Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Samux ana laylam, könül tacım

492

Altmış bir il bundan əvvəl, 28 yanvar 1954-cü ildə Samux rayonu bir ərazi vahidi kimi ləğv edilərək keçmiş Səfərəliyev, 1959-cu ildə isə Xanlar rayonunun tərkibinə verildi. Samux vadisində əsasən Kür, Qanix çaylarının sahillərində yerləşən 35-ə yaxın sututar kənd köçə məruz qaldı. Samux vadisində Mingəçevir Su Anbarı yaradıldı. Azərbaycanın qədim tarixə, zəngin təbiətə malik, keçmiş Samux rayonu və vadisi haqqında danışmaq üçün bu torpaqda anadan olmuş, lakin körpə yaşlarından Mingəçevirdə yaşayan Bayram Mustafa ilə görüşdük. Bayram müəllim Samux haqqında xeyli tarixi faktları nəinki bilir, həm də bu barədə mətbu materialların, televiziya verilişlərinin hazırlanmasına və kitab çapına nail olmuş və bu məqsədlə də çox geniş ölkədaxili və xarici səfərlər etmişdir.

-Peyğəmbərimiz “Yurd sevgisi imandandır” demişdir. Bəs yurd nisgili? Gəlin, söhbətimizə elə bundan başlayaq!

-Köhnə yaralara təzə sarğı vurmağın əhəmiyyətsiz olduğunu bilsəm də əbədi nisgilim olan Samux haqqında danışmaq mənim üçün asan olduğu qədər də çətindir. Bir adamın ki, ona çalınmış, dünyanın ən ecazkar, əvəzolunmaz nəğməsi, şair Tofiq Bayram demişkən, “Dünyanın ilk himni olan ana laylası” su altına gömülə, o necə nisgilsiz, həyəcansız yaşaya bilər? Bir də ki, Vətəni gözəl olduğuna görə deyil, Vətən olduğuna görə sevirlər. Hər birimizin Vətən sevgisi yurd sevgisindən başlayır. Samux mənim ata-baba yurdumdur. Bu gölün altında mənim ulularımın məzarları uyuyur… Həyatda elə ali məfhumlar var ki, onların seçilməsi mümkün deyildir. Bunlar hər birimizin qürur və fəxarəti olan Vətənimiz Azərbaycan, ata-anamızla yanaşı, həm də dünyaya göz açdığımız məkandır.

-Gəlin, söhbətin məcrasını dəyişək. Samuxdan, Samux vadisindən danışaq.

-Bilirsiniz, bu kədərli not məndən asılı deyil. Köç zamanı mənim cəmi 3 yaşım olub. Baxmayaraq ki, mən onun heç üzünü də görməmişəm, Samux haqqında nə danışıramsa, o mənim içimin səsidir. Çünki, lap erkən yaşlarımdan evimizdə rəhmətlik atam və anamın Samuxun köçürülməsi, doğulduğum Mansırlı və digər kəndlərimiz ilə bağlı çox niskilli, üzüntülü söhbətləri ilə dolub-boşaldıqlarının şahidi olmuşam. Həmişə daxilən o yerlərə köklənmişəm.
Samux bizim çoxəsrlik tariximizin mühüm bir dövrünün nişanəsi, xalqımızın mənəvi dəyərlərini özündə ehtiva edən bölgələrimizdən olub.
1930-cu il avqust ayının 8-də təşkil olunmuş Samux rayonu Azərbaycanın şimal-qərb hissəsində yerləşmiş, Mingəçevirdə SES tikintisi və su anbarının yaradılması ilə əlaqədar olaraq bir ərazi vahidi kimi 1954-cü il yanvarın 28-də ləğv edilərək keçmiş Səfərəliyev (sonralar Xanlar, hazırda Samux) rayonuna birləşdirilmişdir. Ərazicə ən böyük rayonlardan biri olmaqla, qərbdən şərqə 100-110 km, şimaldan cənuba 30-35 km uzanmışdır.
Rayonun ərazi relyefi çox müxtəlif olmuş, onu Baş Qafqaz Silsiləsinə paralel uzanan dağlarla yanaşı qərb hissəsini Kür və Qabırrı çayları arasında yerləşən Palantökən (Çobandağ) dağ silsiləsi əhatə etmişdir. Eyni zamanda şimal hissəsində Xocaşen və Oğurca zirvələri və cənub-şərqdə Qanıx çayı boyunca Axar-Baxar silsiləsi ilə, qərb tərəfdə Ceyrançöllə, habelə cənubda Gəncə-Qazax, şimalda isə Acınohur düzənlikləri ilə həmsərhəd olmuşdur.

