Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə ilkə imza atıldı: Dövlət Rəmzləri Muzeyinin təməli qoyuldu

Mingəçevirdə, “Dostluq” parkının ərazisində 677 kv. metr sahəni əhatə edən Dövlət Rəmzləri Muzeyi iki mərtəbəli binada yerləşəcək. Onunu yanında isə 240 kv.metr sahədə 200 yerlik üstüörtülü açıq səhnə quraşdırılacaq.  Müasir, günün tələbinə uyğun şəkildə qurulacaq unikal binada qədim və müasir Azərbaycan dövlətinin rəmzlərini əks etdirən müxtəlif guşələr yaradılacaq, bayrağımızla bərabər xəritələrimiz, sərhədlərimiz, pul nişanlarımız və digər rəmzlərimiz toplanacaq və təbliğ olunacaq. Təcrübəli mütəxəssisləri,  o cümlədən Azərbaycanda ən müasir obyektlərin inşasına rəhbərlik etmiş Xəyyam Hilalovu  işə cəlb edən yerli İcra Hakimiyyəti  tikilini daxili imkanları hesabına ilin sonunadək başa çatdırmağı planlaşdırır.

İyulun 29-da muzeyin təməltökmə mərasimi keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin  başçısı İlham İsmayılov bildirib ki, məqsəd Azərbaycanın milli-mənəvi dəyərlərini yaşatmaq və təbliğ etməkdir: “Hər bir xalqın, dövlətin milli atributları var. O dövlət güclüdür ki, o atributları tarixən qoruyub saxlayır, onlara hörmətlə yanaşır. Ulu öndər Heydər Əliyev deyirdi: “Xoşbəxt xalqıq ki, bizim zəngin milli-mənəvi dəyərlərimiz var”. Cənab Prezident  İlham Əliyev də milli atributlarımızın qorunub saxlanması üçün böyük işlər görür. Ölkə başçısı məni qəbul edəndə tapşırıq verdi ki, mingəçevirlilərə daha yaxşı yaşamaq, işləmək və istirahət etmək üçün əlimdən gələni edim. Sirr deyil ki, əhali günbəgün artır, istirahət yerləri isə məhduddur. Vaxtilə “Dostluq” parkı yaradılanda şəhərin əhalisi 50-60 min nəfər idi, indi məcburi köçkünlərlə bərabər 130 minə yaxınlaşır. Ona görə də yeni istirahət yerləri açılmalıdır. Biz belə qənaətə gəldik ki, Dövlət Rəmzləri Muzeyi yaradaq. Ölkəmizdə bayraq muzeyləri çoxdur, amma bizim yaradacağımız muzey ilkdir. Burada tarix boyu Azərbaycan dövlətinə məxsus olan bütün atributlar əksini tapacaqdır. Bu muzeydə məktəbli və gənclər, digər insanlar dövlət rəmzləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Eyni zamanda bu məkanı turistlərimizə də həvəslə göstərə biləcəyik”.

İ.İsmayılov əlavə edib ki, hazırda “Dostluq” parkının 1,4 ha ərazisində  musiqili fəvvarə və əyləncə mərkəzləri, yerüstü şahmat lövhəsi, yeni işıqlanma sistemi qurulur. 3 kölgəlik hazırdır, 2-si də yaradılacaq, müxtəlif növ ağac və gül kolları əkiləcək.  Yaxın günlərdə şəhərin Xaldan sosesi tərəfdən girişində 2,2 ha sahədə seyrangahın salınmasına başlanacaq.

Şərhlər bağlıdır.