “Niyə?” həmişə dəyişməz qalır:- Niyə xalqımızın başına gələn faciələr, qırğınlar bizə dərs olmur?

Mənə belə gəlir ki, bu niyələrin cavablarını düşmənlərimiz bizdən daha yaxşı bilirdi, odur ki, bu faciələr davam etməkdədir.

19-cu əsr rus qafqazşünasları çar höküməti tərəfindən Azərbaycan ərazisinə köçürülmüş insanlara yerli azərbaycanlı əhalinin mülayim münasibətini belə izah edirdilər:”Azərbaycanlıların qanı, şübhəsiz ki, əsilzadə qanıdır.Təbiətən onlar xeyirxah, cəsur, ürəyiaçıqdırlar, əqli və mənəvi inkişafa meyllidirlər. Dövlətçilik ideyası və özü də güclü hakimiyyətə, ənənələrə və qayda-qanuna hörməti nəzərdə tutan ideya, şübhəsiz ki, onlara xasdır. Əsasən azərbaycanlı güclü və patriarxal-ədalətli qeyri-məhdud hakimiyyətin tərəfdaşıdır…”2

Sonuncu cümlə isə bu xalqı necə idarə etməyin sanki “açarı” olub, düşmənimizin bizə qarşı hər zaman qalib gələn oyunçu rolunda qalmasını təmin edib. Ürəyiaçıq, cəsur olmaq xalqımın qanındadır və bu xüsusiyyətlər əsrlərdir ki, nəsillərin qan yaddaşına çevrilib, necə deyərlər: qanımızın mayası gözəlliklə yoğrulub. Bunu düşümənlərimiz də bilir, lakin onlar bütün bu xüsusiyyətlərimizi zəiflik olaraq qəbul ediblər və bizə daim xəyanət ediblər. Ürəyiaçıq, xeyirxah və cəsur olmaq zəif olmaq deyildir, zülmə, zalıma qarşı susmaq olmaz! Təəsüf ki, deyəsən bunu anlamaq çox çətindir və xalq olaraq bizə qarşı, eyni zamanda insanlığa qarşı olan, illərcə davam edən erməni-rus zülmünə, işğalına qarşı hələ də susuruq…Qanlı cinayətləri törədən canilərin cəzlanadırılmasına isə ən kiçik təşəbbüsümüz belə olmayıb. Bu sadəcə təəssüf doğurmur, həm də hüquqi baxımdan səriştəsizlik, bacarıqsızlıq deməkdir.

1918-ci ilin mart-aprel aylarında Bakıda, sonralar isə Quba, Şamaxı, Salyan və Lənkəranda rus-erməni hərbi birləşmələrinin törətdiyi kütləvi qırğınlara, soyqırımlara qarşı ancaq Tatar süvari alayının könüllüləri vuruşurdu, lakin bu qüvvələr yetərli deyildi. Azərbaycan türk-müsəlman əhalisinə qarşı qırğınlar həm də İrəvanda, Naxçıvanda, Zəngəzurda və Qarabağda da davam edirdi.

Qarabağda talan var…

Qarabağa ermənilər çoxdan göz dikmişdilər. Amma bu yerlərə vurğunluq onları azərbaycanlılara qarşı qəddarlıqdan çəkindirmirdi. Sanki bu yerlərə sahib olmaq üçün, mütləq orada yaşayan insanları qətl etmək, yaşadıqları yerləri dağıtmaq, yandırmaq, viran qoymaq lazımmış. Bu düşüncəyə, niyyətə və əməllərə sahib olmaq doğrudan da faciədir, bədbəxtlik və xəstəlikdir. Təəssüf ki, ermənilər bu cür xəstə beyinlə çoxlarının əlində iyrənc alət və işğal vasitəsi olub, xalqımıza qarşı ağılagəlməz fəlakətlər törədiblər. Şuşa şəhəri bu günə qədər dəfələrlə ermənilər tərəfindən dağıdılıb, viran qoyulub, qarət edilibdir. Qarabağın hər guşəsində erməni vəhşiliyinin izləri vardır. Bu gün də Qarabağ erməni-rus hərbi canilərinin işğalı altındadır, yaşadıqları yerlər istisna olmaqla, yaşamadıqları ərazilərimizi xaraba, viran qoyublar. Yüzlərlə insanımız, qız-gəlinlərimiz əsir saxlanılır, işgəncələrə məruz qalırlar.

1918-ci ildə də ermənilərin Azərbaycanda törətdiyi vəhşiliklər, qırğınlar, insanlıq adına utanc gətirən, əxlaqa sığmayan hərəkətlər idi. Təəsüf ki, dünyanın bir çox gücləri: ingilislər, fransızlar, ruslar, almanlar dövlət səviyyəsində erməni quldurlarını dəstəkləyir və Azərbaycan torpaqlarında silahlı qarşıdurmalar, üsyanlar, qarətlər və qığınlar törədirdilər. Bütün bunlar isə M.Ə Rəsulzadəni və silahdaşlarını, ideya tərəfdarlarını, vətənini sevən hər kəsi tədbirlər görməyə, ölkəni və xalqı bu dəhşətli vəziyyətdən çıxarmağa vadar edirdi.