-Siz həmişə Samuxu “Azərbaycanın Mesopotomiyası” adlandırırsınız. Fikrinizin elmi şərhini verə bilərsinizmi?

-Qədim Mesopotomiyaya iki böyük çay tökülüb: Dəclə və Fərat çayları. Təbiətin möcüzəsi və nadir coğrafi hadisəsi olan Samux vadisinin isə üç böyük çay gümüşü kəmər kimi belinə dolanıb. Hələ mən Gəncə, Quşqara və digər nisbətən xırda çayları demirəm.
Su altında qalanadək Samux vadisinin bitki və heyvanat aləmi qərbdə Bozdağdan şərqə, Xəzər dənizinədək, şimalda Böyük Qafqaz, cənub və cənub-qərbdə Kiçik Qafqaz dağ silsilələri arasındakı ərazinin bitki və heyvanat aləmindən daha çox zəngin və rəngarəng olmuşdur. Samux vadisinin böyük hissəsi, demək olar ki, toxunulmamış tuqay meşələri ilə örtülmüşdü. Samux vadisi həm də tikintiyə yararlı meşə və meyvə ağaclarından, yem və dərman bitkilərindən və s. ibarət olmuşdur.
Vadi şərq fıstığı, vələs, iki növ palıd, çinar, qarağac, saqqız, Qafqaz ağcaqovaqlarının bir neçə növü, ağacaoxşar ardıc kolları, qaraçöhrə, qovaq, göyrüş, skipidar, hətta dəmir ağacı və s. yanaşı, demək olar ki, bütün yabanı meyvə ağacları və kollarla zəngin idi.
Yeri gəlmişkən, o dövrdə Mingəçevirin yaşıllaşdırılması ən mühüm məsələlərdən biriydi. Və bu məqsədlə meşə ağaclarının bəzi növlərindən geniş istifadə edilib. Əks halda burada yaşamaq mümkün olmazdı. Samux yadigarlarına şəhərdə bu gün də rast gəlinir. Onlar mənim yıxılanda söykənə biləcəyim ən etibarlı dostlarımdandır.
Rəngarəng bitki örtüyü vadini zəngin heyvanat aləminin sığınacağına çevirmişdi. Samux meşələrində və vadiyə paralel uzanan Böyük Qafqaz sıra dağlarının ətəklərində Qafqaz ayısı, çöldonuzu, Qafqaz pişiyi, dələ, Qafqaz vaşağı, ceyran, cüyür, maral, dağ keçisi və s. yaşayırdı.
Azərbaycan üçün xarakterik olan demək olar ki, bütün quş növləri Samux vadisində məskunlaşmışdı. Bundan əlavə, əlverişli təbii şərait bir sıra köçəri quşların burada qalıb qışlamasına imkan verirdi.
Samux meşələrinin daimi sakinlərindən Qafqaz quş aləminin gözəli olan Sultan quşunun və onun burada çoxlu sayda məskunlaşan müxtəlif növü-qırqovul, eləcə də turac, kəklik, bildirçin, dağ kəkliyi, qumru, vəhşi göyərçin, bülbül, payız bülbülü, suda üzən quşlardan boz qaz, ördək, qu quşu və s. adlarını çəkmək olar.
Payızın sonuna yaxın axmaz və adaların sahillərinə durna, hacıleylək, Qafqaz vağları gəlirdi. Qışda isə Xəzər dənizindən çoxsaylı müxtəlif növ, əsasən karp və nərə cinsinə aid olan balıq sürüləri vadiyə qalxır və kiçik axmazların sakit sularına kürü tökürdülər. Noyabrdan başlayaraq iyuna qədər şirbit, kütüm, nərə, şahmayı, sıf, həşəm, ağgöz, çəki balığı bir-birini əvəz edir, Kürdə və axmazlarda daim cavan nərə balıqları məskunlaşırdı. Bütün bunlar AEA-nın Tarix İnstitutu tərəflərindən 1959-cu ildə buraxılmış \”Qədim Mingəçevir\” kitabında öz əksini tapmışdır.
Samux vadisinin təbii sərvətləri müharibənin ağır illərində nəinki özünün, habelə o dövrdə müharibə zonasından – Rusiya, Ukrayna, Belarusiyadan oraya köçürülmüş uşaqlı ailələrin (onların tam əksəriyyəti sonradan Mingəçevirdə məskunlaşdılar), eləcə də ətraf rayonların əhalisinin maddi təminatının ödənilməsində əvəzsiz rol oynamışdır.

-Gəlin, Samuxla bağlı tarixi mənbələri vərəqləyək.

