Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Ağdamdan erməni işığı gəlir”

Yazıya başlamazdan əvvəl qeyd edim ki, bu şəxs haqqında yazmaq mənimçün həm şərəflidir, həm də məsuliyyətli. Ömrünün 45 ilini şagirdlərinə həsr edib. Saçlarının sayı qədər uşağa elmin, təhsilin sirlərini öyrədib, özünü şam kimi əridib bu yolda. Şagirdlərini öz balalarından seçməyib, hər kəsə eyni gözlə baxıb, əsas məqsədini-müəllim adını zirvələrə qaldırıb, daim uca tutub bizim İldırım müəllim.
İldırım Əlişoğlu Aran 1 saylı orta məktəbdə və 101 saylı “Ağdam köçün məktəbi”ndə müəllim işləyir. Özü deyir ki, uşaqlıqdan jurnalist olmaq arzusunda olub. Amma qismətinə müəllim olmaq yazılıbmış. İndi onun şagirdləri arasında bugün respublikada tanınan hüquqşünaslar, jurnalistlər, mühəndislər, iqtisadçılar və başqa peşə sahibləri yetərincədir.

İldırım müəllim deyir ki, hələ 9-cu sinifdə oxuyanda gizlin –gizlin yazırmış. Məktəbi bitirdikdən sonra Ağdam rayon qəzetində yazıları dərc olunub. Yevlaxa gələndən sonra əvvəlcə “Təşəbbüs”, sonra “Kür” qəzeti ilə əməkdaşlıq edib. 90-cı illərdən bu yana yazılarının əsas mövzusu vətən həsrəti, yurd sevgisidir. Yevlaxda açılan “Ocaq” ədəbi birliyində iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir şöbəsində İsmayıl İmanzadənin rəhbərliyi ilə “İlham pərisi” şeir məclisinin üzvü olub.

“Ağdam” deyəndə yadınıza ilk nə düşür?

-Birinci yadıma salıram ki, Ağdam düşmən tapdağı altında olan rayonumuzdur, Azərbaycanın bir hissəsidir. Bizim əslimiz Kəngərli kəndindəndi, amma özüm oranı görməmişəm, Quzanlıda böyümüşəm. Uşaqlığım, gəncliyim orda keçib. Məktəbi bitirdikdən sonra Şuşa Pedaqoji Texnikumuna daxil olmuşam. Oranı da fərqlənmə ilə bitirmişəm. Ağdamda uşaqlıq dostlarım, müəllimlərim var, hərdən gedib görüşürəm. Düzü ora getmək məni yandırır. Çünki Ağdama yox, Ağdam tərəfə gedirik. Hər daşını, hər küçəsini əlimin içi kimi tanıdığım, uşaqlıq xatirələrim qalan Ağdamdan bugün erməni işığı gəlir. O erməni ki, vaxtilə ağdamlıların adını eşidəndə tir-tir titrəyirdi.

Ağdam haqqında nə deyə bilərsiz?

-Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, dağla aranın kəsişməsində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatıb. Rayonun ərazisində aparılan arxeoloji qazıntılardan məlumdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tarixən də Ağdamın təbiəti zəngin olub, insanları heç vaxt qıtlıq görməyib. Ağdamlılar məğrurdular…
Buranın insanları ötkəmliyi, mübarizliyi, səxavəti, səmimiyyəti, qonaqpərvərliyi ilə tanınır. Mənim ürəyimdə Ağdamla bağlı yara var, ümid edirəm ki, bu yara tezliklə sağalacaq.

Ağdam sözünün mənası nədir?

-Ağdam sözünün etimologiyası barədə müxtəlif ehtimallar səslənir. Onlardan biri türk qəbilələrinin düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa etməsi və \”ağdam\” sözünün də qədim türk dilində \”kiçik qala\” mənası daşımasıdır. Sonradan \”Ağdam\” kəlməsinin \”işıqlı, ağ bina\” anlamı qazandığı da bildirilir. Digər bir versiyaya görə, Ağdam sözü Aquen (Aluen) yaşayış məskənin adının zamanla dəyişmiş formasıdır. Bütün tarixi ədəbiyyatda da Aluenin indiki Ağdam rayonu ərazisində olduğu göstərilir. Alimləri bu qənaətə gətirən səbəb budur ki, həmin məclis haqqında məlumat verən orta əsr tarixçiləri göstərirlər ki, Aluen Bərdənin yaxınlığında idi. Bərdə və Ağdam rayonları ərazisində aparılan axtarışlar nəticəsində məlum oldu ki, bu ərazilərdə Govurqaladan başqa belə bir şəhəri xatırladacaq abidə yoxdur. Digər tərəfdən isə Aluen məclisindən təxminən 150 il sonra, yə\’ni VII əsrdə yaşamış erməni coğrafiyaşünası Şiraklı Anani Zaqafqaziyaya aid tərtib etdiyi atlasında Aluen şəhərinin indiki Xaçın çayının orta axarında, onun sol sahilində olduğunu göstərib. Bu da haqqında danışdığımız şəhər xarabalığının yeri ilə uyğun gəlir. Deyilənlərə bunu da əlavə etmək lazımdır ki, Govurqalanın yaxınlığındakı bir ərazi indi də «Əlvənd» dərəsi adlanır ki, bu da çox güman Aluen sözünün qismən dəyişilmiş formasıdır.
Aquen adındakı “aqu” sözü türk dillərində “equ”, “eyi” kimi işlənərək, “yaxşı”, “xoş”, “mülayim” mənasını daşıyır.

Ağdam alındığını eşidəndə necə reaksiya verdiniz?

-Gerçəkdən oturub ağladım. İnanmırdım ki, Ağdam məğlub olar. Döyüşlər gedən zaman tez-tez ora gedirdim. Artıq ermənilər əhalini gülləbaran edirdilər. Qohumlarım orda idi, onları köçürməyə kömək edirdim. Cmaat yurdunu tərk etmək istəmirdi. Təkcə onu demək kifayətdir ki, Qarabağ müharibəsində Ağdam ən çox şəhid verən rayon oldu. Bizim borcumuzdur ki, Ağdamı işğaldan azad edək və o, şəhidlərin, o müqəddəs insanların ruhu da şad olsun.
Qohum-əqrəbam bizə gəldi, əşyalarını bizdə qoydu, 4-5 il köçkünlərin mir-mitili bizdə qaldı. Vəziyyət sakitləşəndə əhali Ağdam ətrafına yerləşdirildi.

Ağdamı geri qaytardıq xəbərini alsanız, ilk hara getmək istəyərsiniz?

-Bu sualı qələm dostuma yazdığım şeirlə cavablandırmaq istərdim:
Söz tapmıram hər vərəqim ağ dama,
Vətən yoxsa, gözlərimə ağ dama,
İldırımı qurban apar Ağdama,
Özün otur, bir az məndən belə yaz.
İnşallah o şad xəbər tez gəlsin, dizin-dizin sürünərəm Ağdama. Şəhərin mərkəzində, hündür yerdə bir çay evi vardı, ora gedərəm, 21 illik həsrətimə son qoyular. Hər daşını, torpağını gəzərəm. Uşaqlığım keçən yerləri görmək istəyirəm. Ağdamı qaytarmaq üçün 2 yol var: sülh və müharibə. Mən 1-ci yolun tərəfdarıyam, daha qan tökülməsin, analar övladsız, bacılar qardaşsız, qadınlarr ərsiz qalmasın.

Söhbətləşdi:
Aytən Kosayeva

Şərhlər bağlıdır.