“Aprelin 2-də Zaqafqaziya Seymində Bakı hadisələri müzakirə edildi. Başda M.Ə.Rəsulzadə olmaqla azərbaycanlı deputatların bütün səylərinə baxmayaraq, Zaqafqaziya Seymi azərbaycanlıların soyqırımının qarşısını ala bilmədi, silah və sursatla kömək vəd edilsə də, əməli kömək göstərilmədi”5. Azərbaycan torpaqlarının və azərbaycan xalqının varlığı təhlükə qarşısında idi. Belə bir təhlükəli durumda Azərbaycanın xilası ancaq müstəqilliyini elan etməsi və yaradacağı güclü ordu ola bilərdi. Güclü ordunun yaradılması xeyli vaxt tələb edirdi, lakin ümid yeri vardı, Osmanlı dövləti Qafqaz İslam Ordusunun yaranmasına razılıq vermişdi. Bu ordu Azərbaycanı çətin durumdan xilas etməyə kömək edə bilərdi.

“1918-ci il aprelin 5-də Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa tərəfindən təsdiqlənmiş Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid Təlimnamədə Azərbaycan milli hissələrinin təşkilinə kömək göstərmək üçün Nuru paşanın rəhbərliyi ilə hərbi təlimatçılar qrupunun göndərilməsi əksini tapdı”6.

Bəli, Nuru paşanın heyəti 25 mayda Gəncəyə çatdı. 28 mayda isə Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması elan olundu və İstiqlal bəyənnaməsi qəbul edildi. Azərbaycanda yenidən dövlətçilik ənənələri bərpa edilməyə başlandı, bütün bölgələrimizdə Qafqaz İslam Ordusu erməni-bolşevik qüvvələri ilə döyüşürdü. 15 sentyabrda isə Qafqaz İslam Ordusu Bakını erməni-rus hərbi canilərindən təmizlədi və Azərbaycan hökümətinə bu haqda teleqram vuruldu. 16 sentyabrda Azərbaycan hökümətinin üzvləri Bakıya gəldilər. Həm çox ağır, həm də çox sevincli günlər yaşanırdı. Şəhərdə talanın və quldurluğun qarşısı alınmağa başlandı. Qarabağda erməni, Dağıstanda isə rus dəstələri məğlub edildi. Qafqaz İslam Ordusunun zabitləri yerli adamları orduya cəlb edir, onlara hazırlıqlar keçir, qənimət kimi ələ keçirilən silahlardan istifadə etməyi öyrədirdilər. Yerli sakinlər onlara kömək edir, ərzaq və su ilə təmin edirdilər. Hərb naziri Səməd bəy Mehmandarovun xalqa müraciəti isə öz nəticəsini verirdi, Milli Orduya yazılanların sayı artırdı, vətənini qorumağı özünə şərəf bilən hər kəs orduya yazılırdı.

26 iyunda isə Azərbaycan hökümətinin qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək Xüsusi Azərbaycan Korpusu qoyuldu. Həmin gün Azərbaycanın Silahlı Qüvvələr günü kimi tariximizə yazıldı və 28 maydan sonra, bu gün, tariximizə yazılan ən şərəfli gün idi.

1918-ci il döyüşlərində QİO-nun 4 min əsgəri şəhid oldu, onlardan 1200 nəfəri Osmanlı əsgəri, qalanları isə azərbaycanlılar idi. Vətənimizin hər qarışında şəhid qanı var və o torpaqlar uğrunda canlarından keçən minlərlə əsgəri unutmağa haqqımız yoxdur!

Həmin günlərdə Azərbaycanın 2 şəhəri , 500 kəndi dağıdılmış, 150 min sakin amansızlıqla qətlə yetirlmişdi. İrəvanda isə 200 türk-müsəlman kəndi yandırılmışdı7.

28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cumhuriyyəti Şərqin ilk demokratik dövləti oldu. Təhsildə, iqtisadiyyatda, hərbdə, səhiyyədə və bir çox əhəmiyyətli digər sahələrdə islahatlar həyata keçirildi. Dünya dövlətləri ilə münasibətlər quruldu. Xaricə oxumaq üçün tələbələr göndərildi. Lakin bütün bunlar cəmi 23 ay çəkdi. Erməni-rus bolşevik qüvvələri Azərbaycanı yenidən işğal etdi və 70 il bu əsarət davam etdi.

Nəhayət, 1991-ci il 18 oktyabrda Azərbaycanın ziyalıları xalqın əzmini ifadə edərək Azərbaycanın müstəqilliyini elan etdi. Ermənilərin 1988-ci ildən başlayan və SSRİ rəhbərlərinin də tətiklədiyi nümayişlər və silahlı basqınlar daha da alovlandı. 1992-93 –cü illərdə erməni-rus hərbi dəstələri tərəfindən 20 % torpaqlarımız işğal olundu. 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 4499 nəfər isə itkin düşmüşdür. 190 ildir ki, xalqımıza, dövlətimizə qarşı erməni-rus hərbi canilərinin törətdiyi cinayətlər heç bir hüquqi qiymətini tam olaraq almayıb, onların varisləri isə hələ də xalqımıza, dövlətimizə qarşı cinayətlər törətməkdədirlər.