-Samux yurdumuzun çoxəsrlik tarixinin mühüm bir dövrünün nişanəsidir. Təkrarsız flora-faunası ilə yanaşı, həm də Azərbaycanın ən qədim yaşayış məskənlərindən olmuşdur. Bu ərazi bir çox alim, tarixçi, coğrafiyaşünasların diqqətini cəlb etmiş və onların əsərlərində özünə yer tapmışdır. Cahangir Zeynalov 1924-cü ildə İstanbulda nəşr etdirdiyi “Müxtəsər Azərbaycan tarixi” kitabında Samuxu Arran-Ağvanda Qanıx nəhri boyunca ən böyük ibadətxanaları olan bir şəhər kimi təsvir edir, ərazisinin çox münbit və məhsuldar olduğunu, qocalara fövqəladə hörmət edildiyi, vəfat edənlərin əşya və libasları ilə dəfn olunduqlarını yazırdı. Qədim dövrün Roma, yunan müəllifləri Samux mahalının da daxil olduğu Qafqaz Albaniyasının geniş ərazilərə, məhsuldar torpaqlara, zəngin yeraltı-yerüstü sərvətlərə malik olduğunu dəfələrlə qeyd etmişlər.
Eyni zamanda Seyran Vəliyevin “Qədim, qədim Azərbaycan” (Bakı, Gənclik, 1987) kitabında hələ bizim e.ə II əsrdə məşhur yunan səyyahı və coğrafiyaşünası Klavdiy Ptolomeyin xəritəsində Kür çayı, Böyük Qafqaz və Xəzər dənizinə qədər olan ərazidə Qafqaz Albaniyasının 28 yaşayış məntəqəsindən biri kimi qeyd olunan Samux, “Samonis” kimi göstərilir və Pompeyin qoşunlarının albanlarla Mingəçevir keçidindən əvvəl məhz bu ərazidə qarşılaşdığı bildirilir.
Hələ e.ə. II əsrdə fəaliyyətə başlamış “İpək yolu”nun Bozdağın Kürboyu ətəyi ilə Samuxdan şimala doğru hərəkət edildiyi və qədim dövrlərdə romalıların Şərq ilə əlaqə saxlamaları üçün məhz bu yoldan istifadə olunduğu da öyrənilib.
Görkəmli alim S.Qazıyevin rəhbərliyi ilə 1946-1953-cü illərdə Mingəçevir ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış 20 mindən yuxarı maddi-mədəniyyət nümunələri və qalıqlarının Azərbaycanın və Cənubi Qafqazın qədim dövr və orta əsrlərdə ictimai-iqtisadi və mədəni inkişaf tarixinin öyrənilməsində, xalqımızın qədim mədəniyyətə malik olmasının sübutunda danılmaz rolu olmuşdur. Həmin illərdə bu arxeoloji qazıntılar görkəmli tarixçi alimlərimiz R.Vahidov, İ.Nərimanov, sonrakı dövrdə isə A.Məmmədov tərəfindən çox da əhatəli olmamaqla Samuxda da aparılmışdır. Qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri, qədim Alban mədəniyyətini əks etdirən məbəd və qəbiristanlıqlar, ərazinin maraqlı və zəngin tarixi keçmişindən xəbər verir.
1949-cu ildə aparılmış arxeoloji qazıntılarda Səngər kəndində e.ə VII-V əsrlərdən başlamış orta əsrlər dövrünə aid yaşayış yeri, küp qəbirləri və s. tarixi nümunələr tapılmış (ASE, 7-ci cild, səh 389), uşaq çarpayılarının qədim növü-beşiyin izi olan ilk antropoloji material, XIV-XVII əsrlərə aid müsəlman qəbirlərində ilk dəfə Samuxda aşkar edilmişdir (ASE, 2-ci cild, səh. 131).
Üzərində V-VI əsrə aid alban heroqlifi olan kitabə-Mingəçevir-Sudağılan epitafiyası 1950-ci ildə Mingəçevir ərazisində aparılmış qazıntılar zamanı tapılıb.
Tədqiqatçı alim Ə.F.Qorqudun fikrincə Sudağılan, Qanıx (Alazan) və Qabırrı (İora) çayları Samux vadisində birləşərək Kür çayına töküldüyü yerdir. Belə ki, məhz bu ərazi Kürün ən çox öz məcrasından çıxaraq “dağıldığı” yer olub və “sudağılan” sözü də buradan yaranıb.
Tanınmış alim, arxeoloq R.M.Vahidova görə isə, antik dövrdən başlayaraq Kür çayı və Xəzər dənizi vasitəsilə ticarət yolu kimi istifadə edildiyindən bir çox qədim və orta əsr yaşayış yerləri Kür çayı boyunca yerləşmişdir. Hazırda xarabalıqları qalmış şəhər tipli “Şəhər burnu” yaşayış yeri də bu qəbildəndir. Kür çayının gəmiçilik üçün yararlı olması bu qədim yaşayış yerinin məhz həmin ərazidə təşəkkül tapmasına səbəb olmuşdur.
Mingəçevir arxeoloji ekspediyasının tədqiq etdiyi Samux vadisində Səngər, Alpout, Sarı Qaya, Sarı Şıx və s. kimi, eyni zamanda Qanıx çayının Kürlə birləşdiyi yerə yaxın Torpaq Qala adlı yaşayış məskənlərinin qalıqları aşkar edilmişdir.
Toplanılan maddi-mədəniyyət nümunələri əsasında müəyyən edilmişdir ki, bu yaşayış yerləri antik, ilk orta və orta əsrlərə aiddir. Onu da qeyd edim ki, keçmiş Samuxun köçürülməmiş və indi də mövcud olan yeddi kəndi, ələlxüsus da Qabırrı çayının sahilində Ceyrançöllə sərhəddə yerləşən Eldar zonasına aid kəndlərinin yerləşdiyi, eləcə də yeni Samuxun ərazisi də qədim yaşayış məskənlərindəndir. Qədim Samux ərazisində aşkar edilmiş və sonralar gətirilərək tərəfimdən Tarix muzeyinə təhvil verilmiş Cənub fillərinin qalıqlarının 600 min ildən yuxarı yaşı olduğu müəyyən edilmişdir.
Bəzi tədqiqatçıların əsərlərində Samux toponiminin alban sözü olub, “meşəlik”, “ov yeri” mənasını bildirdiyi əsaslandırılır. Digər məlumata görə, bu toponim dilimizə gəlmə söz olub, -sa(-üç), -mux(-ağac) deməkdir.
Üç çayın-Kür, Qanıx, Qabırrı çaylarının birləşdiyi yerdə üç ağac olub. Samux da öz adını üç ağacdan artmış meşədən və üç çayın birləşməsindən götürüb.
Ərazi ayrı-ayrı vaxtlarda Albaniyanın, Şəddadilərin, Atabəylərin hakimiyyətində, XVIII əsrin ortalarında isə Azərbaycanda yaranmış kiçik feodal dövlətlərdən biri olan Gəncə xanlığının tərkibində olub. Öz dövrünün işıqlı insanı, əsilzadə Şirin bəy Şahmalıyev Samuxa valilik edib.