Cumhuriyyətimizin qəhrəmanlıq hekayələri…

Cumhuriyyətimizin yüzillik dastanının çoxlu qəhrəmanlıq hekayələri vardır. Bunlardan sadəcə ikisini xatırlatmaq istərdim: Tatar süvari alayının əsgəri, Bakının Saray qəsəbəsindən olan Məlikəhməd oğlu Xanmirzənin, bir də Biləsuvardan olan gizir Mübariz İbrahimovun hekayəsini. Hər ikisinin hekayəsi çox kədərlidir, amma həm də şərəf-ləyaqət və qəhrəmanlıq nümunəsidir. Yüz bir ilin iki hekayəsi.

Xanmirzə, xəstələndiyi xəbərini aldığı anasına baş çəkmək üçün icazə alır və kəndə gəlir, anasını görür, sevinir və qoca anasını sevindirir. Sonra…sonra hər şey yarımçıq qalır… Azərbaycanın Cumhuriyyət sevdası kimi, Xanmirzənin ömrü də yarımçıq qalır. Bu vaxtsız gedişin əzabı isə anasının qəlbini parçalayan ağılara, laylalara çevrilir.

Uca dağım yıxılmazdı, yıxıldı hey…

Laylay, laylay, laylay balam..

Axar çayım qurumazdı, qurudu hey…

Laylay, laylay, laylay balam…

Sən sevdandan yorulmazdın, niyə getdin?

Laylay, laylay, laylay balam…

Ana qəlbim yaralandı, boş qaldı hey…

Laylay, laylay, laylay balam…

Amma ölümündən öncə Xanmirzə, əsgər paltarı və çəkmələrini ordunun əmlakı olduğu üçün, hərbi hissəyə qaytarmağı anasından xahiş edir, ehtiyacı olan əsgərlərə vermək üçün. Anası əmanəti orduya qaytarır. Azərbaycan Xalq Cumhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarov bu xəbərdən çox təsirlənir. İgid əsgəri və onun mərd anası ilə qürur duyur. Bu əhvalatı bilənlərin də qürur duyacağından əminəm.

Onu indi bütün dünya tanıyır, erməniləri qorxuya salan igid əsgərimiz Mübarizi. Neçə illərdi ki, bir arzusu var idi, torpaqlarımızı işğaldan qurtarmaq. Bu arzu çoxumuzda var, amma biz qəhrəman ola bilmirik, çünki arzumuzun ardınca gedə bilmirik, o isə getdi. Arzularının, vicdanının ardınca getdi. Getməmişdən öncə ata-anasına məktub yazıb halallıq istəmişdi.“Canım atam, anam. Məndən sarı nigaran qalmayın…Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm…Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”. Düşmənin üstünə getdi, çünki düşməni məğlub etməyin başqa yolu yoxdur. Mübarizin hərbi hissəni icazəsiz tərk etdiyini zənn edən rəhbərləri evinə zəng edir və Mübarizi soruşur. Atası Ağakərim kişi artıq nə baş verdiyini anlayır və deyir:-Siz doğru yeri axtarmırsınız, yaxşı olar ki, o tərəfə baxasınız…Bəli, Mübarizi yalnız orada-işğal olunmuş torpaqlarımızda axtarmaq lazım idi və Mübariz orada idi. Neçə-neçə düşmən əsgərini, onun Vətəninə göz dikən, torpaqlarını işğal edən, həmvətənlərini Xocalıda, Qaradağlıda qətl edən, qız-gəlinlərini girov götürüb işgəncə verən erməni canilərini cəzalandırdı. Mübariz arzusuna çatmışdı.

Şəhid Mübarizimizi ermənilər 141 gün saxladılar, amma onun cansız bədənindən belə qorxurdular, yaydıqları şəkillərdə əlləri bağlı idi. Uzun ayrılığın sonunda əzizləri, doğmaları və xalqımız Mübarizə qovuşdu və bütün Azərbaycan ona öz oğlu kimi baxdı, millətinin, dövlətinin şərəfini namusunu uca tutan, qoruyan və bu yolda şəhid olan övladı kimi baxdı, son mənzilə də onu bütün Azərbaycan yola saldı.

Torpaqlarımız hələ də düşmən tapdağındadır, hələ də erməninin əlində əsir və girovlarımız vardır. Amma Cumhuriyyət sevdamız davam edir və heç zaman bitməsin istəyirəm! Neçə-neçə 100 illəri, nəsillərimiz, torpaqlarımızı işağldan azad, sevinclə, qələbə paradları ilə qeyd etsin. Bu yolda şəhid olanlara Tanrıdan rəhmət, mübarizə əzmində olanlara da layiqli qələbələr diləyirəm.

Mehparə Rəhimqızı

Faktlar və rəqəmlərin istifadə olunduğu mənbə:

1,2,3,4,5,6,7”İstiqlal yürüşü-1918”. Bakı, “Altun Kitab”,2009, Ağayev Yusif, Əhmədov Səbuhi.

Şərhlər bağlıdır.