-Bəs su altında qalan kəndlərin əhalisinin taleyi necə oldu?

-Müharibədən sonra hidroqovşağın tikintisinin bərpası barədə qərar verildi, 1945-ci ilin avqustunda Mingəçevirə ilk kiçik inşaatçılar dəstəsi gəldi.
21 noyabr 1946-cı ildə o zamankı respublika hökumətinin xüsusi qərarı ilə hidroqovşağın su altında qalacaq ərazisindən əhalinin intensiv köçürülməsi planlaşdırılmışdı. Çox təəccüblüdür ki, əhalinin Saatlı, Salyan rayonları ərazisinə köçürülməsi də nəzərdə tutulubmuş… Sonra rayon ağsaqqları ilə Bakıdakı görüşdən sonra M.C.Bağırov fikrindən daşınıb.
1948-ci ilin sonunadək bəndə yaxın (Öcək, Qaraqovaq, Mansırlı, Alıkəndi, Adabaşı, Miskinli və s.) kəndləri köçürülməli idi. Lakin əhalinin bir hissəsi o dövrdə köçürülüb tikintiyə cəlb edilsə də, heç də asan olmayan bu işə əsasən 1950-ci ildən başlanıldı və 1953-cü ilin sonunadək davam etdi. Onu da qeyd edim ki, bu iş heç də asanlıqla başa gəlməmişdir.
Heç kəs doğma yurd-yuvasını, ulularının, doğmalarının uyuduqları yeri tərk etmək istəmirdi. Hətta qarşısı kəsilmiş Kür suları lap yaxınlıqda olanda belə. Bəziləri yeni köçəcəkləri yerlərə dünyanın ən ağır yükünü-əzizlərinin qəbirlərindən götürdükləri qalıqları da aparırdılar. Baxmayaraq ki, buna ciddi yasaq qoyulmuşdu. Bəziləri 5-6 il keçməsinə baxmayaraq, hələ də müharibədən qayıtmamış ərinin, oğlunun, qardaşının və digər doğmalarının geri dönəcəyinə inanır və su altında qalmış kəndlərini tapmayacağından qəhərlənirdi…
Su altında məzarları qalmış və ya müharibədən qayıtmamış əzizlərinin də şəhər qəbiristanlıqlarındakı başdaşlarında ikinci şəkil kimi döydürülməsi əsasən bizim camaatla bağlıdır.
Əhali Mingəçevir, Xaldan və ətraf kəndlərə, Səfərəliyev (indiki Samux), Qasım İsmayılov (indiki Goranboy), Yevlax, Bərdə rayonlarının ərazisinə köçürüldü. Fərdi qaydada isə Gəncə və Şəkiyə, Qaxa, eləcə də az sayda olsa da Bakıya və respublikanın digər rayon və şəhərlərinə köç etdilər…
Bəzi yerlərdə Samux bulaqlarını artezian suları, Samux qızlarının güyümlərini plastik vedrələr əvəz etdi. İllər keçdi, bəzilərindən eşitdikləri “gəlmə”lər sözünə son qoyuldu, qaynadılar, qarışdılar…
Onu da qeyd edimki Mingəçevir 1954-cü ilə qədər Xaldan rayonunun tabeçiliyində olub. Odur ki, camaata verilmiş \”Köçmə bilet\”ində Mingəçevir yox, yalnız Xaldan rayonu qeyd olunurdu. Bu istiqamətdə köçürülən kəndlərdən Tomullu Tanrıqullara, Yusifli Salahlı və Balçılıya, Sarıqaya Havarlıya, Yelləngüc Xanabada, Səngər Xaldana köçürüldü. Öcək kəndi əsasən Mingəçevir kəndi ətrafına, Mansırlı, Qaraqovaq və digər köçürüldükləri yerlərdə qalmayıb. Mingəçevirə gələnlər isə şəhərin müxtəlif yerlərində və əsasən Nar kolluğu küçəsi ilə Şıx Abdal ziyarətgahı və hazırki \”Güllü bağ\”ı əhatə edən ərazidə geceqondular tikib yaşamağa başladılar. Yalnız müəllim, həkim, mühəndislərə və SES tikintisində çalışan azuşaqlı ailələrə baraklarda və \”finski\”lərdə mənzil və otaq verirdilər ki, bu da elə çoxluq təşkil etmirdi. Sonradan ev tikmək üçün torpaq sahələri ayrıldı, ətraf kəndlərə və yaxın rayonlara köçürülənlərin də əksəriyyəti burada işlədiklərindən Mingəçevirə köçdülər.

-Bayram müəllim, Azərbaycan təbiətinin vurğunu olan ölməz şairimiz Səməd Vurğunun “Samux özünü tək Mingəçevirə yox, Azərbaycana qurban verdi” deyiminin tarixcəsi ilə bağlı məlumatınız varmı?

-Samuxun əsrarəngiz təbiəti görkəmli şairimiz Səməd Vurğunu valeh edərmiş. O, azərbaycanlı qələm dostları ilə yanaşı, A.Fadayev, K.Tixonov və digər tanınmış yazıçı və şairlərlə Samux meşələrində tez-tez ovda olarmış. 29 may 1955-ci ildə Yuxarı Qarabağ kanalının açılışındakı çıxışında: “Samux özünü tək Mingəçevirə yox, Azərbaycana qurban verdi” -deyir. Sonra gürcü şair dostu ilə SES tikintisinə baş çəkən böyük şair qarşısına bənd çəkilmiş Kürün artıq dəryaya çevrildiyini görüb, fikrə dalır və bu kədərli mənzərəni xeyli seyr edir. Bu, Səməd Vurğunun Mingəçevir və Samuxla son vida görüşü olur.

-Başqa şair və yazıçılardan Samuxda kimlər olub? Onun vəsfinə dair əsərlər varmı?

-Görkəmli Azərbaycan yazıçısı Süleyman Rəhimov Samux rayonunda birinci katib işləyib və “Saçlı” romanının əsas personajları orada tanıdığı insanlar olub. Samux barədə daha çox əsərlərin- “Su altında illər”, “Samux əfsanəsi”, habelə digər povest və hekayələrin müəllifi olmuş Əhməd Mirzəcəfərlidir. Onun “Qəndil xalanın hekayəti” (“Müddəalar”) povesti bir çox xarici dillərə tərcümə edilmişdir. Hamımızın yaxşı tanıdığı, Əməkdar jurnalist, ləyaqətli insane, şəhərdə gənc jurnalistlərin yetişməsində müstəsna xidməti olmuş Fidail Abdullayevin “Nur şəhəri” kitabında Samuxa dair çox oxunaqlı hekayələr toplanıb.
Bununla yanaşı sevimli şairlərimiz Fikrət Qocanın “Dəniz altındakı xatirələr” povestini, Sabir Rüstəmxanlının “Mingəçevir dənizi ilə söhbət”, həmçinin İsmayıl İmanzadənin “Mavi xatirədir Samux”, Seyidməmməd Samuxlunun, İsmayıl Yusiflinin, Valeh Eloğlunun və s. Samuxu layiqincə vəsf edən şeirlərini göstərmək olar.
Mərhum şairimiz Cabir Novruz “Dəryaları yavaş-yavaş quruyan dünyam” şeirinin epiqrafında qeyd etmişdir: “Su altında qalan qədim meşə, su üstündə görünən o heykəl ağaclar məni bu şeiri yazmağa vadar etdi\”.
\”…Mingəçevir dənizində gördüm onları,
Ayaq üstə həlak olan qəhrəmanları…”
S.Rüstəmxanlının “Mingəçevir dənizi ilə söhbət” adlı şeiri yurdumuzun bir parçası olan Samuxun da tarixinin yetişməkdə olan gənc nəslə öyrədilməsində xüsusilə önəmlidir. Şeirdə deyildiyi kimi:
“…Hamı elə biləcək üfüqdən üfüqəcən
Köksünü açan dəniz
Olub min il öncə də!…”
Elmi baxımdan isə 1949-cu ildə ASEA Tarix İnstitutu tərəfindən görkəmli alimlərimiz Q.Aslanov, R.Vahidov və V.İonenin müəllifliyi ilə buraxılmış “Qədim Mingəçevir” (erneolit və tunc dövrü), habelə t.e.d. Arif Məmmədovun “Samux mahalının tarixi-arxeoloji tədqiqinə dair” (Bakı-2000-ci il) kitabları Samuxun qədim tarixinin, vadinin flora-faunasının öyrənilməsində əvəzsiz əhəmiyyət kəsb edir.

-Sizin Samuxun, bu torpağın yetirdiyi el qəhrəmanı qaçaq Məmmədqasımın adının yaşaması və hələ sovet dönəmində şəhərimizdə Samuxun adına küçə verilməsi üçün həyata keçirdiyiniz işlərdən, uzaq-uzaq səfərlərinizdən və bu istiqamətdə əlavə görülmüş işlərdən danışardınız.

-1988-ci ilin oktyabrında Mingəçevirin 40 illiyi ərəfəsində mənim yerli qəzetdə şəhərimizin tarixi, onun toponomikası, Samuxun köçürülməsi ilə bağlı \”Həmişə qədim, cavan Mingəçevir\” sərlövhəli geniş yazım çıxdı. Məqalənin sonunda Samuxun adına küçə verilməsinin vacibliyini qeyd etdim. Bu təklif müsbət qarşılandı və əsasən samuxlular yaşayan Kənar küçəsinə Samuxun adı verildi.
Yeri gəlmişkən, giley-güzar kimi səslənməsin, artıq bu küçə də “şəhər statusu” aldı. Həmin küçədə və oradan keçən magistral yolda geniş təmir və abadlıq işlərinə başlanıb. Neçə illər idi ki, bu küçəni Kürün sol sahilindəki karxanadan Sağ sahildəki dəmiryol xəttinə qum-çınqıl daşıyan maşınlar bərbad vəziyyətə qoyurdu. Özünü İşığa qurban verən Samuxun adını daşıyan küçədə bir ədəd də olsun, işıq lampası asılmayıb, səkilərdən isə söhbət gedə bilməz. Bu magistral yol Nəqliyyat Nazirliyinin balansında olsa da, burada yaşayanların tam hüquqlu şəhər sakinləri olduqları elə bil unudulmuşdu. Və elə bilməyin ki, mən bu söhbəti yalnız indi edirəm…Hazırda burada aparılan işlər ümid verir ki, bu küçə də şəhərimizin digər abad küçələrindən biri kimi olacaqdır.
Məlumdur ki, hər bir elin-obanın şan-şöhrəti dəyərli övladlarının adı ilə bağlıdır. Bu torpağın yetirməsi bolşevik rejiminə baş əyməmiş, çar və müsavat ordusunun əsgəri, el qəhrəmanı qaçaq Məmmədqasım Gəncədə ADR-nın süqutundan sonra, 1920-32-ci illər arası öz silahdaşlarını başına yığaraq Qızıl ordu əsgərlərinə qarşı azadlıq mücadiləsi aparmış və sonda qüvvələri tükəndiyindən Türkiyəyə keçmişdir. Onun qəhrəmanlıqlarla dolu keşməkeşli həyatını geniş ictimaiyyətə çatdırmaq üçün 1997-ci ildə İstanbula üz tutub qardaşı Əsəd bəylə görüşdüm. Sonra isə 1000 km yaxın məsafədə yerləşən Elazığ şəhərində nəvəsi ilə birgə məzarını ziyarət etdim və dünyada heç nə ilə əvəzlənməyən Qanıx çayı sahilindən götürdüyüm Vətən torpağını Məmmədqasımın, silahdaşları olmuş həmyerlilərim Piri və Fidayıl qardaşlarının qəbri üstünə səpib ruhlarını şad etdim. Ailəsi, nəvəsi Şuay Alpayla tanış oldum. Az Tv -də bu səfərə dair hazırlanmış veriliş maraqla qarşılandı.
2006-cı ilin avqustunda Məmmədqasımım oğlu Ələslə görüşmək istəyi ilə yenidən Türkiyəyə getdim, lakin onunla görüşmək mənə nəsib olmadı. İstanbuldan Moskvaya, ordan da Bişkekə uçub, Qazaxıstana yollandım. Dözülməz isti səhrada yerləşən Çimkənd vilayətinin Sozak kəndində və Cambulun Çu rayonunda bilavasitə 1937-ci ildə sürgünlərin saldığı \”Yeni yol\” kəndində Məmmədqasımın doğmalarının məzarlarını ziyarət edib lentə aldım. Bütün toplanmış materiallar 2006-cı ildə buraxılmış \”Samuxlu qaşaq Məmmədqasım\” kitabında öz əksini tapdı. Məhz bunlar Elazığda vəkil işləyən Şuay Alpayın sonralar Türkiyə Böyük Millət Məclisinə seçilməsinə və 4 azəri millət vəkilindən biri kimi çalışmasına təkan verdi. Bütün bunları bir övladlıq borcu bilərək bu kitabda həmmüəllif kimi göstərilməyimi istəmədim.
Ən əsası isə 2003-cü ildə topladığım arxiv materialları ilə şəhər Məhkəməsinə müraciətim əsasında, 50 ildən çox köç zamanı itdiyindən sonradan alınmış sənəddə səhvən Xaldan rayonunun Havarlı kəndi kimi göstərilmiş doğum yerimin Samux rayonunun Mansırlı kəndi kimi yazılmasına nail oldum. Bu mənim Samuxa sədaqətimin, sevgimin təntənəsi idi.
Samuxla bağlı ölkə rəhbərliyi səviyyəsində həyata keçirilmiş tədbirlərdən danışmaq istərdim. 1959-cu ildə inqilabçı Xanların soyadını daşıyan Səfərəliyev rayonu ləğv edildi və Xanlar rayonunun tərkibinə verildi. 1992-ci ilin fevralın 18-də isə Milli Məclisin qərarı ilə Samux rayonu yenidən bərpa edildi, mərkəzi Nəbiağalı qəsəbəsi oldu. Buraxılmış müxtəlif xəritələrdə, atlaslarda Samux rayonu küncdə 10 nömrə altında göstərilirdi. Bəzi xəritələrdə, o cümlədən \”Azərbaycanın avtomobil yolları\” xəritəsində heç rəqəmlə də verilməmişdi.
13 iyun 2008-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Samux rayon mərkəzinin Samux şəhəri adlandırılması barədə Fərman imzalaması harada yaşamasından asılı olmayaraq bütün samuxluların hədsiz sevincinə, tarixi ədalətin bərpasına səbəb oldu. Ölkə başçımız bölgələrə səfərləri zamanı Samuxda da olarkən ümumən rayonun, Samux şəhərinin inkişafını yüksək qiymətləndirmişdir. Bir sözlə, Samux yaşayır, günbəgün gözəlləşir, abadlaşır. Bu, məni də hədsiz sevindirir.

-Bayram müəllim, nəyi udduq, nəyi uduzduq? Çəkiyə qoymaq olarmı?

-Udduğumuz tək Azərbaycanın yox, cəmi Qafqazın energetika flaqmanı, minlərlə ailənin tale arzularının qanad açdığı, pərvazlandığı səadət ünvanına çevrilmiş, yaxşıya-yaxşılığa qiymət verməyi bacaran insanları kimi, öz təkrarsız gözəlliyi, təmizliyi ilə seçilən, Samux vadisi adlı ananın köksündə yaradılmış dəryasından Mil, Muğan, Qarabağ düzlərinə həyat verən, ümumiyyətlə, ölkəmizin tərəqqisində müstəsna yeri və insanlarının xidməti olan, işıq-xoşbəxtlik rəmzi – Mingəçevirdir!
Mingəçevir şəhərlər şəhəridir! Mingəçevir onu sevənlərin və sevdirənlərin şəhəridir. Və hər birimiz özünə sual etməlidir: mənim bu sırada yerim neçəncidir?!
O ki, qaldı sualınızın ikinci hissəsinə, nə qədər ağrılı da olsa, böyük işlərin görülməsi heç vaxt qurbansız ötüşməyib. Samux mənim üçün seçilməsi mümkün olmayan bir məkandır. Su altında qalmış qədim Oğuz yurdu – Samux, əski tariximizin yeni-yeni səhifələrinin yazılmasına nə qədər töhfələr verərdi. Samux vadisinin yoxluğu ümumən ərazinin iqliminə, təbiətinə güclü təsir etdi. Min illərdən bəri yaranmış təbii sərvətlərə son qoyuldu. Bununla yanaşı, Samuxun özünü qurban verməsində bir yaxşılıq var. Bir müdrikin sözləri ilə desək: “hər şeydə yaxşılıq ara-tapsan da, tapmasan da-dünyanın işığını yalnız bu yolla artırmaq olar”.
Samux da Azərbaycanımızın işığını artırmaq üçün özünü qurban verdi. Təki itirdiklərimiz xalqımızın xeyri naminə olsun! Bununla yanaşı, mətbu orqanlarda əvvəllər də qeyd etdiyim kimi, Samux vadisində yaradılmış su anbarı onun adıyla adlandırılsaydı, daha düzgün və ədalətli olardı. Bu, Samuxun haqqı idi.
Bir əlavəmi də xüsusi qeyd etmək istərdim. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları ölkəmizin meliorasiya sistemində, dənizin suyunun nizamlanmasında unikal qurğular olmaqla, həyat çeşmələridir. Ancaq tikintinin smetasında nəzərdə tutulmasına baxmayaraq, bu kanallar o dövrdə müxtəlif bəhanələrlə beton örtüyə alınmadı. Bununla da Azərbaycanın minlərlə hektar yararlı torpaq sahələri məhvərindən çıxdı və şoranlaşmaya məruz qaldı. Mənə belə gəlir ki, bütün bunlarda türk – müsəlman görəndə başına qara daş düşən \”ellər atası\”nın barmağı olub.
Ötən dövrlərdə bu torpaqların şoranlaşmadan azad edilməsi üçün drenaj kanalların çəkilməsinə milyardlarla vəsait sərf edildi. Bu nəhəng tikinti “xalqımızın böyük qayğıkeşi”, o vaxtki SSRİ rəhbəri İ.V.Stalinin daim nəzarətində olub və o, tikintinin gedişi barədə vaxtaşırı məlumatlandırılıb. Odur ki, burada hər hansı bir təsadüfdən, vəsait çatışmazlığından söhbət gedə bilməzdi.
Xalqımız ən ağır illərdə də öz alın təriylə qazandığı halal çörəyini yeyib. Heç kəsin təknəsinə göz tikməyib. Bakının “qara qızıl”ı hara axırdı?.. Öz varımızdan özümüzə qıymadılar.
Bu gün müstəqil Azərbaycan ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə nəhəng proqramların, layihələrin həyata keçirildiyi ünvana çevrilib. Ölkəmiz, o cümlədən doğma şəhərimiz dinamik inkişafdadır. Bu tərəqqi ilə qeyd olunan məsələni də müasir tələblərə uyğun həll edəcəyimizə və xüsusilə Qarabağımızı düşmən tapdağından azad edərək, gülzara çevirəcəyimizə hər birimiz əminik.

-Samuxa olan sevginiz Mingəçevirə olan sevginizə kölgə salmır ki?

-Tam səmimiyyətlə deyirəm. Əzəli nisgilim olan Samux mənim ana laylam, könül tacımdırsa, Mingəçevir bütün arzularımın beşiyi və qalasıdır. Mənim uşaqlığım, gənclik illərim, ümumiyyətlə, bütün həyatım bu doğma şəhərlə bağlıdır. Harada oluramsa olum, qoynunda boya-başa çatdığım və həmyaşıdı olduğum bu ecazkar şəhər məni bir ahənrüba kimi özünə çəkir. Həmişə onu sevdiyim qədər də sevdirməyə çalışmışam. Özü də tək respublikamızda yox…
Mingəçevir talelər şəhəridir. O, minlərlə sadə, zəhmətsevər, halallığı zənginliyindən üstün olan, böyük-kiçik ehtiramını uca tutan insanların şəhəridir. Taleyinə Azərbaycanımızın nur çeşməsi olmaq kimi şərəfli bir ömür payı düşmüş Mingəçevirin insanları da nurludur. Samuxa və Mingəçevirə olan tükənməz sevgim, fəxarətim Azərbaycana olan sevgimin təməl daşıdır.

Şərhlər bağlıdır.